Olimpiya çempionumuz cəzalandırıldı

Olimpiya çempionumuz cəzalandırıldı
  09 Fevral 2015    Oxunub:2669
Azərbaycanın sərbəst güləş üzrə olimpiya çempionu Toğrul Əsgərovla bağlı tədbir görülüb.
AzVision.az xəbər verir ki, bu barədə "Report"a milli komandanın böyük məşqçisi Firdovsi Umudov məlumat verib.

Onun sözlərinə görə, yığmanın bugünkü məşqindən öncə keçirilən iclasda nizam-intizamın gücləndirilməsinin vacibliyi vurğulanıb. T.Əsgərova Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pri turniri zamanı zədəsini səbəb göstərərək, yarışa çıxmaqdan imtinası ilə əlaqədar xəbərdarlıq edilib.

2012-ci il London Yay Olimpiya Oyunlarının qalibinə Azərbaycan Güləş Federasiyasının daxili nizam-intizam qaydaları çərçivəsində cəza kəsilib. Lakin F.Umudov konkret cəzanı açıqlamayıb: "Toğrul bildirdi ki, əvvəlki zədəsini Fransadakı yarış zamanı təkrarlanmasından ehtiyatlandığı üçün təsəlliverici görüşə çıxmaq istəməyib. O, məşqlərə daha ciddi yanaşacağını və yenidən olimpiya çempionu olmaq üçün əlindən gələni edəcəyini dedi. Cəzanı isə açıqlamaq istəməzdim. Son olaylardan vicdan əzabı keçirməsi onun ən böyük cəzası sayıla bilər".

Təcrübəli mütəxəssis hazırda yığmanın təlim-məşq toplanışında olan T.Əsgərovun 5 - 7 martda Belarusun paytaxtı Minskdə üçqat olimpiya çempionu Aleksandr Medvedin şərəfinə beynəlxalq turnirdə də sınaqdan çıxarılacağını açıqlayıb: "Bizə onun daha çox güləşməsi və formaya düşmək üçün təcrübə toplaması lazımdır. Ona görə də Toğrulu Minskdəki turnirə də aparacağıq".

Qeyd edək ki, Toğrul Əsgərov 31 yanvar - 1 fevralda Fransanın paytaxtı Parisdə keçirilmiş Qran Pridə 70 kq çəki dərəcəsində təsəlliverici görüşə çıxmaqdan imtina edib. O, ayağının ağrıdığını səbəb göstərərək, digər azərbaycanlı güləşçi Ruslan Dibirhacıyevlə qarşılaşmaq istəməyib.


Teqlər:





Xəbər lenti