Bakı vağzalında yenilik

Bakı vağzalında yenilik
  09 Fevral 2015    Oxunub:1947
Bakı və Sumqayıt sərnişin stansiyalarında, eyni zamanda, Gəncə vağzalında səsli məlumatların yayılması üçün hazırlıq işləri görülüb. Birinci Avropa Oyunlarının keçiriləcəyi müddətdə həmin məlumatların Azərbaycan, rus və ingilis dillərində səsləndirilməsi təmin olunacaq.
"Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Qurban Nəzirov iyunda keçirilməsi planlaşdırılan Avropa Oyunları ilə bağlı hazırlıq işlərindən danışarkən qeyd edib.

"Bakı sərnişin stansiyasında rəsmi nümayəndələr zalına ingilis və rus dillərində tərcüməçi işə götürülüb. Vaqon bələdçiləri və bilet kassirləri yeni xüsusi geyim formaları ilə təmin olunacaqlar"- deyə, o bildirib.

Sədr müavini turistlərin dəmir yolu biletini daha asan əldə etmələri üçün elektron bilet satışı xidmətlərinin genişləndirilməsi ilə bağlı həyata keçirilən məsələlərə də toxundu:

"Ölkə ərazisində bilet satışı kassalarda tam kompüterləşdirilib, sərnişinlərin rahat və maneəsiz bilet əldə etmələri üçün bütün lazımi tədbirlər görülüb. "Qaynar xətt" şəbəkəsi yaradılıb, elektron ünvanlar müəyyən edilib. Eyni zamanda, sərnişin təsərrüfatına aid bütün məlumatlar saytda yerləşdirilib".

Qurban Nəzirovun sözlərinə görə, Avropa Oyunları ilə əlaqədar Bakı sərnişin stansiyasının kassalarında post terminal aparatlar quraşdırılıb, digər bilet kassalarında da analoji işlər aparılır:

"Bundan başqa, Bakı sərnişin stansiyasının kassalarında post terminal aparatları da quraşdırılıb. Digər bilet kassalarında da post terminal aparatlarının quraşdırılması istiqamətində işlər aparılır. Bakı sərnişin stansiyasında və digər bilet satışı aparan kassalarda respublika daxili bilet satışının hər iki istiqamətə (gediş və gəliş), 2 nömrəli bilet kassasında isə Rusiya və Ukrayna dövlətlərinin ərazisində hərəkət edən sərnişin qatarlarına və geriyə bilet satışının təşkili təmin olunub".

AzərTac



Teqlər:





Xəbər lenti