“Arif Hacılını Müsavatdan qovacağıq” - Müsahibə

“Arif Hacılını Müsavatdan qovacağıq” - Müsahibə
  09 Fevral 2015    Oxunub:7942
“Onun etdiyi siyasi dələduzluq, insanların etibarından sui-istifadə etməkdir”
Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının növbəti toplantısında Ağdam rayon təşkilatının üzvü Əlövsət Sadıqlının fəaliyyəti müzakirə edilib. Qərara əsasən Ə.Sadıqlı partiya sıralarından xaric edilib.

Ə.Sadıqlı AzVision.az-a müsahibəsində partiyadan çıxarılması və eləcə də Arif Hacılı ilə müəyyən məqamlara toxunub.

- MNTK-nın qərarı ilə partiyadan xaric edilmisiniz və nizamnaməni pozmaqda ittiham olunursunuz. Bu qərarla bağlı fikirlərinizi eşitmək istəyirik.

-Müsavat Partiyasının VIII qurultayına hazırlıq və keçirilməsi üzrə təşkilat komitəsinin fəaliyyəti nəticəsində kifayət qədər seçkilərin hazırlığında və birbaşa seçki ilə bağlı olan digər məsələlərdə müəyyən saxtakarlıq hallarına yol verilib. Bir misal deyim: Arif Hacılının rəhbərlik etdiyi icra Aparatının nümayəndələri tərəfindən müəyyənləşdirilmiş insanlara əlavə, qeyri-qanuni mandatlar verilib və onlar səs verməyə buraxılıb. Arif Hacılının xeyrinə seçki təşkil olunub. Arif Hacılı 225 səslə seçkidən qalib çıxa bilmirdi. Qurultayda iştirak edənlərin sayından asılı olaraq 226 səslə keçə bilərdi. Qurultay isə Arif Hacılının 228 səslə başqan seçilməsi barədə qərar qəbul etdi.

- Qeyd etdiniz ki, bir neçə nəfərə qeyri-qanuni mandat verilib. Qanuni prosedur necə olmalı idi?

- Qurultayda iştirak üçün mandatı verməyə ixtiyarı olan yeganə orqan rayon, şəhər təşkilatlarının konfranslardıır. Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin belə mandat verməyə ixtiyarı yoxdur. Çünki Nizamnamə bunu qəti şəkildə qadağan edir. Hətta qurultay da bu məsələyə qarışa bilməz. Amma buna baxmayaraq İsa Qəmbərin rəhbərliyi altında olan və Arif Hacılının icra strurkturlarının nümayəndələri, onların tərəfdarlarından ibarət bir qrup qurultaya hazlırlıq komitəsini təşkil edirdi. Digərləri də var idi, amma onlar azlıqda idi. Təşkilat komitəsi isə bu çoxluqdan istifadə edib, qeyri-qanuni qərarlar qəbul edirdi və bu qərarlardan biri də 9 nəfərə əlavə, qeyri-qanuni mandat verilməsi idi. Bircə bu faktın özü əsas verir ki, Arif Hacılının legitimliyi şübhə altına alınsın.

- Müşahidə etdiyiniz bu nizamnamə pozuntuları ilə bağlı hansı işləri gördünüz? Etirazlarınızı kimlərə bildirdiniz?

- Mən dəfələrlə mətbuat və sosial şəbəkələr vasitəsilə rəsmi müraciət etmişəm və bildirmişəm ki, bu, şübhəlidir, artıq ictimailəşib və Müsavatın imicinə xələl gəlməməsi üçün bu məsələ araşdırılmalıdır. Əgər o 9 nəfər Arif Hacılıya səs verməsəydi onda lazımi keçid səs toplanmayacaqdı və o, başqan seçilməyəcəkdi.

Qeyd etdiyim 9 nəfərdən əlavə daha 3 nəfərə də saxta mandat verilmişdi. Bir sözlə, ümumilikdə 12 nəfər qurultayda iştirak üçün qeyri-legitim mandat alıb. Yəni, qurultaya qədər artıq qanun pozuntuları qeydə alınmışdı.

- Qurultay zamanı da hansısa pozuntular qeydə alınmışdı?

- Bəli, partiyanın strukturlarını, xüsusən də Məclis üzvlərini və MNTK üzvlərini seçmək qurultayın müstəsna səlahiyyətidir. Nizamnaməyə görə bu səlahiyyət heç kimə verilə bilməz. Yalnız qurultay bu səlahiyyətin bir hissəsini Məclisə həvalə edə bilər. Lakin sentyabrın 27-i günü qurultay öz işini yekunlaşdıra bilmədi, qərarlaşdırıldı ki, səhəri gün partiyanın qərargahında davam etdirilsin, amma səhəri gün yetərsay toplanmadı deyə qurultayın davamı baş tutmadı. Qurultay yarımçıq qaldığı halda Müsavat Məclisi öz yanından sərbəst Məclis üzvləri və MNTK-nı seçməyə başladı. Halbuki qurultay öz işini Məclisə həvalə etməmişdi, ona görə də Məclis üzvləri də, MNTK da Məclis üzvlərindən seçilmiş Divan da legitim deyil.

Dəfələrlə mətbuat vasitəsilə bu seçki pozuntularının aradan qaldırılması tələbi ilə çıxış etmişəm. Buna görə də həmişə mənə iqtidarın adamı adı verilib. Bu istiqamətdə tənqidlərimi səsləndirənə qədər heç kim mənə belə münasibət göstərməyib. Məsələ bundadır ki, seçkilərlə bağlı təkidli tələblərim sosial şəbəkələr vasitəsilə meydana çıxandan sonra, mənə deyirlər ki, iqtidar tərəfindən idarə olunuram.

- Qurultayın nəticələrini tənqid edən çox adam iqtidara işləməkdə günahlandırılırdı...

- Kim qanunvericiliyə, nizamnəməyə əməl etməyi tələb edirsə, həmin adamlara bu sözü deyirlər. Bu adamlar Müsavatçılığın təməl prinsiplərindən kənar adamlardır, ona görə də onları qeyri-qanuni hesab edirəm.

- MNTK-nın sizə bağlı qərarı necə qəbul edildi?

- Özünü MNTK adlandıran qurum məni dəvət etdi ki, səsləndiridiyim fikirləri, tələbləri müzakirə edək. İstəyirdilər ki, onlara faktlar göstərim və bu ittihamlar səslənməsin. Bildirdim ki, mən də bunların səslənməsinin tərəfdarı deyiləm, amma tənqid ondan ötrüdür ki, göstərilən mənfi hallar aradan qaldırılsın. Onların dəvəti ilə razılaşdım və bildirdim ki, bir şərtlə gələrəm. Mən aydınlaşdırma prosesində iştirak edəcəm, amma paralel olaraq videoçəkilişdən istfiadə ediləcək və müşahidəçilər olacaq, çünki mənim sizə etibarım yoxdur. Onlar da bu şərtlə razılaşdı və dedilər ki, heç bir problem yoxdur, təki siz gəlin. Mən gedəndən iki dəqiqə sonra biri dedi ki, mənim ərim qoymur, o biri dedi ki, qardaşım qoymur videoya çəkilməyə və s. Belə anormal arqumentlər gətirdilər və icazə vermədiklərini dedilər. İki nəfər müşahidəçinin iclasda iştirak etməyinə və audi yazı ola biləcəyini dedilər, audio yazı isə qanunvericilikdə fakt kimi qəbul olunmur. Mən iclası tərk edəndən sonra partiyadan xaric edilməyim barədə qərar qəbul etdilər. Mən orada olduğum müddətdə isə partiya məsuliyyətim barədə heç bir müzakirə olmadı. Bu, siyasi dələduzluq, insanların etibarından sui-istfiadə etmədir.

Mən Müsavat Partiyasının Ağdam rayon təşkilatının konfransa hazırlıq ürə təşkilat komitəsinin sədriyəm, işimizi də davam etdirəcəyik. Konfransa hazırlıq işi başa çatandan sonra isə Müsavat üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. Çünki onların heç birinin qərarı legitim deyil. Biz də qeyri-legitim MNTK yaradıb, Arif Hacılı başda olmaqla Divan və MNTK üzvlərini partiyadan xaric edəcəyik, qovacağıq. Çünki onlar da eynilə bunu edir.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti