`Gənclər kitaba meyilli olmalıdır` - Qənirə Paşayeva
`Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir` deyən millət vəkili Qənirə Paşayeva inkişafın yolunun kitabdan, oxumaqdan, öyrənməkdən keçdiyini deyib və bildirib ki, artıq 10-a yaxın kənddə kitablarının təqdimat və imzalanmasının keçirilməsindən böyük məmnunluq duyur. Tovuz rayon icra hakimiyyəti başçısının və rayon ictimaiyyətinin iştirakı ilə bir neçə gün əvvəl keçirilmiş hesabat toplantısında da rayon rəhbərliyinə və iş adamlarına üz tutaraq kitab evlərinin, dükanlarının rayonda açılmasına böyük ehtiyac olduğunu söylədiyini deyən millət vəkili bildirib ki, rayonda və kəndlərdə ziyalılarla, yazarlarla, şairlərlə görüşlərin keçirilməsi bölgələrdə gənclər arasında kitab oxumağa meylin artırılması istiqamətidə müsbət addım olardı.
`Oxumaq, öyrənmək ən böyük zənginlikdir`,- deyən millət vəkili Qənirə Paşayeva gəncləri çoxlu kitab oxumağa çağırıb. O, Tovuzda bu istiqamətdə tədbirlərin artmasına bundan sonra da əlindən gələn dəstəyi əsirgəməyəcəyini deyərək, müəllifi olduğu kitablar barədə geniş məlumat verib, sualları cavablandırıb və müəllifi olduğum kitablar "sizin xoşuna gələrsə, bundan məmnun qalaram" - deyib.
Millət vəkili Qənirə Paşayeva bütün rayon ziyalılarını gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik”.
Teqlər: