Namus damğası, yaxud erkəklə kişinin fərqi
“Evlənmədim, çünki buna ehtiyacım yoxdur. Evimdə bir kişini əvəz edəcək üç heyvanım var: səhərlər hürən itim, günortalar dayanmadan söyüş söyən tutuquşum və axşamlar evə gec gələn pişiyim”.
Meri Korelli
Son illər az qala hər səhəri bir ailə cinayəti ilə açırıq. Demək olar ki, hər gün “Ər arvadının başını kəsdi”, “Ər arvadını bıçaqladı”, “Oğul anasını öldürdü”, “Qardaş bacısını qətlə yetirdi” xəbərlərini oxuyuruq mediada. Qadınlar xəyanət edir, qadınlar öldürülür. Qadınlar öldürülür, bəlkə də xəyanət etmədən...
İllər boyu belə olub; həbsxanada da, cəmiyyətdə də “namus cinayətkarları”na böyük hörmət göstərilib. Bu səbəbdən arvadından bezən bəziləri də qadınının üzərinə “namussuz” damğası basıb, qətlə yetirir. Nə qədər asan səslənir, deyilmi? Sanki öldürdükləri adam yox, heyvandır...
Mahiyyətdən və törətdiyi faciədən sonra bu iddia ilə heç nə olmasa da, “hörmətli” olacağını düşünən bu kişilər (?!) bir həyatı yarımçıq, uşaqları yetim qoyduqlarının fərqinə varmırlar.
Mən Bakı kəndlərinin birində böyümüşəm. “Namus” un, əxlaqın “iki ayaq arasında” olduğunu düşünənlər də az olmayıb ətrafımızda. Neçə qardaşın bacısını öldürdüyünə də şahid olmuşam. Neçə bacının üstündən “namussuz” damğasını götürmək üçün intihar etməsini də görmüşəm.
Hardasa 15 ilin söhbətidir. Uşaq idim onda. Bir gün səhər dedilər ki, Maralı (adlar şərtidir) qardaşı öldürüb. Bacısının əxlaqsızlıq etdiyini öyrənən qardaşı Rusiyadan Bakıya gəlib və qızı qətlə yetirib. O qardaşın burada ailəsi də var idi. Etibar öz qızını və oğlunu arvadının öhdəsinə buraxıb, Rusiyaya guya işləmək, pul qazanmaq məqsədilə getmişdi.
Onu həbs etdilər. Arvad-uşağı da ortada - başsız qaldı. Atası həbsdə olanda qızı birinə qoşulub qaçdı. Sonra hamilə vəziyyətdə atası evinə qayıdıb, məşhur peşənin ən öndə gedən nümayəndəsinə çevrildi! Etibarın oğlu da “kişi ” ola bilmədi. Onu kənd qəbirstanlığında zorlamışdılar! Görünür, bu təcavüz oğlanın xoşuna gəlmişdi ki, sonra özü bu işi pulla sevə-sevə görürdü.
Etibar həbsdə əlavə bir qalmaqala qarışdığı üçün cəza müddətini də artırmışdılar. Arvadı isə kənddə olan söz-söhbətə dözə bilmədiyi üçün evini satıb, köçdü. Amma heç kəs Maralın əxlaqsız olduğunu demirdi, kimsə onun haqqında pis danışmırdı. Bircə onun müasir düşüncəli, oxumağa, işləməyə can atan biri olduğu deyilirdi...
Nə isə, çox da mətləbdən uzaqlaşmayım. Bəlkə də öldürülən qadınlarda da günah payı var. Təhsilli olmaq, işləmək, yaxşı yaşamağı arzulamaq bəlkə də “günah” sayılır. Bəlkə də kişilər qadınların tələbatını ödəməyi bacarmadıqlarını etiraf etməkdən çəkindikləri üçün bu addımı atırlar. Bunları dəqiq bilmirəm. Bircə onu bilirəm ki, ailəsində sıxılmayan, əzilməyən, istəklərinə hörmət qoyulan hər bir qadın ərinə də, qardaşına da, atasına da hörmət edib, ona olan etibarı, güvəni doğrultmağa çalışır.
O ailədə ki, qadına hörmət qoyulmur, onunla əşya kimi davranılır, qadın öz hüququnu müdafiə etməyə qalxır. Qalxır, amma “namussuz”, “əxlaqsız” damğası vurularaq öldürülür və ya intihara məcbur edilir.
Bir çox kişilər unudur ki, əksər qadınlar öz namusunu atasına, qardaşına , ərinə, oğluna görə qorumur. Amma qadın sizə xələl gətirəcək nəsə edirsə, bunun əsas səbəbkarı da sizsiniz. Sizə xəyanət edilir - günahkar sizsiniz. Proseslər əlinizə bıçaq, balta, dəhrə almaq mərhələsinə gəlməzdən öncə ailədəki münasibətlərinizi, davranışlarınızı, səhvlərinizi gözdən keçirin. Düşünün, siz qadınınızı bir kişi kimi təmin edə bilirsinizmi? Heç nə olmasa da mənəvi cəhətdən onun istəklərini tam ödəyə bilirsinizmi? Bu sualların cavabını siz özünüz o qədər yaxşı bilirsiniz ki...
Və bunları bacarmırsınızsa, boşanın. Qadın sizin heç də əbədi özəlləşdirdiyiniz malınız deyil. Tələblərini ödəyə bilmədiyiniz, tələblərinizi ödəyə bilməyən qadınlardan boşanın. Hər kəsin öz həyatını yaşamaq haqqı var. Həyatı verən Allahdır, siz kimsiniz ki, onun verdiyi cana qıyırsınız?
Bu yerdə Meri Korelinin fikri lap yerinə düşür... Əziz qadınlar, səhərlər hürən, günortalar söyüş söyən , axşamlar evə gələn birini istəyirsinizsə, o zaman bir neçə heyvan saxlayın. Yox , əgər ailə istəyirsinizsə, seçiminizə diqqət edin. ERKƏKLƏ deyil, KİŞİ ilə ailə qurun.
P.S. Məqsədim heç kimi təhqir etmək deyil. Heç kim üstünə almasın. Sadəcə, qadınlara qadın olduğunu hiss etdirmək kişilərin borcudur!