Züqanov İçərişəhəri gəzdi - FOTOLAR

Züqanov İçərişəhəri gəzdi - FOTOLAR
  10 Fevral 2015    Oxunub:2525
Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 9-da İçərişəhərlə tanış olub.
AzərTAc xəbər verir ki, nümayəndə heyətinin İçərişəhərdə gəzintisi Qız qalası ilə tanışlıqdan başlayıb. Qonaqlara Qız qalasının qeyri-adi memarlıq xüsusiyyətləri barədə ətraflı məlumat verilir. Qeyd edilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə ucaldılan qala XII əsrdə bərpa olunub. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan silindr formalı tarixi abidə əsas qüllədən və cənub tərəfdən ona bitişik dayaq tikilidən ibarətdir.

Sıratağlı dini-memarlıq kompleksi ərazisi ilə tanışlıq nümayəndə heyətində böyük maraq doğurub.

Elektromobillərdə gəzinti zamanı qonaqlara UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu, burada aparılan təmir-bərpa işləri barədə məlumat verilib. Bildirilib ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid tarix-memarlıq abidələri yerləşir və dövlət tərəfindən qorunur.

Qonaqlar Kiçik qala küçəsində gəzinti zamanı təndirdə bişirilmiş çörəyin dadına baxıblar.

Onlar Şərq memarlığının şah əsərlərindən biri sayılan Şirvanşahlar Sarayı Kompleksi ilə tanış olublar. Bildirilib ki, bu tarixi abidə XV əsrin əvvəlində İçərişəhərin ən hündür yerində inşa edilib. Saray Xəzər dənizindən və şəhər ətrafındakı təpələrdən aydın görünür. Kompleks tarixi-memarlıq əhəmiyyətini müasir dövrümüzdə də saxlayır.

Sonda Gennadi Züqanova xatirə hədiyyəsi təqdim edilib.

Qədim İçərişəhərlə tanışlıq qonaqlarda böyük təəssürat doğurub.

Qalereya




Teqlər:





Xəbər lenti