Cavid Qurbanovun deputatlığı əlindən alınacaq?

Cavid Qurbanovun deputatlığı əlindən alınacaq?
  10 Fevral 2015    Oxunub:3796
Ötən gün Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə yeni sədr təyin edib.
Prezidentin sərəncamı ilə “Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri, Milli Məclisin deputatı Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları”na sədr gətirilib.

İlham Əliyevin digər sərəncamı ilə Cavid Qəmbər oğlu Qurbanov “Azəryolservis”dəki vəzifəsindən azad edilib.

Bu təyinatdan sonra Cavid Qurbanovun deputat səlahiyyətlərinə xitam veriləcəkmi?

Millət vəkili Zahid Oruc AzVision.az-a açıqlamasında bildirib ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qapalı qurum olması burada önəmli rol oynayır. Onun sözlərinə görə, belə strukturlar təyinatlı olsa da, amma həmin qurum dövlətin səhm paketi əsasında formalaşıb. Bu baxımdan C.Qurbanovun deputat fəaliyyətinə xitam verilməyəcək.

““Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti təsərrüfat hesablı qurumlar kimi fəaliyyət aparırlar. Belə ki, öz gəlirləri hesabına çalışırlar. Belə olduğu üçün millət vəkili Cavid Qurbanovun mandatına xitam verilməyəcək”.

Milli Məclisin üzvü bildirib ki, Cavid Qurbanov yol infrastrukturunun quruculuğunda böyük zəhməti olan şəxsdir. Z.Oruc qeyd edib ki, artıq Azərbaycanın dəmir yol sistemi beynəlxalq yükdaşımaların qovşağına və mərkəzinə çevrilmək ərəfəsindədir:

“Hesab edirəm ki, Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə təyinatı dövlət başçısının yürütdüyü siyasəti gerçəkləşdirməkdə böyük rol oynayacaq. Dəmir yollarının inkişafı Azərbaycanın yük daşımaları sahəsində böyük gəlirlər əldə etməsinə səbəb olacaq. Cavid Qurbanov ölkə başçısının etibarını doğruldacaq”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti