`Moskvadan sağ getmək istəyirəm` - Polad Bülbüloğlu

`Moskvadan sağ getmək istəyirəm` - Polad Bülbüloğlu
  10 Fevral 2015    Oxunub:3685
Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar Polad Bülbüloğlu “Moskovskiy Komsomolets” qəzetinə müsahiə verib. AzVision.az kaspi.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Sizi Moskvada yaxşı tanıyırlar, burada populyarsınız. Ümumiyyətlə, sizin Moskvaya münasibətiniz necədir?
- Məni bu vəzifəyə təyin edərkən hörmətli prezidentimiz: “Mən hesab edirəm ki, səni təkcə Moskvada tanımırlar. Həmçinin təkcə Moskvada deyil, bütün Rusiyada sevir və hörmət edirlər”-deyə bildirdi. Çünki mən vaxtilə ittifaqın bütün ucqarlarına qədər gəzmişəm. O zaman Moskva bizim ümumi vətənin paytaxtı idi və bütün yaxşı orkestrlər, studiyalar, mərkəzi televiziya, “Melodiya” firması – hər şey Moskvada idi. Moskva mənim üçün çox rahat idi. Sadəcə, burada çox gərgin diplomatik həyat var. Moskva dünyanın siyasi mətbəxlərindən biridir.

- Siz o vaxtdan bəri sovet adamısınız? Bizdə Rusiyada belə bir nostalgiya var.
- Sovet adamı nə deməkdir… Mənim heç bir nostaljim yoxdur. Xüsusilə, mədəniyyət, rəssamlıq, ədəbiyyat, teatr sahəsində çoxlu pis və yaxşı şeylər olub. Hər şeyi qara rənglə rəngləmək olmaz. Musiqiçi kimi deyə bilərəm ki, Şostakoviçin, Prokofyevin görkəmli əsərləri məhz sovet vaxtında yaranıb. Milli respublikalardakı, o cümlədən bizim məşhur bəstəkarların yaradıcılığı – Qara Qarayev, Fikrət Əmirov, Niyazi sovet mədəniyyətinin məhsuludur. Bu mədəniyyət dahi insanlar tərəfindən yaradılıb. Onlar SSRİ-də yaşayırdılar. Ancaq baş verənlər oldu – ölkəni saxlamaq olmadı, çoxlu səfehliklər etdilər və nəticə budur. Bu gün baş verənlər isə göstərir ki, heç də bütün postsovet respublikaları ayaq üstündə dayana və dövlət qura bilmədilər. Heç kəsi incitmək istəmirəm, amma bu, faktdır. Öz ölkənin təhsil, səhiyyə, mədəniyyət problemləri ilə bağlı müstəqil qərar qəbul etmək o qədər də asan deyil. Mən hələ iqtisadiyyat haqqında danışmıram.

- Amma belə görünür ki, ittifaqın dağılması sizin ölkənizdə demək olar ki, heç nəyi dəyişməyib. Siz həm diplomat, həm də musiqiçi kimi bütün postsovet məkanını gəzməkdə davam edirsiniz.
- Düzdür, eyni zamanda mən MDB ölkələrinin Humanitar Əməkdaşlıq Fondunun sədriyəm və bu, mənə keçmiş sovet respublikalarında olmaq, humanitar fəaliyyət aparmaq imkanı verir. Siz bilirsiniz ki, məni sovet dövründə – 1988-ci ildə Azərbaycanın mədəniyyət naziri təyin etmişdilər. Onda hələ Mərkəzi Komitə, “KQB” var idi. Hər şey yoxlanılırdı. Məni sadəliyimə görə bağışlayın, çox az adamlar bir sistemdən digərinə keçə bildilər.
Ən dəhşətli dövr 90-cı illər idi. Siz bilirsiniz ki, Bakıda 1990-cı ilin 20 Yanvarında dəhşətli faciə baş verdi. Sovet rəhbərliyi artilleriya və tankları əliyalın insanların üstünə yeritdi. Bir gecədə 150-dən çox adam öldürüldü. 30 nəfərdən çoxu yaralandı. Nə qədər adam itkin düşdü. Onlar siyasi xadimlər deyildi, öz haqqını tələb edən dinc xalq idi. Hətta evlərin pəncərələrini güllələyirdilər. Tank içərisində 3 akademikin oturduğu “Jiquli”nin üstünə çıxmışdı… Dəhşətli faciədir. Sonra Qarabağ müharibəsi başlandı. Azərbaycanın suverenliyi ona baha başa gəldi. Bir çox azərbaycanlılar, o cümlədən bizim ölkəmizdə yaşayan başqa millətlərin nümayəndələri üçün 20 Yanvar dönməzlik xətti oldu. Daha doğrusu, bir çox ağıllı adamlar başa düşdülər ki, belə bir ölkədə - öz vətəndaşlarına tanklarla həmlə edən ölkədə yaşamaq olmaz. Başa düşürsünüzmü, küçələrdə partiya biletlərindən tonqallar qalanmışdı. Milyona yaxın insan biletlərin məhv olmasını müşahidə edirdi. Xalqın birliyi valehedici idi.

Ağır illər idi. Heç kim bilmirdi ki, sabah nə baş verəcək. 1993-cü ildə ölkənin rəhbərliyinə Heydər Əliyev gəldi. O özünün avtoriteti, müdrikliyi, hadisələrə rasional yanaşması ilə qısa müddətdə vəziyyəti sabitləşdirə bildi. Baxmayaraq ki, çevriliş, ona sui-qəsd cəhdləri var idi. Ancaq Allah onu qorudu. Bilirsinizmi, 10 il bu cür görkəmli siyasi xadimlə işləmək – bu, böyük məktəbdir. Bu məktəbi keçdiyim üçün mən taleyimə minnətdaram.

- Məgər mədəniyyət insanları birləşdirə bilmir? Əgər sizdə erməni milləti ilə indi də şəxsən yaxın olan insanlar varsa...
- Bilirsinizmi, sovet dövründə Bakıda çoxlu erməni yaşayırdı. Biz həmişə onları “Bakı erməniləri” adlandırırdıq, ancaq onlar tamamilə başqa adamlar idi. Bakıda çoxlu yəhudi, erməni, rus vardı. Orada həyətlər vardı ki, insanlar icma kimi yaşayırdılar və heç kəs bir-birindən “milliyyətin nədir?”- deyə soruşmurdu. Əlbəttə, bu, bizim hamımız üçün çox ağır sualdır. Bu məqamdan sui-istifadə edən millətçilər müharibəni, qanlı xəritəni cızdılar.

- Hə, mən həmçinin mədəniyyət və insani münasibətlər haqqında danışmaq istəyirəm.
- Əgər mənim balaca vətənim – atamın doğulduğu, mənin böyüdüyüm, orada evimizin olduğu Qarabağ mühasirəyə alınıbsa, hansı insani münasibətlərdən danışmaq olar? Mən ora gedə, uşaqlarımı, nəvələrimi apara bilmirəm. Nə üçün? Təsəvvür edin, kimlərsə Yasnaya Polyananı zəbt edib deyirlər ki, Tolstoy burada heç vaxt yaşamayıb. Belə olanda rus insanı buna necə reaksiya verər? Şuşa hər bir azərbaycanlı üçün müqəddəs musiqi laylasıdır. Şuşada Üzeyir Hacıbəyov, Niyazi, Rəşid Behbudov doğulub. Bu gün yüz minlərlə Qarabağ qaçqınları var. Nə üçün? Bu necə ola bilər? Onda hansı dostluqdan danışmaq olar? Mənim Ermənistanın Rusiyadakı keçmiş səfiri Armen Zbatyanla pis münasibətim yoxdur, çünki o da ixtisasca musiqiçidir. Biz onunla yaradıcı ziyalıların qrupunu yığdıq, Dağlıq Qarabağa, Yerevana, Bakıya səfər etdik. Bu, bizim ümumi təmas tapmağımızın ilk cəhdi idi. Bütün müharibələr, tez və ya gec, sülhlə bitir. Yenidən yanaşı yaşamağı öyrənmək lazımdır, nə onlar, nə də biz kosmosa uçacağıq. Amma məsələləri ədalətlə həll etmək lazımdır. Yalnız onda mədəni və dostluq əlaqələrini də yoluna qoymaq mümkün olacaq.

Bülbül - bu, quşdur

- Oxuyan səfir, səfir-bəstəkar – ümumiyyətlə, o, bütün dünya miqyasında unikaldır.
- Hansısa diplomatik mərasimdə “Əvvəllər də belə oxuyan səfir olubmu?”-deyə soruşdular. Məclis çox səmimi idi və mən dedim: “Belə nümunə bilmirəm. Biri pyes yazıb, ancaq pis qurtarıb. Mənsə Moskvadan sağlam və sağ getmək istəyirəm”. Hamı gülüşdü.

- Yəqin ki, çoxu söhbətin Qriboyedovdan getdiyini bilmədi. Yadımdadır, SSRİ-nin sonuncu mədəniyyət naziri Nikolay Qubenko boş vaxtlarında Taqanka Teatrında oynayırdı.
- Qubenko çox yaxşı və savadlı nazir idi. Əgər Sovet İttifaqı qalsaydı, mən ondan yaxşı nazir tanımırdım.

- Siz ümumittifaq miqyasına çıxan estrada hitlərinizi nə vaxt yazmısınız? Həmin nəğmələr “İlin mahnıları”nda iştirak edirdi.
- Mən “Mavi işıq”larda çox iştirak etmişəm. Həmçinin o zaman “Artloto” adlı veriliş vardı. Nə üçünsə məni ora çox dartırdılar. O verilişdə canlı oxumaq lazım idi. Ümumiyyətlə, o vaxt televiziya və radio gənc istedadlara çox diqqətlə yanaşır, kömək edir və şərait yaradırdı. İndi isə “raskrutka” lazımdır. Mən bundan heç nə anlamıram.

- Elə isə indi mahnılarınız rotasiyaya necə düşə bilir?
- Hər dövrün öz qanunları var. Təvazökarlıqdan uzaq da olsa, mənim mahnılarımı bütün ölkə oxuyurdu. Bizim Mingəçevir şəhərində mahud kombinatı vardı. Ora bütün SSRİ-dən işləməyə gəlirdilər. 67-ci ildə mən dostlarımla ora gedəndə bütün pəncərələrdən “Sən mənə dedin ki, bu gün zəng edəcəksən” oxuyurdular. Uşaqlar da mənə dedilər ki, əgər indi bu qızlara desək ki, sən gəlirsən, onlar inanmazlar.

- Bəs Müslüm Maqomayevlə münasibətləriniz necə idi, siz rəqib idiniz?
- Heç bir halda. Biz dostluq edirdik. Mən onun üçün mahnılar yazırdım. Bilirsinizmi, mənim ampluam oxuyan bəstəkarın ampluasıdır, mən müğənni deyiləm. Mən konservatoriyada görkəmli bəstəkar Qara Qarayevin sinfini bitirmişəm, Şostakoviçin şagirdi olmuşam. Mahnını mən heç vaxt və heç yerdə öyrənməmişəm. Mənim vokal məktəbim atamın, Rəşid Behbudovun lent yazılarıdır.

- Siz nə üçün onları oxudunuz?
- 65-ci ildə biz ümumittifaq radiosu üçün mahnı yazdıq. O vaxt mənim 20 yaşım vardı. Mən royal arxasında oturdum və azərbaycanca oxudum. Mahnı “Ayrılıq”» adlanırdı. Redaktor Anatoliy Qoroxov “Gəl, biz sənin səsini yazaq. Sənin yaxşı boğazların var, bu, mənim xoşuma gəlir” - dedi. “Bu mənim nəyimə lazımdır, mən bəstəkaram. Qoy anama zəng edim, onunla məsləhətləşim”- dedim. Mərkəzi Teleqrafa gəlib anama zəng edərkən, o: “Sən dəli olmusan, atanı rüsvay eləmə” - deyə hirsləndi. Ancaq məndən əl çəkmədilər. Mən dizlərim əsə-əsə oxudum. Bütün montajçı qızlar, operatorlar diqqətlə qulaq asırdılar. Tolya dedi: “Bir halda ki, qızlar dinləyirlər, demək uğurlu olacaq”.

Mən Bakıya gəldim. Lent yazısını Qara Qarayev üçün qoydum. O, diqqətlə qulaq asdı. Yenə təkrar qulaq asdı. Məncə, bəyənmədi: “Bilirsənmi, bəlkə bu, xoşa gələcək, ancaq xahiş edirəm, bunu sənətinə qarışdırma”. “Baş üstə, müəllim” - dedim. O zaman anam da qulaq asdı, oxumağım onun da xoşuna gəldi. Sonra mən Moskvada yaşayan azərbaycanlı Onegin Hacıqasımovla tanış oldum. Onun mənə verdyi bayatılar xoşuma gəldi. Ondan sonra hansısa film üçün mahnı yazmaq lazım gəldi. Mahnı filmdə səslənməsə də, plastinkaya düşdü. Bir dəfə “Sabahınız xeyir” verilişində səsləndi və bomba kimi partladı. Və beləcə, mən davam etdim...

Bilirsinizmi, mən heç vaxt düşünmürəm ki, bir neçə müxtəlif həyatı yaşayıram. Mənim ciddi əsərim var: simli kvartet, simfonik poema, simfoniya, balet. Daha doğrusu, mən bəstəkar həyatı yaşamışam. Sonra mən qastrollara çıxan müğənni ömrü yaşadım. Daha sonra filarmoniyanın direktoru oldum. 18 il də nazir.

- Siz ki hələ artistsiniz: “Qorxma, mən səninləyəm” - Yuli Qusmanın filmi. Unutmusunuz?
- Qusman mənə ssenarini verdi: “Dərhal oxu” - dedi. 12 mahnı yazmaq lazım idi. O, evə mənim yanıma gəldi, gecə 2-yə qədər oturduq. O özü motivi oxudu. Mən ona dedim ki, Yulik, yalvarıram, oxuma, qonşular elə biləcək ki, mən oxuyuram. Mən qısa müddətdə gözəl şair Aleksey Vedurovun sözlərinə 12 mahnı yazdım. Biz müəyyənləşdirdik ki, Rüstəmin partiyasını Kobzon, qadın partiyasını Ponarovskaya oxusun. Əsas partiya - Teymur isə mənimki idi. Biz Bakıda bir neçə müğənnini sınaqdan keçirdik. Ancaq onlar Qusmanın xoşuna gəlmədi. Vaxt az idi və o, birdən mənə oxumağı təklif etdi. Təsdiq olunan aktyor mənim fonoqramımın altında oxumalı idi. “Mən Poladın səsi altında ağzımı açmayacağam” deyəndə Yulik “Gəl, sənin özünü yoxlayaq” dedi. Mən çəkildim və bədii şura yekdilliklə bəyəndi.

Bülbül - bu, quşdur. Atam Qarabağda-Şuşada doğulub. 22 iyunda. O doğulanda göydə parlaq ulduz vardı. Doğuşu həyata keçirən qadın atamın valideynlərinə deyib: “Ulduzu görürsünüzmü, bu uşaq evinizə xoşbəxtlik, işıq gətirəcək”. Mənim nənəm atamı “Aydınlıq” adlandırıb. Babam isə onu Murtuza – ərəb dilindən tərcümədə “Seçilmiş” deyə çağırıb. Atam 5-6 yaşında oxumağa başlayıb. Bizim Şuşadakı həyətimizdə 3 böyük ağac vardı. İndi də həmin ağaclar qalıb. Atam həmin ağaca çıxar və bərkdən oxuyarmış. Qonşular deyərmiş ki, bu uşaq bülbül kimi oxuyur. O, pasport alanda onun sənədində Bülbül Məmmədov yazılıb. Sonradan məni də Polad Bülbüloğlu Məmmədov yazıblar. Azərbaycanda Məmmədovlar soyadı Rusiyada İvanovlar kimidir. Ona görə mən oxumağa başlayanda pasportumu yenidən dəyişməyi qərara aldım. Bu, çətin məsələ idi. Bunun üçün şəhadətnaməni dəyişmək, məhkəməyə getmək lazım idi. Ancaq qarşıma yaxşı insan çıxdı və pasportumu dəyişdi. İndi pasportumda Bülbüloğlu soyadım kimi yazılıb. Övladlarımın soyadı da Bülbüldür. Həyat beləcə davam edib. Mahnıdan sözü çıxartmaq olmaz. Nə varsa, odur...



Teqlər:  





Xəbər lenti