Ehtiyatlı olun: Yeni polis maşınlarında 6 kamera və radar var

Ehtiyatlı olun: Yeni polis maşınlarında 6 kamera və radar var
  10 Fevral 2015    Oxunub:14046
“Bakıya yeni gətirilən “BMW” markalı polis avtomobillərin sayrışan işıq sistemində 6 kamerası var”.

Bunu AzVision.az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, 3 kamera ön, 2-si yan və bir kamera isə arxa hissəni çəkir:

“Kameraların hər biri videomüşahidəni yerinə yetirir. Yeni avtomobillər nömrə tanımaq sisteminə və radar funksiyasına malikdir. Axtarışda olan nəqliyyat vasitəsini avtomatik olaraq özü müəyyən edir və bort-kompüterə məlumat ötürür. Həmin avtomobildə xidmət aparan əməkdaşlar bilirlər ki, həmin nəqliyyat vasitəsinin saxlanması barədə qərar var. Həmçinin radar funksiyası ilə sürət həddini aşan avtomobili avtomatik olaraq qeydə alır və mərkəzi informasiya sisteminə ötürür”.

Şöbə rəisi bildirib ki, yeni YPX avtomobillərinin kameraları foto çəkmək qabiliyyətinə malikdir:

“Onlar dayanma, durma qaydalarını pozan nəqliyyat vasitələrinin yanından keçəndə də avtomatik olaraq foto qeydiyyat funksiyası onları qeydə alır. Onlar barəsində elektron protokol tərtib olunur”.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin sifarişi ilə 750-dən artıq yeni polis maşını Azərbaycanda istismara verilib. Yol-Patrul və Post Patrul Xidməti üçün gətirilən bu avtomobillər yenidir. Avtomobillərdən 270-i “Doblo” markalı avtomaşınlardır. Onlar PPX-də istifadə olunacaq. Bundan əlavə, 20-yə yaxın xüsusi təyinatlı avtomobil də polisin istifadəsinə verilib. "Mercedes Sprinter" markalı bu maşınlarda meyit daşımaq da mümkündür.

400-dən artıq “BMW” markalı avtomobil isə Dövlət Yol Polisinin ixtiyarına veriləcək. Yol polisi əməkdaşları üçün gətirilən “BMW” (3-cü seriya) markalı avtomobillərinin mühərrikinin işçi qüvvəsi 2000 kb/sm-dir. Mexaniki ötürücü qutuya malik həmin avtomobillərin hamısı Almaniyada istehsal olunub. Bu avtomobillər benzinlə işləyir və yanacağa qənaətcil rejimdədir. 2014-cü il istehsalı olan “BMW”lər Avro-5 standartlarına cavab verir. Bu avtomobillər bütün şəhər-rayon polis idarələrinə paylanılacaq.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti