Zuqanov Heydər Əliyev Mərkəzində

Zuqanov Heydər Əliyev Mərkəzində
  11 Fevral 2015    Oxunub:2279
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 10-da Heydər Əliyev Mərkəzində olub.

AzərTAc xəbər verir ki, Gennadi Züqanova dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiqinə yönəlib. Bundan başqa, Mərkəz Azərbaycan xalqının tarixi, dili, mədəniyyəti və digər milli sərvətlərinin beynəlxalq arenada populyarlaşmasına və təbliğinə, elmin dəstəklənməsi və inkişafına, təhsilə, mədəniyyətə, səhiyyəyə, idmana, ekologiyaya və iqtisadiyyatın müxtəlif sahələrinə xidmət edən layihələr həyata keçirir.

Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında tikilmiş Mərkəz dünya memarlığı siyahısına daxil edilib. Burada rəsmi qəbulların, beynəlxalq konfransların, iclasların və digər tədbirlərin keçirilməsi üçün bütün şərait yaradılıb.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqlarda böyük maraq oyadıb.

Diqqətə çatdırılıb ki, muzey ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində açılıb. Muzeyin “Fotolarda əks olunmuş həyat”, “Azərbaycanın ictimai-siyasi həyatı”, “Dövlətçilik, irs və nailiyyətlər” bölmələrində Ulu Öndərin həm sovet dövründə, həm də müstəqillik illərində fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual formada təqdim olunur. Materiallar hər mövzu üzrə Azərbaycan və ingilis dillərində olmaqla səsli formatda təqdim edilir.

Nümayəndə heyətinin üzvləri Mərkəzdə həmçinin “Azərbaycan inciləri” sərgisi ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətlərini, çoxəsrlik tarixini, mədəni irsini əks etdirən nadir eksponatlar nümayiş olunur. Sərgidə qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri yer alıb, mis məmulatlar xüsusi maraq doğurur. Azərbaycanın qədim musiqi alətləri orijinal formada – səsli təqdim olunur. Azərbaycanın milli geyimlərinin, qədim sikkələrinin nümayiş olunduğu ekspozisiyada qonaqların diqqətinə müxtəlif dillərdə müqəddəs kitablar da çatdırılıb.

Qonaqlar Mərkəzin “Auditorium” zalı ilə də tanış olublar. Gennadi Züqanov Mərkəzin Xatirə kitabına ürək sözlərini yazıb.




Teqlər:





Xəbər lenti