“Bəzi QHT-lər sifarişlə işləyir” – Əli Həsənov

“Bəzi QHT-lər sifarişlə işləyir” – Əli Həsənov
  12 Fevral 2015    Oxunub:1970
“Azərbaycanla Amerika arasındakı münasibətlər həm beynəlxalq sülh yaratma proseslərində, terrorizmlə mübarizə sahəsində, həm də beynəlxalq enerji təhlükəsiziliyi məsələlərində, Xəzər dənizinin və Cənubi Qafqazın transmilli kommunikasiya xəttlərinin birgə istismarında davam edir”.

AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının ictimai siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Son günlər ABŞ-la Azərbaycan arasında münasibətlərin gərginləşməsi haqda iddialara aydınlıq gətirən PA rəsmisi qeyd edib ki, Azərbaycanla Amerika arasında gərgin münasibətlər müşahidə edilmir:

“Ayrı-ayrı hüquq müdafiə təşkilatları, fikir formalaşdırma mərkəzləri nələrisə müşahidə edə bilər. Amma Azərbaycanla Amerika arasındakı münasibətlər həm beynəlxalq sülh yaratma proseslərində, terrorizmlə mübarizə sahəsində, həm də beynəlxalq enerji təhlükəsizliyi məsələlərində, Xəzər dənizinin və Cənubi Qafqazın transmilli kommunikasya xəttlərinin birgə istismarında davam edir. O cümlədən, Azərbaycanla ABŞ arasında iqtisadi, siyasi, sosial sahədə münasibətlər davam edir.

Bəzi dairələr var ki, bu münasibətləri kəsməyə çalışır. Onlar Amerika mətbuatında ara-sıra Azərbaycanla bağlı neqativ yazılar dərc etdirir. Bu yazıların hazırlanması bir qayda olaraq real gerçəkliyi deyil, ayrı-ayrı mərkəzlərin sifarişləri əsasında həyata keçirilir. Biz bunun qarşısını almağa çalışırıq”.

ABŞ Dövlət Deprtamentinin Azərbaycanla bağlı dinləmələrinə gəlincə isə Ə.Həsənov bunu normal qarşıladığını deyib: “Bizim parlament də ABŞ-la bağlı dinləmələr keçirir, QHT-lər də həmçinin. Lazım olsa biz də hökumət olaraq analoji dinləmələr keçirə bilərik. Siyasi plüralistik ideyaların hökm sürdüyü dünyada belə şeylərə görə kimisə günahlandırmaq olmaz.

ABŞ-da Azərbaycan həyatını olduğu kimi təhlil etsinlər. Biz də olduğu kimi Amerika cəmiyyətindəki hadisələri təhlil edib, münasibət bildiririk. Amma belə dinləmələrin bir prinsipi var. Müzakirələrə ancaq anti-Azərbaycan qüvvələri deyil, eyni zamanda Azərbaycandakı mövcud vəziyyəti həqiqətən bilən insanları da dəvət etmək lazımdır ki, müzakirələr birtərəfli yox neytral keçsin”.

Azərbaycanda xaricdən maliyyələşən QHT-lərin fəaliyyətinə toxunan Ə.Həsənov QHT-ləri qərbyönümlü və şərqyönümlü olaraq bölmədiyini deyib:

“Bəzi QHT-lər sifarişlə işləyir, bizim təsnifat bu şkala üzrə aparılır. Ona görə də onlara yanaşma var. Biz istəyirik ki, onlar şəffaf fəaliyyət göstərsin”.

Əfv prosesinin mütəmadi olaraq davam etdiyini deyən Ə.Həsənov qeyd edib ki, Əfv komissiyasının fəaliyyəti davam edir: “Bu gün olduğu kimi bundan sonra da əfv istiqamətində işlər görüləcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti