Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI

Prezidentə ən çox bu rayonlardan şikayət gəlir - SİYAHI
  13 Fevral 2015    Oxunub:4345
Ötən il Prezident Administrasiyasına daxil olan müraciətlərin sayı 2013-cü ilə nisbətən 25,8 faiz azalıb.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Onun sözlərinə görə, bunun əsas səbəbləri, əvvəldə qeyd edildiyi kimi, ölkə Prezidentinin tapşırıq və tövsiyəsi ilə yerlərdə səyyar qəbulların keçirilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında və digər qurumlarda müraciətlərə daha diqqətlə yanaşılması, xüsusilə təkrar və çoxsaylı müraciətlərin yaranma səbəblərinin aradan qaldırılması, vətəndaşlara onların irəli sürdükləri məsələlərin nə dərəcədə əsaslı olub-olmaması barədə kifayət qədər dolğun məlumatların verilməsi, əhali arasında hüquqi biliklərin daha geniş təbliğ edilməsi, ən başlıcası isə vətəndaşların müraciətlərinə ölkə Prezidentinin müəyyən etdiyi prinsiplər və normalar əsasında baxılmasıdır.

Müraciətlərin say etibarilə azalması daha çox Bakı şəhərinin Binəqədi, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamal rayonlarında, Naxçıvan MR-in şəhər və rayonlarında, Gəncə, Lənkəran, Mingəçevir, Sumqayıt, Şəki, Şirvan, Abşeron, Ağdam, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qax, Quba, Qubadlı, Qusar, Lerik, Masallı, Saatlı, Sabirabad, Siyəzən, Şəmkir, Yardımlı, Zaqatala, Zərdab, digər şəhər və rayonlarda müşahidə olunur.

Prezident Administrasiyasına daxil olan müraciətlərin ümumi sayı ilə yanaşı, təbiidir ki, hər 1000 nəfərə düşən sayı da azalıb. Lakin bəzi şəhər və rayonlar üzrə bu göstərici digərlərinə nisbətən yüksək olub. Buna misal olaraq Bakı şəhərinin Xəzər rayonunu, Lənkəran, Naftalan, Yevlax, Ağcabədi, Ağstafa, Astara, Beyləqan, Bərdə, Cəbrayıl, Göyçay, Göygöl, Xocalı, İmişli, Kəlbəcər, Laçın, Lerik, Şuşa, Zəngilan, Zərdab, digər şəhər və rayonları göstərmək olar.

Respublikanın elə şəhər və rayonları var ki, onların kənd və qəsəbələrinin bir neçəsindən, elələri də var ki, demək olar, hamısından vətəndaşlar Prezident Administrasiyasına və digər mərkəzi icra hakimiyyəti orqanlarına müraciətlər göndəriblər. Prezident Administrasiyasına müraciət göndərmiş yaşayış məntəqələrinin sayı çox az olan rayonlar var ki, bunlardan da Naxçıvan MR-in şəhər və rayonlarını, Astara, Daşkəsən, Xaçmaz, Xızı, İsmayıllı, Qax, Qəbələ, Quba, Qusar, Oğuz, Siyəzən, Şabran, Yardımlı və digər rayonları göstərmək olar. Lakin yaşayış məntəqələrinin əksəriyyətindən müraciət daxil olan rayonlar da vardır ki, buna misal olaraq Lənkəran, Yevlax, Ağcabədi, Ağstafa, Beyləqan, Bərdə, Göyçay, Göygöl, Lerik, Saatlı, Salyan, Şəmkir, Tərtər şəhər və rayonlarını göstərmək olar.

2014-cü ildə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarına daxil olan müraciətlərin ümumi sayı, demək olar ki, 2013-cü il səviyyəsində olub. Müraciətlərin 80,8 faizi mərkəzi, 19,2 faizi isə yerli icra hakimiyyəti orqanlarında araşdırılıb.
Şəhər və rayon icra hakimiyyətlərinin verdikləri məlumatlardan görünür ki, 2014-cü ildə onlara yuxarı dövlət orqanlarından daxil olan müraciətlər 42,7 faiz təşkil edibsə, bilavasitə özlərinə daxil olan müraciətlər 57,3 faiz təşkil edib. Bilavasitə özlərinə ünvanlanmış müraciətlərin sayının Prezident Administrasiyasından və digər mərkəzi icra hakimiyyəti orqanlarından göndərilmiş müraciətlərin sayından az olduğu rayonlardan Qaradağ, Ağdaş, Astara, Beyləqan, Cəlilabad, Füzuli, Gədəbəy, Kəlbəcər, Şəmkir rayonlarını göstərmək olar.
Mərkəzi icra hakimiyyəti orqanlarına il ərzində daxil olmuş müraciətlərin 23,7 faizi yuxarı dövlət orqanlarından və digər qurumlardan, 76,3 faizi isə bilavasitə vətəndaşlardan daxil olub. Mərkəzi Banka, Dövlət Sığorta Kommersiya Şirkətinə, “Azərenerji”, “Azneftkimyamaş” ASC-lərə, “Aqrarkredit” QSC-yə bilavasitə daxil olan müraciətlərin sayı daha az olub.
Vətəndaş müraciətlərinin təhlilində onların növlər üzrə bölgüsü mühüm yer tutur. Prezident Administrasiyasına daxil olan müraciətlərin növlər üzrə nisbəti 2014-cü ildə şikayətlərin ümumi sayının və il ərzində daxil olmuş müraciətlərə nisbətən faizlərin azalması ilə səciyyəvidir. 2013-cü ildə müraciətlərin ümumi sayında şikayətlər 31,1 faiz olmuşdursa, 2014-cü ildə bu rəqəm 30,9 faizə enib.

Ərizələrin sayı isə müvafiq olaraq 2013-cü ildə 66,9 faiz, 2014-cü ildə isə 68 faiz olub. Müraciətlərin növlərinin qanunla müəyyən edilmiş təsnifatında vətəndaşların cəmiyyətdəki problemlərə aktiv münasibətini əks etdirən təkliflər xüsusi maraq doğurur.

AzVision.az


Teqlər:  





Xəbər lenti