`Azadlığa çıxmaq istəyirəm` - Lamiyə danışdı (FOTO)

`Azadlığa çıxmaq istəyirəm` - Lamiyə danışdı (FOTO)
  13 Fevral 2015    Oxunub:4330
Bu gün Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun qətlində təqsirləndirilən məhkum Lamiyə Quliyevanın növbəti məhkəməsi keçirilib.
AzVision.az xəbər verir ki, L.Quliyeva məhkəməyə həbsxanada dünyaya gətirdiyi övladı ilə birlikdə gəlib.

Məhkəmə başlamamışdan öncə L.Quliyevanın vəkili Fəxrəddin Mehdiyev iclasın mətbuata açıq keçirilməsi, jurnalistlərin məhkəməyə buraxılması və çəkilişə icazə verilməsi üçün vəsatət qaldırıb. Lakin prokuror vəkilin vəsatətini təmin etməyib.

Bundan sonra məhkəmə prosesinə başlanılıb. Lamiyə Quliyava çıxış edərək cinayət törətdiyini etiraf edib:

“Mən övladımı azadlıqda böyütmək istəyirəm. İstəmirəm ki, övladımın həyatı da mənimki kimi məhv olsun.Həyatımı məhv etmişəm. Cinayət işlədim, öz həyatımı məhv etdim”.

Lamiyə Quliyeva həbsxanada uşaq dünyaya gətirməsinə də aydınlıq gətirib. O, məhkəmə zalından ölkə başçısına müraciət edib:

“Heç kim məni qınamasın. 17 il həbs çəkəcəyimə görə bu addımı atdım. Bütün orqanlardan, ölkə başçısından xahiş edirəm, məni azadlığa buraxsınlar. 15 yaşımdan həbs həyatı yaşayıram”.

Çıxışlardan sonra L.Quliyevanın məhkəmə prosesi təxirə salınıb. Növbəti məhkəmə iclası fevral ayının 20-ə təyin olunub.

Hafiz Əhmədov


Teqlər:  





Xəbər lenti