Sevgililər günündə sevgimizi İlhaməylə bölüşək

Sevgililər günündə sevgimizi İlhaməylə bölüşək
  13 Fevral 2015    Oxunub:3840
Hacıbəy Heydərli

Bakı vaxtilə səhər saat 5-dir, 5-10 manat qazanmaq üçün gecəsini-gündüzünə qatan, alın təriylə halal pul qazanan, əhalinin 90 faizinin yatdığı anda küçələri təmizləyən xanımların və bəylərin süpürgələrinin səsi gəlir. Qışın oğlan cağında, küçədəki itlərin, pişiylərin belə soyuqdan qaçıb gizləndiyi bir anda bu adamlar əllərində süpürgə ilə küçələri təmizləyir, öz övladlarına halal pul yedirmək üçün işləyirlər.


Elə bu anda “facebook”da mənə bir mesaj gəlir: Siz küçəni süpürən insanlardan yazmısız, elə mən də bu vaxt oyağam. Çünki İloşun iynəsi var qarnında, ona nəzarət edirəm ki, çıxmasın, İynə tərpənib körpəmin canını incitməsin.

Bu sözləri mənə yazan anadangəlmə irsi qan - betta talassemiya xəstəliyindən əziyyət çəkən 7 yaşlı İlhamənin anası Günay xanım idi. O xanım ki, bundan illər öncə elə məhz bu xəstəliyindən bir uşağını itirmişdi, övlad itirməyin nə olduğunu izah etməyə gərək yoxdur. Bu acını bir dəfə yaşayan bu qəhrəman ana ikinci övladını yaşatmaq üçün hər şey edir, inanın səmimiyyətimə ki, əlindən gələn və gəlməyən hər şey edir. İlhaməyə dəstək üçün gələn zəngləri cavablandırır, ona əlbəəl yardım etmək istəyən insanların evinə gedir, sosial şəbəkələrdə gələn şərhlərin hamısına tək-tək cavab verir, gecələr səhərə qədər gözünə yuxu getmir ki, birdən qızcığazın ağrısı olar. Bütün bunları etmək üçün Allah ona güc verib, o güc ki, yalnız analara verilir. Övlad qarşısında gücsüz, çarəsiz qalmaqdan böyük dərd yoxdu bu dünyada. İnanın ki, yoxdur. Övladının gözlərinə baxa-baxa hər şey yaxşı olacaq, qızım. Səbrli ol deməyin nə qədər ağrılı olduğunu o anadan başqa heç kim başa düşməz.

Hər şeyin yaxşı olması isə nə o anadan, nə də 7 yaşlı qızcığazdan asılıdır. Onun həyatı səndən, məndən, bizim hamımızdan asılıdır. İlhaməyə dəstək kampaniyasına başlamağın çətinliyini də sizə anlada bilmərəm. Hansısa müğənninin çılpaq şəkillərinə 1 saatda 50 min, ancaq yaşamaq üçün savaşan bir körpəninin xəbərinin maksimum 500 dəfə oxunduğu bir cəmiyyətdə bunu etmək çox çətindir. İnanın ki, çox çətindir. Amma çətin olan hər şeyin sonu çox gözəl, əziz dostlar. Kampaniyaya başladığımız ilk gün idi,

İlhamənin anası Günay xanım redaksiyamıza gəldi və sevincək səslə:
- Dünən sizin paylaşımlardan sonra 3 min 437 manat yığıldı. Artıq İlhamənin sağalması üçün 248 min 563 manat qalıb. Düşünürəm ki, 248 nəfər min manatdan versə, körpəm sağalacaq.

Son olaraq qeyd edim ki, fevral ayının 14-ü dünyada sevgililər günü qeyd olunduğu anlarda səhər saat 10-dan axşam saat 10-a qədər Park Bulvarın ikinci mərtəbəsində İlhaməyə dəstək məqsədilə sosial aksiya baş tutacaq və onun müalicəsi üçün pul yığılacaq.

Dostlar, Allah rizası üçün bu gün bir neçə dəqiqəlik də olsa, öz sevgimizi, məhəbbətimizi 7 yaşlı qızcığazla bölüşək. Məbləğin önəmi yoxdur, əsas odur ki, göstərək ki, insanlıq ölməyib, onsuzda İlhaməni yaşadan ümiddir, ümidi ölməsin deyə ona yardım edək, onun yanında olaq.


İlhaməni xilas etmək üçün açılan bank hesab nömrəsinin məlumatlarını bir daha xatırladım:

İlhamənin anası Günay xanımın əlaqə nömrəsi: 055-989-54-74

Hesab: AZ97UBAZ10053562041010AZN002
Benefisiar Bank: Unibank CB, SWIFT adresi: UBAZAZ22 (Baku, AZ, Azərbaycan)
Benefisiar Bankın Hesab N-si: AZ46NABZ01350100000000015944
Vasitəçi Bank: Azərbaycan Respublikası Mərkəzi Bankı
Kod: 505754 VÖEN: 130001720


Teqlər:





Xəbər lenti