`Mavi axın` TANAP-a qarşı – TƏHLİL

`Mavi axın` TANAP-a qarşı – TƏHLİL
  13 Fevral 2015    Oxunub:8653
Rusiya qazını Avropaya daşıyacaq “Mavi axın”, yaxud “Türk axını” lahiyəsi Azərbaycan qazını Avropaya ixrac edəcək TANAP layihəsinin rəqibinə çevrilib, hətta layihələrdən hansısa biri digərini kölgədə qoya bilər.

Məlumdur ki, Rusiya Ukraynanın qərbə inteqrasiya meyillərini nəzərə alaraq, həmçinin iqtisadi və hətta geosiyasi maraqlardan irəli gələrək, ixrac marşrutlarını şaxələndirməyə başlamışdı. Kreml ixrac xətlərini şaxələndirməklə bir layihədən asılı olmamaq istəyir, eyni zamanda, Avropaya yeganə qaz ixracatçısı qismində çıxış etməklə Qərbi özündən asılı saxlamağa çalışırdı.

Bu məqsədlə ilkin olaraq 2011-ci ildə “Şimal axını” layihəsi reallaşdırıldı və rus qazı Baltik dənizinin dibi ilə heç bir ölkənin ərazisinə girmədən Almaniyaya ixrac olunmağa başladı. İkinci belə bir layihə “Cənub axını” olmalı idi və Qara Dənizin dibi ilə Bolqarıstana rus qazını çatdıracaqdı. Lakin məlum Ukrayna hadisələrindən sonra Avropa Birliyi bu layihənin tikintisini dayandırdı.

`Cənub axını`nın tikintisi AB tərəfindən dayandırıldıqdan sonra Rusiya Türkiyə ilə danışıqlara başladı və razılaşıldı ki, rus qazı Qara dənizin dibi ilə Türkiyəyə buradan isə Avropaya ixrac olunsun. Yayılan məlumata görə, artıq 2016-cı ilin əvvəlində 16 mlrd. kub metr ixrac potensialı olacaq xəttin birinci qolunun Türkiyəyə qədər olan hissəsi istismara veriləcək. Qaz xəttinin ümumi tutumu isə 63 mlrd. kub metr olacaq.

Azərbaycanda çəkilən TANAP-ın isə 16 mlrd. kub metr potensialının olduğu bildirilir və 2019-cu ildə istismara verilməsi planlaşdırılır. Türkiyənin enrgetika naziri Taner Yıldız iki paralel xəttin bir-birinə mane və rəqib olmadığını bildirməklə Azərbaycanın narahatçılığını aradan qaldırmaq istəsə də, Bakı mümkün risklərdən xəbərdardır və vaxtında lazimi tədbirlər görür.

Maraqlıdır ki, artıq bir ildir, Türkiyə ilə Rusiya arasında “Mavi axın” layihəsilə bağlı danışıqlar gedirdi və bu layihənin hansısa mənada TANAP-a rəqib olacağı barədə məlumat sızmırdı. Hətta belə ehtimal irəli sürülürdü ki, Rusiya özü də TANAP-a qoşulsun və bununla öz qazını Avropa bazarına çıxarmaq üçün əlavə marşruta sahib olsun. Təbii ki, bunun müqabilində Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərsin. Görünür ki, Rusiya Azərbaycanla şərikli deyil tək başına satmaq istəyir və Avropanı əvvəlki kimi özündən asılı saxlamaq ambisiyasından əl çəkmir.

Belə bir sual yaranır ki, nəyə görə Ankara Azərbaycanın qaz xəttinə rəqib ola biləcək xəttin çəkilməsinə razılıq verir? Çünki, Türkiyə heç bir halda uduzmur. Ərdoğan Rusiya ilə əməkdaşlıqdan Avropaya təzyiq vasitəsi kimi istifadə edir, həm də Moskvanı da öz təsirində saxlayır. Bundan əlavə, Türkiyənin Azərbaycandan asılılığı aradan qalxır. Yəni Türkiyə də, Avropa kimi enerji mənbələrini şaxələndirir. Avropanın Rusiya xəttindən qaz almaması Türkiyə üçün itki hesab olunmayacaq.

Burada təbii ki, son sözü Avropa deyəcək. Brüsselin kimin qazını almağa üstünlük verməsi həmin mənbənin cənubda söz sahibi olması ilə nəticələnəcək.

Azərbaycan prezidenti İlham Əliyev bunu çox gözəl anlayır və elə Münhendə keçirilən konfransındakı çıxışında “Aydındır ki, Azərbaycandan daxil olan qaz Avropa istehlakçılarının yaxın gələcəkdə əldə edəcəyi yeganə yeni qaz mənbəyidir. Bütün digər layihələr, o cümlədən marşrutların şaxələndirilməsi ilə bağlı layihələr mənbələrin deyil, yalnız marşrutların şaxələndirilməsini nəzərdə tutur. Bizim mənbəyimiz yenidir və əgər belə demək mümkündürsə, təzə üzə çıxıb” deməklə avropalılara xatırladır ki, yenidən Rusiyanın oyununa keçməsinlər. Türkiyə vasitəsilə Avropaya çəkilməsi planlaşdırılan “Mavi axın” həmin rusun qazıdı və siz yenə də Rusiyadan asılı vəziyyətdə qala bilərsiniz. Avropanın TANAP-a üstünlük verməsi onların məhz mənbələrin şaxələndirilməsi siyasətinə uyğun gəlir.

Avropanın hansısa xətlərdən birinə üstünlük verməsi digər mənbələrin də həmin xəttə qoşulması anlamına gəlir. Məsələn İran və İraqın, həmçinin Transxəzər vasitəsilə Qazaxıstan və Türkmənistanın qoşulması həmin qaz xəttini nəinki böyük iqtisadi gəlir mənbəyinə, həmçinin əlverişli geosiyasi təsir vasitəsinə çevirir. Rəsmi Bakının Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Türkmənistan iqtisadi əməkdaşlıq formatına son dövrlər üstünlük verməsinin səbəbi də məhz TANAP-la əlaqədardır. İranın bu əməkdaşlığa fəal qoşulmaq istəyini vurğulaması əslində TANAP-ın uğurundan xəbər verir. Tehran anlayır ki, Avropa növbəti dəfə Rusiyanın təsirinə düşmək istəməyəcək və enerji mənbələrinin şaxələndirilməsi məqsədilə TANAP-a üstünlük verəcək.

Azərbaycanın qazına Türkiyə-Avropa sərhədində maneə yaradacaq amillərdən biri də qazın hansı dövlətin ərazisindən ötürülməsi ilə bağlı ola bilər. İlkin mərhələdə qaz xəttinin Yunanıstandan keçməsi planlaşdırılırdı. ARDNŞ-ın Yunanıstanın qazpaylayıcı şirkəti olan DESFA-nın səhmlərinin 3/2 hissəsini əldə etməsi Azərbaycanın Yunanıstanda maneəsiz iş görməsinə hesablanmışdı.

Rusiyanın “Qazprom” şirkəti də DESFA-nı almaq istəyən müştərilərdən idi, lakin gözlənilmədən geri çəkildi. Bunun səbəbi açıqlanmasa da, ehtimal etmək olar ki, Azərbaycanın Nabukko layihəsindən imtina etməsi müqabilində ruslar geri çəkilmişdilər. Çünki Nabukko layihəsində Azərbaycanın qaz xəttinin Bolqarıstandan keçməsi nəzərdə tutulmuşdu, eyni zamanda Rusiyanın Qara dənizin dibi ilə çəkmək istədiyi “Cənub axını” da Bolqarıstana çıxırdı.

Hazırda vəziyyət dəyişib. Rusiya Qara dənizin dibi ilə qaz ixrac xətti çəkmək imkanından məhrum olduğu üçün Türkiyədən Avropaya giriş yolu axtarır. Yunanıstanda hakimiyyətə gəlmiş SİRİZA partiyasının populist lideri Aleksis Sipras ölkəsini böhranlı vəziyyətdən çıxarmağa söz verib. Sipraz Rusiya ilə əməkdaşlığa başlayacağını və hətta AB-dən çıxacağını belə istisna etmir. Belə bəyanatlar Yunanıstanın Rusiya qazına üstünlük verəcəyi ilə bağlı ehtimalların səslənməsinə şərait yaradır. Təbii ki, Sipraz bu tip bəyanatlar verməyinin səbəbi ölkəsinin Avropadan borc aldığı 300 milyard avronun qaytarılması şərtlərində güzəştlərə nail olmaq istəyi ilə də bağlı ola bilər.

Azərbaycan Prezidenti yaranmış yeni reallıqları nəzrə alır və avropalılara müraciətində qeyd edir ki, “ böyük qaz ehtiyatlarımızı nəzərə alaraq biz hələ də “Cənub” qaz dəhlizi layihəsinin üzvü olmayan, lakin Nabukko layihəsinin böyük hissəsi olan ölkələri bu sistemə cəlb edə bilərik. Məsələn, əvvəlcə Bolqarıstan TAP-ın üzvü deyildi, lakin biz onu komandamıza əlavə etdik. Çünki bu ölkə Yunanıstan-Bolqarıstan və ya Türkiyə-Bolqarıstan arasında bağlayıcı kimi fəaliyyət göstərə bilər. Beləliklə, Bolqarıstanla müqavilə artıq imzalanıb. Bu isə o deməkdir ki, Nabukko komandasının bir üzvü artıq TAP-ın üzvüdür. Biz Rumıniya, Macarıstan və Avstriya ərazilərindən bu layihəni daha uzaqlara apara bilərik. Belə ki, Azərbaycan qazının həcmi kifayət qədər olacaq. Əlavə olaraq, regiondan digər qaz mənbələrinin də üzə çıxması potensialı ola bilər. Belə olan halda bu, daha böyük miqyaslı layihə olacaq”.

Söhbət ondan gedir ki, əgər Yunanıstan Azərbaycanla əməkdaşlıqdan imtina edərək, Rusiyadan qaz almaq istərsə Azərbaycan heç nə itirməyəcək. Çünki artıq Bolqarıstanla razılıq əldə olunub və Bolqarıstan vasitəsilə qazı birbaşa Avropanın mərkəzinə ötürmək mümkündür. Əgər Avropa ümumiyyətlə Rusiya qazından imtina edərsə, Azərbaycanın qaz xəttini Yunanıstana oradan isə iki istiqamətə - İtaliya vasitəsilə cənuba, Bolqarıstan vasitəsilə isə Avropanın mərkəzinə nəql etmək olar. Bunun üçün isə Azərbaycanın ehtiyatları ilə yanaşı əlavə ehtiyatların olmasını bildirməklə prezident İran, İraq və Türkmənistanın layihəyə qoşulmasını xatırladır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti