`Bizim də səhvlərimiz var....` - Cavid Qurbanov

`Bizim də səhvlərimiz var....` - Cavid Qurbanov
  14 Fevral 2015    Oxunub:3374
Ölkənin baş dəmiryolçusu köhnə və yeni vəzifəsindən, seçkilərdən, Kəlbəcər girovlarından danışdı.
Bir müddət öncə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilən “Azəryolservis” ASC-nin prezidenti, deputat Cavid Qurbanov fevralın 13-də parlamentdə bir qrup jurnalistin suallarını cavablandırdı.

C.Qurbanov dəmir yolu sahəsinin onun üçün yeni olmadığını bildirdi: “Həm avtomobil yolları üzrə mühəndisəm və eyni zamanda dəmir yollarının yol istismarını bitirmişəm. Mənim sənətim də odur. 1996-cı ildən 2001-ci ilə qədər dəmir yolunda çalışmışam. Ona görə bu işlə bağlı məlumatlıyam”.

“Yeni Müsavat” olaraq C.Qurbanovdan dəmir yolunda vaxtilə çalışmış, hazırda isə bu qurumdan şikayətçi olanların taleyi barədə də soruşduq. Bildirdi ki, 20 il bundan əvvəl işdən çıxmış adamların bu formada şikayət etməsi düzgün deyil: “Ondan ötrü məhkəmə orqanları var, gedib müraciət etsinlər. Əgər qeyri-qanuni məsələ varsa, biz vətəndaşımızın hüquqlarını tanımalıyıq, onları çölə atası deyilik ki. Ancaq dəmir yolunda qayda qoyulub ki, bələdçilər daha çox xanımlar olsun, kişilər yox. Vaqonların daha təmiz saxlanması üçün də bu, məqbul sayılır. Orda bir dəstə var, aranı qızışdırırlar. Sizə maraqlı olsa, onları yığarıq, sizin iştirakınızla onların məsələsinə baxarıq, deyərik dərdiniz nədir. Mən onları sizinlə bərabər dinləməyə hazıram”.

Sürət qatarları haqda danışan C.Qurbanov dedi ki, bəzi böləgələrə gedən qatarlarda yataq yox, oturaq qatarlara keçmək lazımdır: “Azərbaycanın bu başından o biri başına 500 km məsafə var. Əgər biz dediyiniz sürət qatarı saatda 300-360-la getsə bir saata gedib çatar. Ona görə bizə o deyilən formada sürət qatarı vacib deyil. Amma Sumqayıt, Gəncə kimi yerlərə yataq qatarlarından oturacaq qatarlarına keçilməlidir və sürət yüksəlməlidir. Sürət saatda 100 km olsa, 4-4,5 saata Gəncəyə getmək olar. Ona görə də biz təqribən saatda 100-120 sürəti ala bilsək, yəqin ki o məsələlər həll olunacaq”.

C.Qurbanov “Azəryolservis” ASC-nin ləğv olunmasını istisna etdi: “Deyilənlər boş söhbətlərdir. Əvvəl yol nazirliyi olub, indi də servisdir. Xarici ölkələrdə belədir ki, yolların ətrafında yerləşən benzindoldurma məntəqələri və s. yol infrastrukturuna aiddir. “Azəryolservis” fəaliyyət göstərəcək və cənab prezident kimi məsləhət bilsə, ora yeni rəhbər təyin olunacaq”.

Yol tikintisində milyonların talanması və yolların keyfiyyətsiz tikintisi barədə fikirlərə gəldikdə, C.Qurbanov bunları bildirdi: “Hər bir işin tam ideal olması mümkün deyil. Bizim də səhvlərimiz var. Dövlətin dəstəyi ilə bütün cənub zonasını düz Astara sərhədinə qədər 243 km hamısı kreditlər yerləşdirilib. Tenderlər keçirilib. Sadəcə işin icrası üçün zaman lazımdır. İcrasında çətinliyimiz ondadır ki, bəzi qanunvericiliklərdə dəyişikliklər olunub. Ekologiya ilə bağlı problemlərimiz olur. 2000-ə yaxın ev köçürüldü. Cəlilabad zonasında yolu dənizin qırağına çəkmişdik. Orada bir az süxurların dənizin qabarması ilə əlaqədar aydınlaşmalar keçdi. Həm də o tərəfdə materiallar yox dərəcəsindədir, çınqıl, qum kənardan gətirilir. İmişli tərəfdə asandır, çaylar yaxındadır, dağ süxurları möhkəmdir. Rusiya yolunda 120 km hazırdır, qalan 60 km-də torpaq yatağı hazırdır. Qusara, Şahdağa, Xaçmaza qədər yol çəkilib və istifadə olunur”.

Yük maşınlarının yollar üçün təhlükəli olmasından danışan C.Qurbanov qeyd etdi ki, ölkədə 35 mindən çox ağır çəkili yük maşınları var. Ümumiyyətlə, dünyada yolun dözümlülüyü ən çox 12 tondur. Bizdə isə 30 ton daşınır. Bu yol bizimdir və hər bir vətəndaş qorumalıdır”.

Deputat fevralın 26-da kəlbəcərli girovların təkrar məhkəmə qarşısına çıxarılmasına da münasibət bildirdi: “Ermənilərə ən yaxşı cavabı cənab prezident verib dedi ki, erməninin Ağdamda nə işi var ki, ölsün. Onlar hansı qanun pozublar axı? Gediblər öz ana-babasının qəbrini ziyarət etsinlər. Onlar da tutub məhkəməyə çıxarıblar. Cənab prezident özü bununla şəxsən məşğul olur. Ermənilərin törətdiyi birinci haqsızlıq deyil ki? Mən nəinki onların, hətta torpaqlarımızın da azad olunacağına inanıram”.

Deputatlığa namizədliyinin yenidən irəli sürməsinə gəlincə C.Qurbanov bunları söylədi: “Mən partiya üzvüyəm və millət vəkilliyinə namizədliyimi partiya verib. Əgər partiya məsləhət görsə ki, sən bu yolda addımlamalısan, demək ki davam edəcəm. Məsləhət görməsələr, namizədliyim irəli sürülməyəcək.

Yeni Azərbaycan Partiyası hansı qərarı verəcəksə, ona uyğun da addım atacağam. Mən partiyanın verəcəyi qərarının əleyhinə çıxası deyiləm ki...”


Teqlər:





Xəbər lenti