Azərbaycandan ABŞ-a etirazlar

Azərbaycandan ABŞ-a etirazlar
  14 Fevral 2015    Oxunub:3549
“Azərbaycan terrora qarşı mübarizədə öz logistik imkanlarını ortaya qoyaraq ABŞ-a xüsusi bir dəstək göstərir, bu bizim münasibətlərin nə dərəcədə əhəmiyyətli olmasına dəlalət edir”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Beynəlxlaq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu gün parlamentdə keçirilən “Azərbaycan – ABŞ münasibətləri insan hüquqları, enerji və təhlükəsizlik məsələləri kontekstində” mövzusunda dinləmələrdə deyib.

O bildirib ki, Azərbaycanın ABŞ-dan öz gözləntiləri var və bu gözləntilər içərisində ən əsası ABŞ-ın Dağlıq Qarabağa olan və bizim işğal altında olan torpaqlarımıza münasibətdir:

“Bu gün ABŞ-ın ATƏT-in Minsk qrupu çərçivəsində fəaliyyəti yalnız həmin münaqişə ilə bağlı deyil, o cümlədən ABŞ-Azərbaycan münasibətlərinə ciddi təsir edən amildir. Bu prosesləri bir-birindən ayırmaq heç də düzgün olmazdı. Vaxtilə məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü altında həmin Minsk qrupunun tərkibinə ABŞ-ın daxil olması ilə bağlı böyük bir fəaliyyət aparılıb ki, bu Minsk Qrupunun daxilində obyektivlik, balanslaşdırılmış, düzgün siyasət daha qabarıq şəkildə özünü göstərsin”.

Millət vəkili əlavə edib ki, bununla yanaşı, Azərbaycan ABŞ-dan ona olan selektiv yanaşmanı aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyətin görülməsini gözləyir, ikili standartların aradan qaldırılması istiqamətində çox ciddi fəaliyyət gözləyir:

“Azərbaycan öz münasibətlərində ABŞ-dan beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də, ATƏT-də və başqa dünyada vacib təşkilatlarda beynəlxalq qanunun bərqərar olması istiqamətində ABŞ-ın rolunu, əhəmiyyətini, təsirini gözləməkdədir”.

S.Seyidov qeyd edib ki, bu gün çox vacib və əhəmiyyətli olan məsələ Azərbaycan-ABŞ münasibətlərinə təsir edən bir amildir: “O cümlədən biz bu gün Azərbaycan olaraq ABŞ-dan Azərbaycanda sabitlik, təhlükəsizlik, demokratik inkişafın təmin olunması ilə bağlı öz obyektiv münasibətini gözləyirik. Ona görə ki, biz çox gözəl bilirik ki, ABŞ-da təssüflər olsun erməni lobbisi və Azərbaycana qarşı işləyən qüvvələr ABŞ-ın siyasətini düzgün istiqamətdə formalaşdırmamaq, Azərbaycan-ABŞ münasibətlərinə mənfi təsir göstərmək cəhdləri var. Bunun bariz nümunəsi elə 907-ci düzəlişdir və bu, birbaşa erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin ABŞ-ın siyasətinə, onun özünün maraqlarına bu regionda zidd olan hərəktlərin qəbul olunmasına gətirib çıxaran bir amil kimi qiymətləndirilməlidir”.

Politoloq Elman Nəsirov deyib ki, Azərbaycan ABŞ-a strateji tərəfdaş kimi baxır. O bildirib ki, Azərbaycan 11 sentyabrdan sonra Əfqanıstanla bağlı məsələlərdə ABŞ-ın yanında olub və digər məsələlərdə da onu dəstəkləyib:

“Lakin bu birtərəfli olmamalıdır. Qarşı tərəfdən də gözləntilər var. Nəyə görə ABŞ-dan baş verən hadisələrlə bağlı ölkəmiz haqqında layiqli cavab gəlmir? Xüsusilə də, Qarabağ məsələsində bizə dəstək göstərmirlər. Onlar yeganə dövlətdir ki, qondarma Dağlıq Qarabağa maliyyə dəstəyi göstərir. Ermənmistan mətbuatı yazır ki, ABŞ qondarma Qarabağ respublikasına 2 milyard maliyyə ayırıb. Bu qondarma rejimin ABŞ-da nümayəndəlikləri açılıb. Düşünürəm ki, bir gün qondarma Luqansk respublikası da ABŞ-a müraciət etsin ki, bizim də orada nümayəndəliyimiz açılsın. Azərbaycan ABŞ-ı strateji tərəfdaş tanıyır, lakin onun 5 ştatı qondarma respublikanı tanıyır. Bu ABŞ-ın imicinə də zərərdir. Düşünürəm ki, ABŞ-ın Azərbaycanla bağlı yürütdüyü siyasətdə dəyişiklik olmasa, belə olan halda, baş verəcək hadisələrə görə, bütün məsuliyyət ABŞ-ın üzərinə düşür. Ən əsası isə 907-ci maddə ləğv olunmayıb. İşğala məruz qalan da biz, günahkar da biz? Təəssüf ki, bütün bunlar reallıqdır. Çox istərdim ki, ABŞ-ın bu siyasəti məqsədyönlü və planlı olmasın”.

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, biz Amerikanı Minsk Qrupunun həmsədri kimi qəbul edəndə səhvə yol vermişik:

“Amerikada güclü erməni diasporası var. Qonrama Dağlıq Qarabağa Azərbaycandan üç dəfə çox yardım edilib. Bu yaxınlarda Amerikada irqçilik əleyhinə yürüşlər keçirilərkən Barak Obama dedi ki, bu bir mentalitet məsələsidir. Başqa ölkələrə gəldikdə isə, mentalitet nəzərə alınmır. Bu da onu göstərir ki, ikili standartlar hökm sürür”.

Millət vəkili Çingiz Qənizadə də ABŞ-ın Azərbaycana qarşı nümayiş etdirdiyi ikilisiyasəti tənqid edib:

“Niyə Qərb və ABŞ Azərbaycana qarşı münasibətdə ikili standart, ikili mövqe irəli sürür? Onların separatçı rejimlərə münasibəti göstərir ki, həqiqət belədir. Nə baş verir ki, bir ayda belə iki dinləmə keçirməyə vaxt tapılır və insanlar ora dəvət olunur? Bu dinləmələrdə Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı müəyyən iradlar irəli sürülür. Bu tədbirlərin nə qədər obyektiv olduğunu görmək üçün tədbir iştirakçılarına nəzər yetirmək kifayət edir. Bu tədbirlərdə ermənipərəst qüvvələr, erməni lobbisininn nümayəndələri və Azərbaycanda radikal müxalifətə meylli və bağlı qeyri-hökumət təşkilatlarında fəaliyyət göstərən adamlar iştirak edir”.

Millət vəkili əlavə edib ki, bir Azərbaycan vətəndaşı kimi qəbul etmədiyi məqam odur ki, bizim bu təmsilçilərimiz hətta separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən qüvvələrlə bir masa arxasında necə otururlar:

“Əgər həmin qüvvələr Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi hesab etmirsə, onlarla bir masa arxasında oturmağa dəyməz. Ancaq, təəssüf ki, bizim bəzi vətəndaşlarımız öz mənafeləri naminə bu məqamı arxa plana keçirirlər.
Azərbaycan müstəqilik əldə etdikdən sonra ölkəmizin milli maraqları hər şeydən önə çəkilib. Azərbaycanın milli maraqlardan bir addım kənara çəkilməyən siyasət yürütdüyü üçün bəzi dövlətlər ölkəmizə təzyiqi bu iki standartlarda görürlər”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti