“Azərbaycanı anti-Rusiya blokuna qoşmağa çalışırlar”

“Azərbaycanı anti-Rusiya blokuna qoşmağa çalışırlar”
  14 Fevral 2015    Oxunub:1790
“ABŞ-ın son dövrlər siyasi gündəmində Azərbaycanın belə mühüm yer alması, təkcə Cənubi Qafqaz siyasətinin önə çıxması ilə bağlı deyil, daha çox Azərbaycanın iki mühüm ölkəyə münasibəti ilə bağlıdır”.
AzVision.az xəbər verir ki, bunu millət vəkili Zahid Oruc deyib.

Millət vəkilinin fikrincə, Azərbaycanı anti-Rusiya blokuna qoşmağa çalışırlar, bu alınmır.

“Eyni zamanda Azərbaycanın İrana qarşı mövqeyində sərtləşməsini istəyirlər, bu da baş tutmur. Amma Azərbaycan anti-Amerika blokunda da yer almayıb. Nəyə görə biz bu məsələlərdə beynəlxalq dairələrin mövqeyini götürüb özümüzə tətbiq etməliyik?

Mən hesab edirəm ki, Azərbaycandan çıxmış Amerika fondları heç də demokratiyaya investisiya yatıran qüvvələr deyillər”.

Z.Oruc əlavə edib ki, həmin fondlar uzun illər boyu demokratiyanın investisiyası adı altında sadəcə legioner hazırlayıblar: “Azərbaycanın ABŞ-dan, Qərb dairələrindən gözləntiləri çox sadədir. Azərbaycan istəyir ki, burada çalışan səfirlər hansısa bir təlim düşərgəsi kimi xüsusi bir himayə olunan qüvvələri əllərində saxlamasınlar, yalnız bir ovuc üçüncü sektor təmsilçilərinin üzərindən Azərbaycan ilə siyasətlərini qurmasınlar, bir radionu Azərbaycan əlehinə propaqanda maşınına çevirməsinlər. Azərbaycan ABŞ və Qərb ilə münasibətləri zədələyəcək hər hansı addımlar atmayıb”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti