Artur Rasizadə Cavad Zəriflə görüşdü

Artur Rasizadə Cavad Zəriflə görüşdü
  17 Fevral 2015    Oxunub:1266
Fevralın 16-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında mövcud iqtisadi-mədəni əlaqələrdən söz açan tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd ediblər. Xüsusən enerji təchizatı, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət, turizm və digər sahələrdə aparılan müştərək işlərin səmərəli nəticələr verdiyi xatırlanaraq, bu istiqamətdə mütəmadi görüşlərin və təcrübə mübadiləsinin aparılmasının vacibliyi bildirilib.

Beynəlxalq əməkdaşlıq məsələlərinə toxunan tərəflər terrorçuluqla və ekstremizmlə mübarizə, habelə regional münaqişələrin həlli mövzusunda söhbət aparıblar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışarkən problemin yalnız beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyü bir daha vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.


Teqlər:  



Xəbər lenti