19 ildən sonra ana olan qadın öldü

19 ildən sonra ana olan qadın öldü
  17 Fevral 2015    Oxunub:3116
Bir neçə gün əvvəl daha bir qadın uşaq dünyaya gətirib öldü. Şabran rayonunun Uzunboyad kənd sakini Vəsilə Həmidova fevralın 10-da Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin doğum şöbəsində qeysəriyyə üsulu ilə əməliyyat olunaraq qız uşağı dünyaya gətirib.
Üstündən 3 gün keçəndən sonra səhər saatlarında ananın səhhəti kəskin pisləşib. Aparılan tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Onun 2 kq 700 qram çəkiyə malik olan uşağının vəziyyəti isə normaldır.

V.Həmidovanın ailəsi ananın ölümündə həkimlərin günahkar olduğunu iddia edirlər. Mərhumun atası Firudin Bağırov mətbuata açıqlamasında bildirdi ki, Vəsilə doğuşdan sonra kəskin ağrılarının olduğunu deyirdi. Həkimləri isə buna inandıra bilmədik. Zavallı qız 19 ildən sonra uşaq dünyaya gətirdi və rəhmətə getdi. Həkimi Aynur adlı xanım idi. Məsuliyyət onların üzərinə düşür.

Mərhumun əmisi Aydın Bağırov da Milli.Az-a açıqlamasında günahkar Aynur həkimi
hesab etdi:

"Qardaşımın balasının qanını batırmaq istəyirlər. Xəstə gecədən rəhmətə gedib, çağırıb səhər deyirlər ki, gəlin aparın. Belə vicdansızlıq olmaz. Aynur həkim onun ölümünə səbəb olub. Onu cəzalandırmaq lazımdır. Sağlam qadını öldürüb. Belə biabırçılığa son qoyulmalıdır. Hər gün ana ölümü eşidirik. Buna nə vaxt son qoyulacaq? Bacarmırdı, xəbər edəydi ki, bizim gücümüz deyil, Bakıya aparardıq".

Ölüm hadisəsində günahkar hesab edilən Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinin həkim mama-ginekoloqu Aynur Quliyeva milli.az-a açıqlamasında bildirdi ki, məhkəmə-tibbi ekspertizanın rəyi çıxandan sonra təqsirkar bilinəcək. Xəstənin valideynləri çox şey iddia edə bilər. Ölümdə ilkin ölüm səbəbi ağ ciyər arteriyasının tromb emboliyasıdır. Meyit müayinə üçün Xaçmaza aparıldı, Bakıdan tibbi ekspertizanın şöbə müdiri gəldi. Meyit yarıldı və ekspertizanın rəyi bir neçə günə açıqlanacaq.

Həkimin sözlərinə görə, xəstə doğuşdan sonra 4-cü sutkada, evə yazılmaq ərəfəsində rəhmətə getdi: "Qadın yüksək səviyyədə qeysəriyyə əməliyyatı olunub. Xəstə evə yazılacaqdı, beş dəqiqənin içərisində keçindi. Mərhumun yaxınları da deyir ki, qanaxmadan ölüb. Qanaxmadan söhbət gedə bilməz. Xəstə qeysəriyyədən iki, dörd saat sonra, bir sutka sonra ölə bilər. Dörd sutka qanaxma ilə xəstə qalmaz. Hər kəs bu məsələni araşdıranda başının üzərində Allahı görsün. Ekspertizanın rəyindən sonra hər şey açıqlanacaq".

(Milli.az)


Teqlər:



Xəbər lenti