Parlamentdə kütləvi dava - 4 deputat yaralandı (FOTOLAR)

Parlamentdə kütləvi dava - 4 deputat yaralandı (FOTOLAR)
  18 Fevral 2015    Oxunub:7456
Türkiyə Böyük Millət Məclisində “Daxili təhlükəsizlik paketi” adlandırılan qanun layihəsinin müzakirəsi zamanı hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkilləri ilə müxalifət partiyalarını təmsil edən parlamentarilər arasında dava düşüb.

AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dava zamanı Xalqın Demokratiya Partiyasından olan (HDP) millət vəkili Ərtoğrul Kürkçü və Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlar Musa Çam, Aykut Ərdoğdu yaralanıb.

Ərtoğrul Kürkçünün baş nahiyəsindən zərbə aldığı və yaralandığı bildirilir.

CHP-li millət vəkili Melda Onur mətbuata açıqlamasında bildirib ki, HDP-li qadın millət vəkilləri kürsüyə çıxmağa çalışanda AKP-li xanım həmkarları onlara mane olmağa çalışıb və nəticədə qarşıdurma yaranıb.

Dava əsnasında millət vəkilləri bir-birinə stəkan atıb və əlbəyaxa olub. Bu zaman millət vəkili Musa Çam güllərin üstünə yıxılıb. Ərtoğrul Kürkçü isə hurriyet-ə açıqlamasında bildirib ki, Səbahat Tuncelə vurulan yumruq zərbəsinin qarşısını almaq istəyəndə özü başından yaralanıb:

“Qanun layihəsinin müzakirəsi zamanı qaydaya uyğun olaraq biz də çıxış üçün söz istədik. Amma Məclisin sədr müavini AKP-li Ayşənir Bahçekapılı HDP-li İdrib Balukenin əvəzinə AKP-li Əlitaşa çıxış üçün söz verdi. Buna etiraz edən HDP-li xanım millət vəkilləri kürsüyə doğru gedib narazılıqlarını bildirmək istədilər. Bundan sonra AKP-li millət vəkilləri kütləvi halda bizə hücum etdilər. Dəmir oturacaqları bizə vurdular. Məclisdə həmişə qarşıdurma, gərginlik olub, amma heç vaxt beləsi olmayıb”.

Son məlumatlara görə, davada xəsarət alan millət vəkillərindən birinin qabırğası çatlayıb və o hazırda xəstəxanadadır.

















Fatimə Kərimli


Teqlər:  



Xəbər lenti