Xocalının deputatı: `23 ildir bizi aldadırlar...`

Xocalının deputatı: `23 ildir bizi aldadırlar...`
  18 Fevral 2015    Oxunub:1284
“ATƏT-in “Yerevan” qrupu var, Bakıya gəlmişdilər, indi Yerevana gediblər, oradan da Dağlıq Qarabağa gələcəklər, elə bil turizm şirkətidirlər”.
Bunu AzVision.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın kəlbəcərli girovlarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirən deputat qeyd edib ki, hamı fikir səsləndirir, amma fikirlə əməl vəhdət təşkil etməlidir:

“Hamı fikir səsləndirir, istər ABŞ, istər digər dövlətlər, istərsə də beynəlxalq təşkilatlar. Bunlar 23 ildir deyirlər ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq. Bizi aldadırlar, yalan danışırlar. Amma bu fikrin reallaşması, həmin ərazi bütövlüyünün təmin olunması, torpaqların işğaldan azad olunması üçün nə bu dövlətlər, nə də təşkilatlar bu günə qədər bir dəfə də olsun müsbət addım atmayıblar. Təcavüzkarı cəzalandıran, ona sanksiyalar tətbiq edən adddımlar yoxdur. Eləcə də bizim günahsız Kəlbəcər girovlarımız nahaq yerə görün, neçə müddətdir ki, Ermənistanda girov həyatı yaşayırlar. Onlarla bağlı müxtəlif rəsmilər və təşkialtlar fikir bildirirlər ki, onlar azad olunmalıdır”.

Belə olan halda girovların azad olunmalı olduğunu deyən E.Məmmədov ABŞ-ı Ermənistana havadarlıq etməkdə ittiham edib:

“Əgər belədirsə, siz də qüdrətli dövlətlərsiniz, səlahiyyətləri olan beynəlxalq qurumlarsınız, niyə onların azad olunmasına nail olmaq üçün tədbirlər görmürsüz? O cırtdan, işğalçı, separatçı dövlətə gücünüz çatmır? Həmin dövləti cəzalandırmaq əvəzinə onu dəstəkləyir, havadarlıq edir və müxtəlif yollarla yardım edirlər. Sözlə işin vəhdəti olmalıdır. ATƏT-in “Yerevan” qrupu var, Bakıya gəlmişdilər indi Yerevana gediblər, oradan da Dağlıq Qarabağa gələcəklər, elə bil turizm şirkətidirlər. Onlar da 20 ildir ki, bəyanat verməklə məşğuldurlar. Bu bəyanatlar nəyi həll edir? Boş söz yığınından başqa heç nə deyil. Ona görə də mən hesab edirəm ki, bunlar hamısı siyasi riyakarlıqlardır. Həmsədrlər boş-boş danışmağı bacarırlar, başqa heç nəyi”.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti