“Papaq nə vaxtdan qeyrət rəmzidir ki...?” - AMEA-ya cavab

“Papaq nə vaxtdan qeyrət rəmzidir ki...?” -  AMEA-ya cavab
  18 Fevral 2015    Oxunub:5441
AMEA-nın Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli Novruz bayramında qapılara papaq atmağın düzgün olmadığını və bu ənənənin aradan qaldırılması ilə bağlı təklif irəli sürüb.
Alim papağın qeyrət rəmzi olduğunu, ayaq altına atılmasının yalnış olduğunu deyib.

Folklorşünas Məhərrəm Qasımlı is Atəş Əhmədlinin iddialarını qəbul etməyib.

AzVision.az-a açıqlamasında M.Qasımlı bildirib ki, papaq atma ənənəsində heç bir təhqiredici hərəkət yoxdur.

“Təhqir o zaman ola bilər ki, dədəsinin, babasının papağını gətirib qapıya atsın. Qapıya uşağın papağı atıla bilər . 8-9-10 yaşındakı uşağın papağı nə papaqdır ki, qeyrət rəmzi də olsun. Qeyrət rəmzi yaşlı insanların papağı sayıla bilər. Uşaq ora gətirib atasının, babasının papağını atmır ki? Onun içinə zibil atmırlar ki, şirniyyatlar, konfetlər atırlar da. Burada hansı təhqirdən söhbət gedə bilər. Əsassız bir şeydir”.

M. Qasımlı keçmişdə oğlanların papaq əvəzinə qurşaq atmalarına da münasibət bildirib. Deyib ki, keçmişdə kişilər toqqa əvəzinə qurşaq bağlayırdılar. Və ola bilərdi ki, o zamanlar ondan istifadə edilsin.

“Ancaq geniş yayılan papaq atdı olub. Ancaq söhbət uşaq papağından gedir. Atəş Əhmədlinin təklif etdiyi üstündə keçəl, kosa və səməni şəkli olan torbalardan da istifadə etmək olar. Kim ona nə deyir ki? Ancaq dərd bundadır ki, artıq papaq atma ənənəsi yoxdur. Neçə ildir ki, bizim qapımıza papaq atan yoxdur. Elə bil ki, bu ənənə get-gedə unudulur. Mən onu unudulmaqda olan ənənə kimi qəbul edirəm”.

Şahanə RƏHİMLİ


Teqlər:



Xəbər lenti