“Fahişəlik bizim üçün ağrılı problemdir” – Hicran Hüseynova

  19 Fevral 2015    Oxunub : 1380
“Fahişəlik bizim üçün ağrılı problemdir” – Hicran Hüseynova
Azərbaycan qadın hüquqlarının təminatı istiqamətində fəaliyyət planı barədə BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğvi Komitəsində (CEDAW) hesabat verib.
Ailə, Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri Hicran Hüseynova deyib ki, Azərbaycan hökuməti dünyada iqtisadi böhran və Qarabağ münaqişənin davam etməsinə baxmayaraq qadınlara qarşı zorakılığın bütün formalarına qarşı mübarizə aparmaqda və CEDAW qarşısında götürdüyü öhdəlikləri tam yerinə yetirməkdə qərarlıdır.

CEDAW üzvü Nahla Haidar bildirib ki, 2009-cu ildə sonuncu hesabatdan bəri Azərbaycan genderdə hüquq siyasəti sahəsində müəyyən yeniliklər edib, yeni qanun layihələri qəbul edib. Xüsusilə də 2010-cu ildə məişət zorakılığına qarşı qanun qəbul edilib və bu, ənənələrin, mentalitet və stereotiplərin mövcud olduğu bir ölkə üçün çox vacibdir.

Lakin xanım Haidar qeyd edib ki, verilən hesabatda kəmiyyət və keyfiyyət informasiya çatışmazlığı müşahidə edilir: “Alternativ mənbələrdən öyrənmişik ki, 2014-cü ildə ölkədə müstəqil qeyri-hökumət təşkilatlarının (QHT) işinə maneə törədə biləcək qanun dəyişiklikləri edilib. Şəffaflıq, vergi və maliyyədən istifadə istiqamətində olan dəyişikliklər QHT-lərin ölkədə işinə mane olur və bəzən də qəbul edilmiş qaydalardan çox uzaqda qalır. Halbuki 2013-cü ildə ölkə sivil cəmiyyətin inkişaf etdirilməsi üçün əlavə qaydalara imza atıb”.

Bu baxımdan xanım Haidar ölkədə onsuz da az olan və resurs azlığı yaşayan qadın hüquqları QHT-lərinin vəziyyəti ilə maraqlanıb.

Xanım Patten isə qadınların sülh yaratma proseslərində, yüksək və qərar verən vəzifələrdə iştirakçılığı ilə maraqlanıb: “Mən sizdən hökumətinizin hərbiləşmə üçün nə qədər maliyyə ayırması deyil, münaqişə nəticəsində zərər görmüş qadın və uşaqlara nə yardım göstərilməsi ilə maraqlanıram”.

Hicran Hüseynova bu suallara cavab olaraq bildirib ki, qadınların dövlət işlərində iştirakçılığının artırılması üçün onlara müəyyən təlimlər keçirilir:“Lakin Azərbaycanda dövlət işinə daxil olmaq test üsulu ilədir”.

QHT-lərə gəldikdə isə H.Hüseynova deyib ki, QHT-lərin qrant alması üçün QHT-lərə Dövlət Yardım Şurası yaradılıb. Bu şurada mövcud gender bölməsi xüsusilə bu mövzularda işləyən təşkilatlara maliyyə verir: “Lakin real QHT-lərlə digərlərini ayırmaq lazımdır. Məişət zorakılığı və erkən nikahlar barədə 50-60 QHT var və hamı bu mövzudan işləmək istəyir, bu isə effektiv deyil”.

Ədliyyə Nazirliyinin İnsan Haqları və PR şöbəsinin rəhbəri Faiq Qurbanov isə bildirib ki, indiyə qədər gender barədə 18 normativ akt qəbul edilib, eləcə də QHT Şurası 11 milyon manatdan çox qrant ayırıb.

QHT-lər barədə qanunların dəyişməsinə gəlincə isə F.Qurbanov deyib əsasən donor mexanizmləri dəyişilib ki, bütün QHT-lər sosial proseslərə faydalı olsun. Hazırda bu sahə üzrə daha 6 qanun aktı planlaşdırılır.

Xanım Acar bildirib ki, gender bərabərliyi barədə 2006-cı ildə və məişət zorakılığına qarşı 2010-cu ildə qanunlar qəbul edilsə də onları həyata keçirmək reallıqda asan deyil. Xüsusilə patriarxal və stereotiplərlə dolu cəmiyyətlərdə: “Bizdə belə məlumat var ki, qadın məsələləri barədə milli fəaliyyət planı da yoxdur və ya ictimailəşdirilməyib. Mən bilmək istəyirəm ki, dövlət bu diskriminasiyanın qarşısını almaq üçün hansı addımlar atır və İşgəncələrə qarşı İstanbul Konvensiyasını nə zaman qəbul edəcək?”.

Xanım Haidar əlavə edib ki, fahişəliyə və insan traffikinqinə əsasən kasıb təbəqə məruz qalır. O həmçinin küçədəki uşaqlar barədə statistika və məlumat istəyib.
Xanım Leynardo isə deyib ki, hesabatda fahişəlik, qadın və qızların fahişəliyə cəlbi, eləcə də onların sayı barədə barədə məlumat yoxdur.

Hicran Hüseynova cavab olaraq deyib ki, 2000-ci ildə qadınların yüksək vəzifələrə təyini barədə qanun qəbul edilib, amma bu, əsasən dövlət və bəzi özəl sektora aiddir: “Lakin böyük işlər görülüb, regionlarda rəhbər vəzifələrə qadınlar təyin edilir, deputatlığa namizədlər arasında qadınların sayı artır. Lakin stereotiplər var ki, qadınlar özləri uzaq qaçır”.

H.Hüseynova bildirib ki, təkcə hakim Yeni Azərbaycan Partiyasından olan deputatlarnı 40 faizi qadınlardır və digər partiyalar da bu məsələyə diqqət yetirməlidir.

Onun sözlərinə görə, diskriminasiya ilə üzləşən qadınlar Dövlət Komitəsinin qaynar xəttinə müraciət edə bilər. Komitə sədri vurğulayıb ki, biznes və QHT sektorunda işləmək istəyən qadınlara da yardım edilir. Hüquq-mühafizə orqanlarına gəldikdə isə burada işçilər əsasən Polis Akademiyasından gəldiyi üçün qadınların sayı psixoloqlar və müəllimlərin hesabına artırılır.

H.Hüseynova bildirib ki, qadın məsələləri üzrə milli planı isə hazırlanır və qəbul ediləcəyinə ümid edir.

Təhsil Nazirliyinin nümayəndəsi bildirib ki, nazirlik təhsil ocaqlarında gender bərabərsizliyini azaldan işlər aparır.

H.Hüseynova bildirib ki, 2010-cu ildən Dövlət Komitəsi sağlam həyat barədə KİV-lərlə çalışır. Polis Akademiyası və Ədliyyə Nazirliyində təlimlər keçirir. 36 QHT bu işlər ətrafında işləyir: “İstanbul Konvensiyasının ratifikasiyası ilə bağlı deyə bilərəm ki, Azərbaycanın bu konvensiyaya qoşulması ilə bağlı heç bir problem yoxdur. Müəyyən müzakirələrdən sonra bu da ediləcək”.

İnsan traffikinq probleminə toxunan daxili işlər nazirinin müavini Oruc Zalov deyib elə bir ölkə yoxdur ki, orada insan traffikinqi insanlıq üçün böyük problem olmasın: “Bununla mübarizə aparmaq üçün müəyyən qanunlarımız var, sosial reabilitasiya və şəffaflıq üçün işlər aparılır, qaynar xətt yaradılıb.

2014-cü il statistikasına görə, 97 traffikinq halı qeydə alınıb ki, onun 4-ü məcburi əmək, 3-ü qeyri-qanuni sənədləşmə, daha 3-ü insan traffikinqidir, 54 qurban müəyyənləşib.

Qaynar xəttimizlə bir neçə yüz traffikinq şikayəti və yardım istəmə daxil olub, bunlardan çoxu 24 yaşdan qadınlar olub. Ümumilikdə isə insan traffikinqi ilə əlaqəli 3460 hal olub ki, nəticədə 4 nəfər insan traffikiqinə cəlb edən, 233 yalancı xarici iş və 240 xarici evlilik aşkarlanıb”.

“Fahişəlik bütün ölkələr kimi bizim üçün də ağrılı və real problem olsa da bu, xalqın real mentalitetinə uyğun deyil. Əgər statistikaya baxsaq, görərik ki, Azərbaycanda böyük bir problem deyil” - deyə H.Hüseynova əlavə edib.

Komitə sədri deyib ki, 2008-ci ldə 120 fahişəlik halı müşahidə edilib, həmçinin fahişəliyə cəlbin arxasında duran səbəbləri araşdırmaq üçün işlər aparılır.
Hesabatda toxunulan mövzular - stereotiplər və erkən nikahın artmasına şərait yaradan patriarxal münasibətləri aradan qaldırmaq üçün tədbirlər, qadın və qız uşaqlarının alverinə qarşı mübarizə səyləri, doğulan uşağın cinsinə nəzarət metodu kimi istifadə olunan abortların tənzimlənməsi üzrə tədbirlər, əmək haqlarında gender əsaslı fərqlərin aradan qaldırılması, keçmiş SSRİ vətəndaşlarının sayının çoxluğunu nəzərə alaraq və vətəndaşsızlıq sisteminin yaradılması üçün prosedurların yaradılmasıdır (BBC).

Teqlər: