Jurnalistlər düşmənlə üzbəüz

Jurnalistlər düşmənlə üzbəüz
  19 Fevral 2015    Oxunub:2076
Təhsil Nazirliyinin Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı cəbhəyanı ərazilərdəki təhsil müəssisələrinə təşkil etdiyi mediatur başlayıb.
AzVision.az-ın mediaturda iştirak edən əməkdaşının verdiyi məlumata görə, KİV nümayəndələri və nazirlik rəsmilərinin iştirak etdiyi ilk görüş Ağcabədi rayonu Hindarx qəsəbəsindəki Milli Qəhrəman Etibar İsmayılov adına 1 saylı orta məktəbdə olub.

Media nümayəndələri məktəbdə keçirilən bir neçə dərsdə iştirak edib. Rayon təhsil şöbəsinin müdiri Mehdi Əhmədov bildirib ki, Hindarx qəsəbəsi təmas xəttindən 15 km məsafədə yerləşir.

Məktəbin direktoru Qaryağdı Qarayev isə bildirib ki, orta məktəbdə 729 şagird təhsil alır. Onlara 96 müəllim dərs keçir. Ali məktəblərə qəbul prosesinə gəlincə, təhsil müəssisəsinin rəhbəri qeyd etdi ki, ötən il məktəbin 14 şagirdi tələbə adını qazanıb. Daha sonra media nümayəndələri məktəbdə keçirilən dərslərdə oldu.

İştirak etdiyimiz dərslərdən biri də hərbi dərs idi. Burada şagirdlərə Xocalı faciəsi, eləcə də, döyüşlərdə istifadə edilən silah-sursatlar barədə geniş məlumat verilib. Lakin təəssüf doğuran məqamlardan biri odur ki, cəbhə bölgəsində yerləşən məktəbdə hərbi dərslər əyani vasitələr (lazimi silah-sursat) olmadan keçirilir. Bu da şagirdlərin hərbi biliyinə öz mənfi təsirini göstərir. Təhsil müəssisəsindən belə bir problemin olduğunu etiraf ediblər.

Bildiriblər ki, silahlar məktəblərdən ötən əsrin 80-ci illərin sonundan yığışdırılıb.

Qeyd edək ki, səfərin təşkilində məqsəd dövlət başçısının “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında” sərəncamına uyğun olaraq, ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir. Mediatur çərçivəsində KİV təmsilçilərinin cəbhəyanı bölgələrdə yerləşən məktəblərin pedaqoji kollektivləri və şagirdlərlə görüşü təşkil olunacaq. Səfər zamanı pedaqoji kollektiv və şagirdlərin ölkəmizin ərazi bütövlüyü uğrunda göstərdiyi şücaətə görə Milli Qəhrəman adına layiq görülən insanlarla görüşünün keçirilməsi də nəzərdə tutulur. Mediatur çərçivəsində şagirdlərin bölgədə yerləşən “N” saylı hərbi hissəyə səfəri də təşkil ediləcək.

AzVision.az


Teqlər:



Xəbər lenti