Məmmədyarov Marqvelaşvili ilə görüşdü

Məmmədyarov Marqvelaşvili ilə görüşdü
  19 Fevral 2015    Oxunub:1565
Xarici işlər Naziri Elmar Məmmədyarov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstanın Prezidenti cənab Giorgi Marqvelaşvili ilə görüşüb.
Elmar Məmmədyarov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Giorgi Marqvelaşviliyə çatdırıb.

Prezident Giorgi Marqvelaşvili səmimi salamlarının və ən xoş arzularının Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə çatdırılmasını xahiş edib.

Prezident Giorgi Marqvelaşvili Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq əlaqələrinin region üçün böyük əhəmiyyət kəsb etdiyini qeyd edib. İkitərəfli formatda olduğu kimi ölkələrimizin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən üçtərəfli çərçivədə də uğurla əməkdaşlıq etdiyini vurğulayıb.

Elmar Məmmədyarov həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin ölkələrimizin müstəqilliyinin möhkəmlənməsinə, inkişafına və regional çiçəklənməyə xidmət etdiyini bildirib.

Bakı-Tbilisi-Qars dəmir-yol layihəsinin ölkələrimizin regional mövqeyinin güclənməsinə töhfə verdiyini deyən Elmar Məmmədyarov bu layihəyə Orta Asiya dövlətlərinin də ciddi maraq göstərdiyini diqqətə çatdırıb.

O, üçtərəfli əsasda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının əhəmiyyətini qeyd edib.

Görüşdə Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı dəstək ifadə olunub.

AzVision.az


Teqlər:  



Xəbər lenti