İranın Azərbaycana münasibəti niyə dəyişdi? – TƏHLİL

İranın Azərbaycana münasibəti niyə dəyişdi? – TƏHLİL
  20 Fevral 2015    Oxunub:3893
İranla Azərbaycan arasında sabit iqtisadi-siyasi əməkdaşlıq olsa da, iki ölkənin münasibətlərində sərinlik müşahidə olunurdu. İranın Ermənistanı dəstəkləməsi Bakını qane etmirdi, Tehran isə Azərbaycan-İsrail münasibətlərinin inkişafından narahat idi.

2012-ci ilin ortalarında iki ölkə arasında münasibətlərdə gərginlik pik nöqtəyə çatmışdı. Həmin vaxt ABŞ-ın İrana hərbi müdaxilə planları gündəmdə idi və Azərbaycan ərazisindən İrana hücum üçün istifadə ediləcəyi barədə məlumatlar yayılmışdı. Azərbaycan rəsmi şəkildə bu məlumatları təkzib edir, İsraillə hərbi sahədə əməkdaşlığını Ermənistanla müharibə şəraitində olması ilə əlaqələndirirdi.

Amma son iki il ərzində İranla Azərbaycanın münasibətləri müsbət mənada inkişaf edir və Tehran əlaqələrin yaxşılaşmasına xüsusi səy göstərir. İslam Respublikasının xarici siyasət idarəsinin rəhbəri Məhəmməd Cavad Zərifin son bəyanatında qeyd olunur ki, Tehran Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və hətta lazım gələrsə, münaqişənin həllində vasitəçi qismində iştirak edə bilər.

İranın Azərbaycanla münasibətlərinin yaxşılaşması birincisi, ümumi geosiyasi vəziyyətin dəyişməsi ilə bağlıdır. 2012-ci ilin sonlarından etibarən Amerika İrana və Suriyaya qarşı təzyiqləri dayandırdı və Tehrana qarşı tətbiq olunan sanksiyaları müvəqqəti də olsa, ləğv etdi. Bundan sonra, Ukraynadakı böhran başladı və ardınca sanksiyalar Rusiyaya qarşı yönəldi. Neftin qiymətinin düşməsindən narahat olan Kreml dərhal İranın regiondakı rəqibi sayılan Səudiyyə Ərəbistanı ilə münasibətləri yaxşılaşdırmağa başladı. Rusiyanın sünnilərə yönəlməsi Tehranın xarici siyasi prioritetlərinə bəzi düzəlişər olunmasına vadar edirdi.

Artıq Rusiya Yaxın Şərqdə İrana – ümumiyyətlə “şiə oxu”na dəstək göstərə bilmirdi. Buna birincisi, onun Ukrayna böhranı ilə bağlı düşdüyü geosiyasi vəziyyət, maliyyə resurslarının azalması və məcburiyyətdən sünnilərlə yaxınlaşması imkan vermirdi. Yeri gəlmişkən, qeyd edək ki, Kreml sünni ərəb dövlətləri ilə yaxınlaşmağına Ankaranın vasitəçilik etməsinə də ümid bağlaya bilərdi. AKP hökümətinin ərəb şeyxlərilə uğurlu işbirliyi qurması barədə Moskva məlumatsız deyil.

İran isə, sanksiyalardan sonra iqdisadiyyatını dirçəltməli və maliyyə resurslarını artırmalı idi ki, birincisi, Yaxın Şərqdə regional mərkəz kimi gücünü saxlasın və nüvə proqramını başa çatdıra bilsin. Neftin qiymətinin düşməsi Hörmüz boğazı vasitəsilə neft ixrac edən İran üçün növbəti maneə oldu. Odur ki, Tehran qazın ixracı üçün ucuz və əlverişli marşrut axtarışına başladı.

Tehran çoxdandır Avropaya qazını ixrac etməyə çalışır və hələ 2010-cu ildə Suriya ərazisindən qaz ixrac kəmərinin çəkilməsi barədə razılıq əldə olunmuşdu. Lakin məlum inqilab İranın bu planının reallaşmasına imkan vermədi. Buna görə İranın qaz ixrac etmək üçün yeganə çıxış yolu Azərbaycanın müəllifi olduğu TANAP-a qoşulması idi. İrandan çəkilən qaz xəttinin Türkiyə ərazisində TANAP-a qoşulması mümkündür.

Rusiyanın Qara Dənizin dibi ilə Türkiyəyə keçirməyə planlaşdırdığı “Mavi axın”, yaxud “Türk axını” adlanan layihəyə İranın qoşulmamasının səbəbi birincisi, Moskvanın sünnilərlə işbirliyinə girmək istəməsi, ikincisi isə, Qərbin həmin layihəyə dəstək verməməsilə bağlıdır.

Beləliklə, İranın TANAP-a qoşulmaq istəyi Bakı-Tehran əlaqələrində yeni səhifə açdı. Tərəflər arasında kifayət qədər həlli vacib məsələlər var. Məsələn, Xəzərin statusu ilə bağlı Azərbaycan və İran arasında hələ ki, razılıq əldə olunmayıb. İranın TANAP-ın reallaşmasında maraqlı olması avtomatik Transxəzər kəmərinin çəkilişində maraqlı olması anlamına gəlir. Bu xəttin çəkilməsi üçün isə Xəzərin hüquqi statusunun həll edilməsi vacibdir. Əks halda Türkmənistanın bu layihəyə qoşulması sual altına düşür. Odur ki, Tehran Xəzərin statusu məsələsinə daha konstruktiv yanaşmalı olacaq.

Dağlıq Qarabağ münaqişəsinə gəlincə, İran iqtisadi maraqlarından irəli gələrək məcburdur ki, Azərbaycanın tələblərinə hansısa mənada qarşılıq versin. Eyni zamanda, regional münaqişənin həllinə cəlb olunması İranı bir növ beynəlxalq izolyasiyadan çıxaracaq və müsbət imicinin formalaşmasına yardımçı olacaq. Unutmaq olmaz ki, İran Ermənistana qarşı güclü təsir imkanlarına malikdir və bu vasitələrdən istifadə edərək, hansısa nəticə əldə edə bilər. Odur ki, Tehran bu üstünlüyündən yararlanaraq, regionda effektivliyini nümayiş etdirə və müəyyən nüfuz qazana bilər. Bununla Türkiyənin regiondakı təsirini belə, aşağı salması mümkündür. Teran bu yolda çox gecikib və Ankaranı qabaqlaması üçün tez bir zamanda effektiv yol tapmalıdır. Çünki, Bakı-Tbilisi-Qars dəmir yoluna Naxçıvanın da qoşulma planları Azərbaycanın nəqliyyat cəhətdən də İrandan asılılığını aradan qaldırır və Ermənistan istisna olmaqla bütün Cənubi Qafqaz möhkəm iqtisadi bağlarla Türkiyəyə bağlanır.

Tofiq Əsgərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti