Macarıstanda “Bakı 2015”in təqdimatı oldu

Macarıstanda “Bakı 2015”in təqdimatı oldu
  21 Fevral 2015    Oxunub:1545
Macarıstanın paytaxtı Budapeşt şəhərində, Dunay çayının sahilində yerləşən tarixi “Viqado” konsert sarayında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycanın Macarıstandakı səfirliyinin dəstəyi ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təqdimatı keçirilib.
AzVision.az xəbər verir ki, tədbirdə Macarıstanın humanitar resurslar naziri Zoltan Baloq, Budapeşt şəhərinin meri İştvan Tarloş, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, deputatlar, Macarıstanda akkreditə olunmuş səfirliklərin nümayəndələri, bu ölkənin idman veteranları və birinci Avropa Oyunlarında iştirak edəcək idmançılar, Macarıstanda işləyən və yaşayan azərbaycanlılar iştirak ediblər.

Mərasimdən əvvəl gənclər və idman naziri Azad Rəhimov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Olimpiya Komitəsinin idman məsələləri üzrə direktoru Laszlo Fabian birgə mətbuat konfransı keçiriblər. “Bakı-2015” Avropa Oyunlarının qısa təqdimatından sonra jurnalistlərin sualları cavablandırılıb. Suallar əsasən Avropa Oyunlarına hazırlıq, bu Oyunlara ayrılan büdcə, idmançılar və jurnalistlər üçün yaradılan şərait barədə verilib.

Laszlo Fabian Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu deyib. O, Bakıdan yeni qayıtdığını və hazırlıq işlərinin yüksək səviyyədə aparıldığını qeyd edib.

Azad Rəhimov jurnalistlərin suallarını cavablandırıb, onları Bakıya dəvət edib. Nazir bir çox televiziya kanallarına müsahibələr verib.

AzVision.az


Teqlər:  



Xəbər lenti