“Bütün dini abidələri bərpa edəcəyik”

“Bütün dini abidələri bərpa edəcəyik”
  18 May 2013    Oxunub:1707
“Şamaxı Cümə məscidinin bərpası əslində Azərbaycanda bütövlükdə gedən işlərin təzahürüdür”
“Biz öz dini və milli ənənələrimizə sadiqik. Bu möhkəm təməl üzərində müasir dövlət, müasir Azərbaycan qururuq. Müstəqil, azad Azərbaycan dövləti bu böyük işin öhdəsindən layiqincə gələ bilib. Bu gündən başlayaraq məsciddə bütün lazımi mərasimlər keçiriləcək”.

AzVision.az-ın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev Şamaxı Cümə məscidi əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilməsi ilə bağlı keçirilən mərasimdə etdiyi çıxışı zamanı bu sözləri deyib.

“Azərbaycan dövləti öz keçmişinə sadiqdir. Azərbaycanda bütün dini abidələr bərpa edilir, təmir olunur. Sovet dövründə Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı 1800-ə yaxındır. Bu, onu göstərir ki, hətta sovet dövründə insanların qəlbində olan imanı öldürə bilməyiblər. Azərbaycan xalqı öz müqəddəs dininə olan hörmətini, məhəbbətini ürəyində saxlayıb və yaşadıb».
Prezident Əliyev məscidlərin tikintisi və bərpasının dövlət siyasəti olduğunu vurğulayıb: «Bundan sonra da biz bu yolla gedəcəyik. Bütün dini abidələrimizi bərpa edəcəyik və edirik. Qeyd etmək istəyirəm ki, son 10 il ərzində Azərbaycanda 200-dən çox məscid tikilib, 80-dən çox məscid təmir edilib.
Hazırda xalqımız üçün böyük əhəmiyyət daşıyan İmamzadə dini-tarixi memarlıq abidəsi bərpa edilir. Bakının Binəqədi rayonunda Azərbaycanın ən böyük məscidi inşa olunur. Bütün müsəlman ölkələri ilə biz çox mehriban münasibətlər qurmaq əzmindəyik. Əslində bunu etmişik. İslam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Azərbaycan bu təşkilatın fəaliyyəti üçün lazımi töhfələr verir. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə aparılan işləri çox yüksək qiymətləndirir. Biz çalışmalıyıq ki, bundan sonra da islam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı əlaqələri genişləndirək. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının xətti ilə Bakıda nazirlər səviyyəsində mötəbər tədbir keçirilib. Belə tədbirlərin sayı getdikcə artmaqdadır. Eyni zamanda, Azərbaycanda müxtəlif humanitar forumlar keçirilir. Dünya dinlərinin liderlərinin zirvə görüşü keçirilib. Bu ayın sonunda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi nəzərdə tutulur. Yəni, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaq. Azərbaycanda nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və əminəm ki, olmayacaq».

Azərbaycan prezidenti dünyada gedən bəzi proseslərdən narahat olduğunu qeyd edib: «İslam dininə qarşı ədalətsiz münasibət sərgilənir. Bəzi ölkələrdə islamofobiya meyilləri güclənir. İslam mərhəmət dinidir. Çalışmalıyıq ki, əməli addımlarla dünyada islam dini haqqında dolğun və ədalətli məlumatları çatdıraq. Deyə bilərəm ki, Azərbaycan bu istiqamətdə kompleks tədbirlər görür. Keçən ilin sentyabr ayında dünyanın ən böyük muzeyi olan Parisdəki Luvr muzeyində islam mədəniyyəti bölməsinin açılışı olub. Azərbaycan bu bölmənin yaradılması üçün öz dəstəyini verib. Bu, əslində bizim bütün islam mədəniyyətinə olan töhfəmizdir. Eyni zamanda, bir neçə ay bundan əvvəl Vatikanda ilk dəfə olaraq müsəlman ölkəsinin sərgisi keçirilib. Bu da Azərbaycan sərgisi idi. Yəni, biz çalışırıq və birgə səylərlə çalışmalıyıq ki, islam mədəniyyəti, dəyərləri haqqında dünyaya dolğun məlumat çatdıraq. Bəzi hallarda qəsdən müsəlmanlar haqqında çox yanlış təsəvvür yaradılır. Bəzi hallarda kütləvi informasiya vasitələri bu məsələnin dərinləşməsində öz rolunu oynayır».

Prezident çıxışında Dağlıq Qarabağ probleminə də toxunub: «Hazırda işğal altında olan Şuşa məscidi, Ağdam məscidi, işğal altında olan digər məscidlər yarıdağılmış vəziyyətdədir. Ancaq gün gələcək biz o məscidləri də bərpa edəcəyik. Şuşa məscidini də, Ağdam məscidini də, işğal altında olan digər məscidləri də bərpa edəcəyik. İşğalçıları Azərbaycan torpaqlarından qovacağıq. Azərbaycan bayrağı Şuşada, Xankəndidə, işğal olunmuş bütün torpaqlarda dalğalanacaqdır. Mən əminəm ki, o gün gələcək. O günü yaxınlaşdırmaq üçün bütün Azərbaycan cəmiyyəti, Azərbaycan vətəndaşları bir nöqtəyə vurmalıdır. Ölkəmizi gücləndirməliyik, ölkəmizi hərtərəfli inkişaf etdirməliyik. Biz tarixi ədaləti bərpa edirik. Bu gün Azərbaycan azaddır, müstəqildir. Müstəqil Azərbaycan öz tarixi keçmişini qorumağa da və gələcəyə inamla baxmağa da qadirdir».

AzVision.az



Teqlər:  





Xəbər lenti