Nəticələr yaxın günlərdə açıqlanacaq - TQDK

Nəticələr yaxın günlərdə açıqlanacaq - TQDK
  23 Fevral 2015    Oxunub:2307
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 22-də 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsini keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AzVision.az-a verilən məlumata görə, bu gündən etibarən Komissiyada imtahan protokollarının və cavab kartlarının emalına başlanacaq. Nəticələrin yaxın günlərdə elan olunması nəzərdə tutulur.

İmtahan Respublikanın 6 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərlərində, ümumilikdə 38 imtahan mərkəzində aparılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanmış və 2 saat 30 dəqiqə davam edib.

Bütün binalarda imtahan təlimata uyğun olaraq keçirilib, bakalavrların öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, imtahan prosesinə orta ümumtəhsil müəssisələrindən cəlb olunmuş nəzarətçi müəllimlər, AMEA və ayrı-ayrı dövlət strukturlarından olan imtahan rəhbərləri imtahan mərkəzlərinə mütəşəkkil qaydada vaxtında gəlmiş və prosesin təlimata uyğun olaraq aparılmasında öz üzərlərinə düşən vəzifəni lazımi qaydada yerinə yetiriblər. Xüsusi Dövlət Mühafizə Xidmətinin çoxsaylı əməkdaşları imtahan prosesinin təhlükəsizliyini yüksək səviyyədə təmin etmişlər. Daxili İşlər Nazirliyinin, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, eləcə də Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarının peşəkarlığı çətin hava şəraitində imtahan prosesinin tələb olunan səviyyədə keçirilməsində mühüm rol oynayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəhbərliyi bugünkü imtahan prosesində Komissiya ilə əməkdaşlıq edən zal nəzarətçilərinə, imtahan rəhbərlərinə və yuxarıda adları qeyd olunan qurumaların əməkdaşlarına öz dərin minnətdarlığını bildirir.

Sevinc İltifatqızı


Teqlər:





Xəbər lenti