`Əli Kərimlinin partiyasından yeni istefa olacaq`

  23 Fevral 2015    Oxunub : 1615
`Əli Kərimlinin partiyasından yeni istefa olacaq`
Ötən həftə daxili siyasətdə əsas müzakirə mövzusu olan məsələlərdən biri də Razi Nurullayevin Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini postundan istefa verməsi oldu. Nurullayevin AXCP-dən istefasından sonra daha bir neçə şəxsin də partiyadan uzaqlaşacağı mümkün görünür. Çünki Razi Nurullayevin bu partiyada kifayət qədər tərəfdarı var.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı da bu fikirdədir:

- Əvvəla, onu qeyd edim ki, son 6 ayda Əli Kərimlinin ikinci müavini ondan imtina edir. Razi Nurullayevdən əvvəl Asəf Quliyev də Əli Kərimlinin müavini postundan istefa vermişdi. Bir neçə müşaviri - Rəsul Həşimli, Şakir Abbasov Zərifə Məhəddinova da bu yaxınlarda Əli Kərimlidən imtina ediblər. Əli Kərimli Azərbaycan siyasətində yeganə adamdır ki, onunla uzun müddət yol getmək olmur. Bu adam öz tələbə yoldaşlarına, birgə yaratdığı təşkilatın təsisçilərinə, partiyada birgə çalışdığı insanlara, ona çox böyük dəstək olmuş AXCP-nin sədri mərhum Əbülfəz Elçibəyə və nəhayət, özünün müavinlərinə də xəyanət etməyi bacaran biridir. Siyasətlə məşğul olan hər kəs bilir ki, Əli Kərimli Azərbaycan siyasətinin xəyanət simvoludur. Əbülfəz Elçibəy dünyasını dəyişən kimi, partiyanın ali orqanında təmsil olunan 19 nəfərlik AXCP Rəyasət Heyətinin bir nəfər üzvü belə, onun yanında qalmadı. Kimlər idi bunlar? Novella Cəfəroğlu, Akif İslamzadə, İbrahim Vəliyev, Asim Mollazadə, Mirmahmud Mirəlioğlu, Bahəddin Həziyev, Qüdrət Həsənquliyev, Fuad Mustafayev, Əliməmməd Nuriyev, Arif Paşa, Xaləddin İbrahimli, Qulamhüseyn Əlibəyli, Əli Məsimli və s. Əbülfəz Elçibəyin müavinlərindən, müşavirlərindən biri də Əli Kərimli ilə yolunu davam etdirmədi.

Heç bir partiyada bu qədər istefa verən olmayıb. Və sədrə qarşı bu qədər etimadsızlıq göstərilməyib. İndi baxın görün, kimlər var onun yanında? Motellərdə videosu çəkilən Natiq Ədilov Əli Kərimlinin Rəyasət Heyətinin üzvü, söz sahibi olub. Əli Kərimli rəzil gündədir. Razı Nurullayev çox sonralar - 2010-cu ildən,- Əli Kərimlinin yanına gedənlərdəndir. İş orasındadır ki, nəinki köhnə hərəkatçılar, cəbhəçilər Əli Kərimlidən imtina edir, ona sonradan qoşulan şəxslər də onun əsl simasını görəndən sonra dərhal istefa verib, uzaqlaşırlar.

Məncə, bu məsələdə ən çox Razi Nurullayev qazandı. Necə deyərlər, ziyanın yarısından qayıtmaq da xeyirdir.

- Razi Nurullayevin istefası digər cəbhəçilərin də partiyadan ayrılmasına səbəb ola bilərmi?

- Mətbuatdan Razi Nurullayevin istefa verməsinin səbəblərini oxudum. Demək olar ki, Əli Kərimlinin yanından gedən adamların hər birinin dediklərini deyib: “Əli Kərimlinin `partiya` dediyi səhmdar təşkilat kimi bir qurumdur. Hər bir cəbhəçi onun səhmdarıdır. Razıyam ki, birinin bir, o birinin iki, bəzilərinin isə 100 səhmi ola bilər. Amma, 20 ildir ki, insanların səhmi əlində yanıb. Onlar bu səhmlərdən xeyir götürə bilməyiblər. Bütün səhmlər Əli Kərimliyə xidmət edib və etməkdədir. Biz niyə cəbhəçinin başının altına hər dəfə yastıq qoymalıyıq ki, gəlirik? Axı necə gəlirik, niyə cəbhəçilərə yalan söyləməkdə davam edirik? Buna qarşı oldum. Mən səhmimdən istifadə etmək istədim, səhmdar hüququmdan istifadə edib, dəyişiklik gətirmək istədim. Niyə hər zaman siz deyən düzdür? Vaxtınızın çoxu kim-kimi “like” edir, kim kimə “comment” yazır və kim-kimi paylaşır kimi mənasız işlərə gedir. Ən xırda detalları belə özünüz edirsiniz. O qədər xırda işlərlə məşğulsunuz ki, böyük işlərə zaman qalmır. Bu xasiyyətinizin bizi irəli apara biləcəyi düşüncəsində deyiləm". Bütün bunları Əli Kərimlinin 5 il müavini işləmiş Razi Nurullayev deyir. Facebook-da təzə səhifə açan 15-16 yaşlı gənclər xoşlayırlar ki, dostları bunun paylaşımlarını "like" eləsin. Bax, bu gün Əli Kərimli həmin gənclər kimi "like"-a sevinənlərdəndir. Uşaq kimi. Əbülfəz Elçibəy Əli Kərimli haqqında demişdi ki, `Qorxuram, Əli Kərimli 50 yaşında da uşaq kimi qalsın`. Görünür, Əbülfəz bəy çox haqlı imiş. Bu adam hələ də uşaq psixologiyasından ayılmayıb.

Razı bəyin dediyi digər fakt odur ki, facebook-a saxta profilləri gətirən adam Əli Kərimlidir. Deyilənə görə, özü də daxil olmaqla ətrafında olan 5-10 nəfərin hərəsinə 200-300 saxta profillər açdırb və bununla özünə "like" topladır. Buna birmənalı şəkildə inanıram. Bilirsiniz ki, mən facebook-da Azərbaycanın ən böyük - 300 000-lik qrupunun yaradıcılarındanam və sosial şəbəkədən geniş istifadə edirəm. Hər zaman da görmüşəm ki, saxta profillərlə insanları təhqir edən şəxslər hər yerdə Əli Kərimlinin təbliğatını aparır. Bu da o deməkdir ki, bütün bunların göstərişini Əli Kərimli verir. Bu faktı Razi Nurullayev də təsdiq edib və yazıb. Saxta profillərdən istifadə etməyi Əli Kərimli gətirib. Onu da deyib ki, Əli Kərimlinin ətrafında olan adamlardan kimlərin hansı saxta profilləri idarə etdiyini də bilir. Razı bəydən sonra kimlərin istefa verəcəyinə gəldikdə isə, artıq cəmiyyət bilir ki, Əli Kərimlidən imtina etmək təbii bir prosesdir və gözləntilərim də var. Yaxın zamanlarda cəmiyyət yeni istefanın şahidi olacaq.

- Sizcə, Razi Nurullayevin mesajından digər cəbhəçilər də nəticə çıxaracaqmı?

- Əlbəttə, nəticələr olacaq. Onlar yaxşı bilir ki, hər kəs partiyada Əli Kərimli üçün çalışmalıdır. Hər kəs onun tapşırıqlarını yerinə yetirməlidir. Kimsə öz fikrini, münasibətini ortaya qoya bilməz. Əks fikir bildirən şəxs dərhal cəzalanacaq. Əli Kərimli əsl bolşevikdir. Kim onun kimi fikirləşmirsə, deməli, düşməndir. O, ətrafında olan insanların beyninə yeridir ki, kim onun haqqında həqiqəti deyirsə, ona hamı düşmən kimi baxmalıdır. Bu adamlar heç biri Əli Kərimli ilə çox gedə bilməyəcəklər və bilirlər ki, istər cəmiyyət arasında, istərsə də partiyalarda Əli Kərimliyə qarşı münasibət olduqca mənfidir. Bu qədər adamın hamısı yalan danışa bilər?

Teqlər: