Manatın ucuzlaşmasının səbəbləri – TƏHLİL

Manatın ucuzlaşmasının səbəbləri – TƏHLİL
  24 Fevral 2015    Oxunub:33051
Mərkəzi Bankın (MB) ötən şənbə - fevralın 21-i tarixində qəbul etdiyi qərar nə qədər gözlənilməz oldusa da əslində, məntiqdən doğdu. Belə ki, məsələyə soyuq başla yanaşsaq MB-ni çox da qınamaq olmur.

Dolların dünyada bahalaşması keçən ilin aprel-may aylarından başlanıb. Bundan əvvəl isə 2008-2009-cu illərdə qlobal maliyyə və iqtisadi böhrandan ABŞ-ı çıxarmaq üçün Federal Rezerv Sistemi (FRS) `Kəmiyyət Yumşaldılması Proqramı` adı altında ucuzlaşdırma siyasəti yeridirdi ki, bu zaman real sektorda aktivliyə nail olmaq üçün dövriyyəyə ardıcıl nəğd pul buraxılır - dollar “çapı” dayandırılmadan "səxavətli" emisiya həyata keçirilirdi.

Keçən ilin yazında FRS rəhbərliyi elan etdi ki, bu siyasət artıq dayandırılacaq və 2014-cü ilin oktyabrında üçüncü Kəmiyyət Yumşaldılması Proqramının icrası qapadıldı. Beləliklə də, dolların bahalaşdırılması siyasəti ABŞ hökumətinin bir növ əsas hədəfinə çevrildi.

Doğrudur, bu, Kəmiyyət Yumşaldılması Proqramlarındakı kimi düşünülmüş və planlı şəkildə həyata keçirilmir. Ancaq ölkə iqtisadiyyatında müşahidə edilən canlanma ilə əlaqədar Amerika valyutasının həm daxildə, həm də xaricdə tədricən möhkəmlənməsinə start verilmiş oldu.

ABŞ dolları ilə neftin qiyməti isə tərs mütənasibdir: dollar dəyərdən düşəndə neft bahalaşır, əksinə olduqda isə ucuzlaşır. Azərbaycanın isə gəlirləri əsasən neftə bağlıdır. Təkcə bu ilin yanvarına olan məlumata əsasən ölkəmizdən ümumi ixracda xam neftin həcmi 83,38 faiz təşkil edib ki, hasilatın azalması ilə əlaqədar tepm aşağı düşüb.

Demək istədiyimiz budur ki, neftin keçən ilin iyun ayından bəri az qala 2 dəfədən çox ucuzlaşması ilə əlaqədar ölkəyə dollar axını azalıb. Digər idxal və ixrac əməliyyatlarına gəldikdəsə bunların da əksəriyyəti dollarla aparılır. Və neftin qiyməti ilə bağlı dünyada hər şey ucuzlaşdığından demək olar, bütün istiqamətlərdə ABŞ valyutası üzrə gəlirlər azalıb.

Yeri gəlmişkən, Azərbaycanın bütün idxal-ixrac əməliyyatları dollar və avro ilə aparılır ki, birincinin payı 80-85 faiz təşkil edir. Avro ilə yalnız ayrı-ayrı sahibkarlıq strukturları əməliyyat aparırlar ki, əksəriyyəti idxalla məşğuldurlar. Yəni, qeyri-neft sektorumuz istənilən səviyyədə inkişaf etmədiyindən kənardan avro idxalı məhdud xarakter daşıyır.

Amma ölkədə qeyri-neft sektorunun inkişafı avro zonasına çıxmağı tələb edir. Belə ki, neftdənkənar sahələrdə nəsə istehsal etmək mümkündürsə bunu okeanın o biri tayında deyil, ilk növbədə postsovet məkanında və məhz Avropa ölkələrində reallaşdırmaq barədə düşünməliyik. Ona görə də avrozonaya çıxış üçün bütün maneələr aradan qaldırılmalıdır.

Ölkədə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inlişafına dair Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan yanvarın 27-də keçirilən konfransda da Dövlət başçısı bu mənada dedi ki, 1 manat 1 avroya bərabər olmalıdır.

- Çünki o vaxt biz pul islahatını apararkən bir manat bir dollara bərabər idi. Ondan sonra manatın qiyməti qalxdıqca 1 manat 1,3 dollar olmuşdur. Bir növ manat avroya bağlı idi. Bir manat bir avro. İndi isə bir manat bir avrodan daha da qiymətlidir və bahalıdır. Əlbəttə ki, sosial məsələlərin həlli üçün bu, müsbət amildir. Ancaq biz bütün məsələlərə kompleks şəkildə yanaşmalıyıq. İqtisadiyyat, ixrac potensialımız üçün bu, o qədər də müsbət hal deyil. Ona görə hesab edirəm ki, manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil,- deyə, Dövlət başçısı həmin konfransda vurğulamışdı.

MB İdarə Heyətinin 16 fevral 2015-ci il tarixdən məzənnə siyasətində ikitərəfli hədəflənmədən valyuta səbəti dəyərinin əsas götürülməsinə keçmək haqda qərarı da məhz bundan irəli gəldi.

Ancaq iş ondadır ki, dolların bahalaşmasına rəğmən, avro da ucuzlaşır. Odur ki, manatın avroya məzənnəsinin ayrıca müəyyən edilməsi dolların milli pul vahidimizə təzyiqinin ikiqat artıacağı demək idi. Ötən şərhimizdə də yazdıq ki, ölkəmizdə manatın dəyərinin tənzimlənməsində bu mexanizmdən 2008-ci ilin mart ayından istifadə olunurdu. 2011-cü il yanvarın 10-dan isə bivalyuta səbətindən manat və ABŞ dollarının nəzərə alınması siyasətinə keçildi. Bu zaman bayaq qeyd etdiyimizə əsasən həm ABŞ-da ikinci Kəmiyyət Yumşaldılması Proqramı həyata keçirildiyindən dollar ucuzlaşırdı, həm də buna müvafiq olaraq neftin qiyməti də əlverişli tempdə idi.

Bu baxımdan, fevralın 16-dan 21-nə keçən müddət göstərdi ki, nə MB, nə də ölkənin maliyyə bazarı bivalyuta səbətinə keçidə əslində, hazır deyildi. Belə ki, həmin qərar manatı kəskin ucuzlaşdırmaq təhlükəsi yaratdı ki, MB də prosesi qabaqlamaq üçün əslində, çox düzgün addımı atmaqla 34 faizlik ucuzlaşmaya getdi.

Yeri gəlmişkən, bunun özü, çox çatışmazlıqlar üzə çıxartdı... Belə ki, qiymətlərin heç bir əsas olmadan bahalaşdırılmasına cəhdlər, kommersiya banklarının valyuta dəyişmə məntəqələrində dollar alışı və satışı zamanı MB-nin müəyyən etdiyi marjanın pozulması və sair deyilənlərə sübutdur.

Məsələ ondadır ki, avronun ucuzlaşması hələ qarşıdadır. Yəni, Avropa Mərkəzi Bankı da Kəmiyyət Yumşaldılması Proqramı həyata keçirəcəyini bəyan edib ki, dünya iqtisadiyyatı hazırda həmişəki kimi dörd – ABŞ, Avropa İttifaqı (Aİ), Şərqi Asiya və Yaxın Şərq ölkələrinin deyil, təkcə bir ayağı - ABŞ iqtisadiyyatı üzərində dayandığından adları çəkilən digər zona ölkələrinin iqtisadiyyatları real olaraq ən yaxşı halda durğun vəziyyətdədir.

Avropa Bankının kəmiyyət yumşaldılması siyasəti də iqtisadi aktivliyə nail olmaq üçün ABŞ-da həyata keçirilən Ben Bernankenin “xilasolma tədbirlərinin” bir başqa forması – bir medalın o biri üzü olacaq. Bu siyasət mart ayından tədbiq edilməyə başlanmaqla, 2016-cı ilin sentyabrına qədər davam edəcək.

Sual olunur ki, dolların bahalaşması fonunda avronun daha da ucuzlaşacağı təqdirdə manatın hər iki valyuta ilə “eyni vaxtda və eyni rinqdə” mübarizə aparması mümkün olacaqmı? Bu zaman, Aİ ölkələri ilə ticarət dövriyyəmizin 34 faizə yaxın təşkil etməsi faktı ciddi arqument xarakteri daşımayacaq ki?

Yeri gəlmişkən, ölkə Prezidenti sözügedən konfransda onu da qeyd etdi ki, bir manat bir avro səviyyəsində qalarsa makroiqtisadi vəziyyət pozulmayacaq. “Eyni zamanda, bu, insanların gündəlik həyatına ancaq müsbət təsir göstərəcək. Eyni zamanda, bizim ixracımız üçün heç bir problem yaranmamalıdır. Çünki Azərbaycan iqtisadiyyatı bundan sonra ixracyönümlü iqtisadiyyat kimi inkişaf etməlidir.”- deyə, Dövlət başçısı vurğuladı. Odur ki, MB-nin üzərinə böyük yük düşdüyü aydın görünür...


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti