`Əli və Nino`nun hind əsilli rejissoru - DOSYE

`Əli və Nino`nun hind əsilli  rejissoru - DOSYE
  24 Fevral 2015    Oxunub:7972
Bu gündən başlayaraq dünyada bestseller olan “Əli və Nino” romanı əsasında eyniadlı filmin çəkilişləri başlayır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu filmi məşhur rejissor Asif Kapadiya ekranlaşdıracaq.

AzVision.az xəbər verir ki, Hindistan əsilli rejissor Asif Kapadiya 1972-ci ildə Böyük Britaniyanın London şəhərində anadan olub. Kapadia 20-ə yaxın filmin müəllifidir. Onun çəkdiyi filmlər bir sıra nüfuzlu yarışmalarda qalib gəlib. Kapadiyanın Kraliyyət Sənət Kollecinin buraxılışı işi olan qısametrajlı “Qoyun oğrusu” filmi böyük uğur qazanıb.

Belə ki, 23 dəqiqəlik film Kann festivalında ikinci pilləni tutub. Kapadiyanın ilk tammetrajlı filmi olan “Döyüşçü” filmi Himalay dağları və Racəstan səhralarında çəkilib. Filmdə baş rolu Bollivud ulduzu İrfan Xan çəkilib. Film BAFTA Awards (Britaniya Akademiya Film mükafatı) kinofestivalında iştirak edib və “Ən yaxşı Britaniya filmi” mükafatı üzrə qalib gəlib. “Döyüşçü” bu festivalda 3 mükafat uğrunda mübarizə aparıb və iki kateqoriya üzrə qalib gəlib.

Film həmçinin “Xarici dildə ən yaxşı film” kateqoriyası üzrə “Oskar” mükafatına namizəd olsa da, bu sahədə qalib ola bilməyib.

Kapadiyanın uğurlu işlərindən biri də 2007-ci ildə çəkdiyi “Uzaq Şimal” adlı filmdir. Filmin premyerası Venesiya film festivalında olub.

Kapadiyaya məşhurluq gətirən “Senna” sənədli filmi isə 2010-cu ildə ekranlara çıxıb. Film məşhur braziliyalı avtomobil yarışçısı Ayrton Sennanın karyerasına həsr olunub. Belə ki, sənədli filmdə onun 1984-cü ildə “Formula-1” yarışlarında ilk addımlarından başlayaraq 10 il sonra faciəli şəkildə həlak olmasına qədərki hadisələr ekranlaşdırılıb. Filmin süjet xəttinin mərkəzində Senna və əfsanəvi çempion Alen Prost arasında rəqabət durur. Kapadiyanın filmi “Ən yaxşı sənədli film” və “Ən yaxşı montaj” kateqoriyaları üzrə “BAFTA” (Britaniya Akademiya Film mükafatı) qazanıb. “Senna” eyni zamanda bir sıra nüfuzlu festivalların qalibi olub.

“Senna” kino tarixində ən çox pul qazanan (5,2 milyon) Böyük Britaniya sənədli filmidir. Bundan əlavə, “Senna”, “Fahrenheit 9/1”-dən sonra Böyük Britaniya ərazisində ən çox pul qazanan ikinci filmdir. Kapadiyanın sonuncu işi isə 2012-ci ildə çəkdiyi “Odissey” adlı qısametrajlı filmdir. Film 2012-ci il London Olimpiya Oyunlarına həsr olunub.

2015-ci ildə isə Asif Kapadiyanın iki işinin ekrana çıxacağı gözlənilir. Onlardan biri 2011-ci ildə alkoqoldan zəhərlənərək bu dünyasını tərk edən məşhur Britaniyalı müğənni Emi Vaynhaus haqqında sənədli filmdir.



Kapadinin bu il ekranlara çıxması gözlənilən digər işi isə Azərbaycanda və dünyada populyar olan Qurban Səidin “Əli və Nino” romanı əsasında çəkiləcək filmdir.

“İMDB” və “Kinopoisk.ru” kimi nüfuzlu saytlarda “Əli və Nino” filminin büdcəsinin 20 milyon dollar olduğu göstərilir.



Qeyd edək ki, Britaniyanın "PeaPie Films" kino şirkəti Məhəmməd Əsəd bəyin (Qurban Səid) "Əli və Nino" əsərini ekranlaşdıracaq. Müsəlman Əli və xristian Ninonun romantik sevgi hekayəsindən bəhs edən filmin çəkilişləri Azərbaycanda başlayacaq. Filmin icraçı prodüseri Leyla Əliyeva, ssenari müəllifi britaniyalı yazıçı, ssenarist və kinorejissor, "Oskar" mükafatı sahibi Kristofer Hempton, prodüseri Kris Tikye, rejissoru isə Asif Kapadiyadır.
Azərbaycanlı Əlixan Şirvanşirin rolunu isə aktyor Adam Bakri canlandıracaq. Onun sonuncu işi olan "Ömər" filmi "Ən yaxşı xarici film" nominasiyasında bir sıra nüfuzlu mükafatlara layiq görülüb.

Qeyd edək ki, ilk dəfə 1937-ci ildə Berlində "Qurban Səid" adı altında çap olunan roman minlərlə oxucunun ürəyini fəth edib və dünyanın 33 dilinə tərcümə olunub. Əli və Ninonun sevgi hekayəsi Birinci Dünya Müharibəsindən öncəki dövrdə Bakıda, Gürcüstanda və İranda baş verib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti