Ermənilərin Azərbaycanda ləzgi TƏXRİBATI

Ermənilərin Azərbaycanda ləzgi TƏXRİBATI
  24 Fevral 2015    Oxunub:6012
Yaqub Mahmudov: “Ermənilər azərbaycanlılarla ləzgilərin arasını vura bilməyəcəklər”.
Ermənilər azərbaycanlılarla ləzgilərin arasını vurmaq cəhdlərini davam etdirirlər. Bu yaxınlarda Ermənistan saytlarından biri - www.panorama.am və daha sonra bu ölkənin digər saytları A.Bakıxanov adına AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudovun dilindən bir "xəbər" yayıblar. Güya alim bildirib ki, "hesab edirəm ki, ləzgilər tərifə layiq deyil, çünki İkinci Dünya Müharibəsi zamanı ləzgilərdən bir çoxları faşistlərin tərəfinə keçiblər". Sırtıq erməni saytı yazıb ki, Yaqub Mahmudovun bu fikirləri Azərbaycan informasiya agentliyi “APA”-ya verdiyi müsahibəsində səsləndirib.

AzVision.az xəbər verir ki, bu çirkin təxribatla əlaqədar A.Bakıxanov adına AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov mətbuat üçün bəyanatla çıxış edib. Alimin sözlərinə görə, "Təəssüflənirəm ki, Yerevan ölkəmizdə qarşıdurma meylləri yaratmaq strateji xəttini tutaraq Azərbaycana qarşı xüsusi təxribat mərkəzinə çevrilib. Yerevanda 2013-cü ilin 1-2 noyabr tarixində "Şirvan, Arran və Azərbaycan" konfransı keçirilib və təəssüf ki, bəzi "sadvalçılar", Azərbaycan daxilində nifaq səpmək üçün çalışan bəzi etnosların satqın nümayəndələri bu tədbirdə iştirak ediblər. Bu insanlar Azərbaycana qarşı, o cümlədən AMEA-nın Tarix İnstitutuna qarşı ağlasığmaz təxribatlarla məşğuldurlar. Cavabında demək istəyirəm ki, mən Azərbaycan əhalisinə 1001 güldən ibarət 1001 rayihəli, insanı bihuş edən, son dərəcə təravətli bir gül dəstəsi kimi baxıram. O güllərdən təkcə biri ölkənin tarixini əks etdirə biməz. Azərbaycan xalqının formalaşmasında çox mühüm rol oynayan Azərbaycan türk etnosu ilə yanaşı Azərbaycanda yaşayan digər etnoslar - avarlar, ləzgilər, talışlar, tatlar, qrızlar, buduqlar və digərləri Azərbaycan xalqının şanlı tarixində şərəfli rol oynayıblar və həmişə ölkənin titullu millətinin yanında olublar. Bu etnosların əcdadları Azərbaycan müsəlmanlarına qarşı erməni cəlladlarının soyqırımına qarşı mübarizədə iştirak ediblər. Bir tarixçi olaraq çox yaxşı bilirəm ki, Qusar və Quba arasında yerləşən Digah kəndinin yaxınlığındakı "Qanlı dərə"də Amazaspın quldur dəstəsinin qabağını məhz bizim ləzgi qardaşlarımız alıb və ermənilərə divan tutublar. “Qanlı dərə" aydın sübut edir ki, erməni millətçiləri yalnız azərbaycanlıların yox, həm də ləzgilərin və digər müsəlman xalqlarının düşmənidir. Həmçinin xatırladım ki, Hacı Zeynalabdin Tağıyevin fəal iştirakı ilə Dağıstanın xalq hərəkatının liderlərindən biri - imam Gaysinski 300-500 döyüşçüsü ilə Bakıdakı müsəlman qardaşlarına - Azərbaycan türklərinə, eləcə də ləzgilərə kömək üçün at çaparaq Biləcəriyə kimi gəlib çıxıb. Yeri gəlmişkən, Hacı Zeynalabdin Tağıyevin toxuculuq kombinatında çalışan bir çox ləzgi ermənilər tərəfindən öldürülüb. Ermənilər tatları da, tatarlarıda, avarları da, Lənkəran regionunda talışları da qətlə yetirirdilər, cəlladlar öldürülən müsəlmanların pasportunu soruşmurdular, milli kimliyi ilə maraqlanmırdılar, zira onlara sakinlərindən azad edilmiş torpaq lazım idi.

Ermənilərdən soruşuram: İrəvan və ona bitişik ərazilərin əhalisinin 98% təşkil edən azərbaycanlılar, eləcə də kürdlər necə oldular? Ermənistanı monoetnik ölkəyə çevirmisiniz. Biz ölkəmizin ayrı-ayrı regionlarında ermənilərin barbarlıq aktlarını ətraflı tədqiq etmişik, onların cinayətlərini göstərmişik. Buna görə də öz cinayətlərini ört-basdır etmək üçün ermənilər hər zaman bir şey axtarırlar. Mən heç bir zaman böhtan erməni saytları yazdığı kimi sərsəm mövqedən çıxış etməmişəm. Belə sərsəm mövqedən yalnız ermənilərin və onların əlaltıları çıxış edə bilərlər. Biz, Azərbaycan müsəlman xalqları, bir yerdə olmalıyıq, Allahın dini islam həmişə Qafqaz xalqlarını birləşdirib. Biz həmişə birlikdə mübarizə aparmışıq, necə ki şeyx Şamilin dövründə. Biz ölkəmizin bütün regionlarında müvafiq elmi konfranslar keçirmişik, institutun Elmi Şurasının üzvlərini Qusarın özündə də, Həzrə kəndində də, Ənixdə də, Şahdağın ətəyində sevgi, məhəbbətlə qarşılayıblar. Balakəndə yaşayan avar qardaşlarımız da bizi çox xoş qarşılayıb. Ermənilər ucuz təxribatlarla azərbaycanlılarla ləzgilərin arasını vura bilməyəcəklər".

AzVision.az


Teqlər:  





Xəbər lenti