Baş prokuror vətəndaşlarla görüşdü

Baş prokuror vətəndaşlarla görüşdü
  18 May 2013    Oxunub:2013
Prezident İlham Əliyevin göstəriş və tövsiyələrinə müvafiq olaraq vətəndaşların qəbulu, onların müraciətlərinə vaxtında baxılması və haqlı tələblərinin təmin edilməsi bütün dövlət təsisatlarının əsas vəzifələrindən biri kimi müəyyənləşdirilib.

AzərTAc-ın verdiyi xəbərə görə, Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralov mayın 17-də Lənkəran Rayon Prokurorluğunun binasında Astara, Lənkəran, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşları qəbul eedib.

Qəbuldan əvvəl baş prokuror ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərindəki abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.

Baş prokuror Zakir Qaralov Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında şəhid ailələri, müharibə veteranları və rayonda məskunlaşmış məcburi köçkünlərlə görüşərək onların problemləri ilə maraqlanıb.

Həmin gün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən 320 şəhid, Qarabağ müharibəsi əlilləri və rayonda məskunlaşmış məcburi köçkün ailələrinə müxtəlif ərzaq məhsullarından ibarət yardımlar edilib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətlərində qaldırılan və bilavasitə prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanunauyğun, dərhal və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verilib.

Gün ərzində baş prokuror tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin böyük əksəriyyəti elə yerindəcə öz həllini tapıb.

Vətəndaşların ərizə və şikayətlərində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, xəbərsiz itkin düşmüş şəxslərin axtarışı ilə əlaqədar, təsərrüfat, əmlak, mülki xarakterli mübahisələrlə bağlı və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti üzrə müvafiq icra orqanlarında operativ həlli üçün təxirəsalınmaz zəruri tədbirlərin görülməsi təmin edilib.

Eyni zamanda, qeyd edilən rayonların prokurorlarının iştirakı ilə müşavirə keçirilməklə respublikamızın mühüm strateji əhəmiyyət kəsb edən cənub bölgəsində ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizənin səmərəliliyi və kəsərliliyinin artırılması üçün konkret tapşırıqlar verilmiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və onların qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşımaları onların diqqətinə çatdırılıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti