“Elm haqqında” qanun ilk dəfə parlamentin müzakirəsində

“Elm haqqında” qanun ilk dəfə parlamentin müzakirəsində
  24 Fevral 2015    Oxunub:1754
Parlamentin bu gün keçirilən plenar iclasında “Elm haqqında” qanun layihəsi I oxunuşda müzakirə çıxarılıb.
AzVision.az xəbər verir ki, layihə barədə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev məlumat verib. Onun sözlərinə görə, elm sahəsinin inkişafı hər zaman müstəqil Azərbaycanın əsas prioritet istiqamətlərdən biridir:

“Son 10 ildə ölkədə elmin inkişafı sahəsində bir sıra vacib addımlar atılıb. Elm sahəsində öz həllini gözləyən problemlər az deyil. Problemlərin yaranma səbəbləri sırasında mükəmməl qanunvericiliyin olmaması əsas amildir. Ona görə də “Elm haqqında” qanun layihəsinin qabulu vacibdir. Burada elm sahəsinin daha da inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin həyata keçirilməsi məsələləri yer alıb. Cəmiyyət miqyasında qəbul olunmalıdır ki, elmsiz tərəqqi və yüksək rifah yoxdur”.

Komitə sədri bildirib ki, “Elm haqqında” qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək:

“Qanun layihəsi vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adlar, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb”.

Ş. Hacıyev onu da qeyd edib ki, yeni qanun layihəsinin hazırlanmasında beynəlxalq təcrübə öyrənilib və Azərbaycan reallıqlarına uyğunlaşdırılıb: “Əsas məqsəd elmi fəaliyyətlə məşğul olan bütün subyektlərin və iştirakçıların konstitusiya hüquqlarının təmin edilməsi və qorunmasından, onların arasında münasibətlərin tənzimlənməsi, elmi fəaliyyət sahəsində fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin müəyyən edilməsi, elmi fəaliyyətin sərbəst və davamlı inkişafının təmin edilməsi, vətəndaşların əqli potensialının reallaşdırılması və elmi nailiyyətlərdən istifadə edilməsi sahəsində təşkilati-hüquqi bazanın yaradılmasından ibarətdir. Eyni zamanda qanun layihəsi Azərbaycanda fəaliyyət göstərən dini müəssisələrin elmi fəaliyyətinə şamil edilmir”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti