`Azərbaycan elmində qocalma gedir` - Komitə sədri

`Azərbaycan elmində qocalma gedir` - Komitə sədri
  24 Fevral 2015    Oxunub:1949
“Təəssüf hissi ilə qeyd edim ki, son bir neçə il ərzində bu sahədə ciddi addımlar atılmasına baxmayaraq, Azərbaycan elmində qocalma tendensiyaları artır. Hətta bu göstərici təhlükəli həddə çatıb”.
AzVision.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev “Elm haqqında” qanun layihəsi barədə məlumat verərkən deyib.

Onun sözlərinə görə, elmi tətqiqat bölmələrində çalışan 50-dən yuxarı yaşı olan elmlər doktorlarının sayı 50-dən aşağı yaşı olanların sayından 5,8 dəfə çoxdur:

“30 yaşına qədər olan elmlər doktorlarının sayı isə bütövlükdə elmlər doktorlarının cəmi 3, 8 faizini təşkil edir. Bu tendensiya fəlsəfə doktorları üçün də xarakterikdir. Belə ki, elmi-tətqiqat bölmələrində 50-dən yuxarı yaşı olan fəlsəfə doktorlarının sayı 50-dən aşağı olan insanlardan 2 dəfə çoxdur. 30 yaşına qədər olanlar isə cəmi 1,8 faiz təşkil edir. Göründüyü kimi məsələ təsəvvür etdiyimizdən də mürəkkəb və təhlükəlidir”.

Komitə sədri vurğulayıb ki, istedadı və elmə marağı olan gənclərin bu sahəyə gəlməsi üçün müvafiq qanunvericilik bazası gücləndirilib:

“Gənc alimlər üçün geniş əhatəli güzəştlər nəzərdə tutulub. Həmçinin, gənclərin fasiləsiz olaraq magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirmələri üçün hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də qanun layihəsində öz əksini tapıb. Bundan başqa, hazırda yüksək ixtisaslı kadrların hazırlanmasında əsas problemlərdən biri də dövlət sifarişli doktorantların hazırlanmasına dövlət büdcəsindən vəsaitlərin ayrılmamasıdır. Qanun layihəsində mövcud problemin həlli istiqamətləri qeyd olunub”.

Komitə sədrinin çıxışından sonra deputatların “Elm haqqında” qanun layihəsi barədə fikirləri dinlənilir.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti