Vitse-spikerdən deputata irad: “Diqqətli olun”

Vitse-spikerdən deputata irad: “Diqqətli olun”
  24 Fevral 2015    Oxunub:2432
“Təhsil Nazirliyinin yaydığı bəyanata görə 30 yaşına kimi gənclərimiz arasında elmi dərəcə alanlar yoxdur. Alimlərimizin orta yaş həddi 58-60 arasında dəyişir. Beləliklə alimlərimiz yaşlanır ancaq onları əvəz edəcək kimsə yoxdur. Cənubi Qafqazda bütün parametrlərə görə birinciyik. Lakin acı da olsa qeyd etməliyik ki, alimlərimizin sayına görə ermənilərdən geri qalırıq”.
AzVision.az xəbər verir ki, bu fikirləri deputat Zahid Oruc “Elm haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı çıxış edərkən deyib.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab olaraq qeyd edib ki, Azərbaycanla Ermənistanı müqayisə etmək olmaz:

“Ermənistanı özü qədər onu qoruyan xarici hərbçilər var. Ancaq Azərbaycanda xarici hərbçi yoxdur”.

Azərbaycan Milli Elmlər Akademiyasının I vitse-prezidenti İsa Həbibbəyli isə deyib ki, bu qanuna çoxdan ehtiyac vardı:

“Azərbaycan hökumətinin həyata keçirdiyi elm siyasəti qanunvericilik şəklində əksini tapmalı idi. Çünki bu, ölkədə elm siyasətini həyata keçirmək üçün baza rolunu oynayacaq. Qanun layihəsinnin hazırlanmasında ən yaxşı hallardan biri də odur ki, müasir dövrün reallıqları nəzərə alınıb. Hesab edirəm ki, bu qanun layihəsi müstəqil Azərbaycanda aparılan elm siyasətinin ana xəttini təşkil edəcək”.

Deputat Abel Məhərrəmov çıxışı zamanı vurğulayıb ki, AMEA-da son zamanlar həyata keçirilən islahatlar müsbət qiymətləndirilməlidir. O, həmçinin mövcud qanun layihəsinin lehinə səs verəcəyini deyib.

Deputat Fəzail Ağamalı da belə qanun layihəsinin hazırlanmasına çoxdan ehtiyac duyulduğunu diqqətə çatdırıb:

“Əminəm ki, bütün həmkarlarım layihənin I oxunuşda qəbul edilməsinə səs verəcəklər. Çünki qanun layihəsində gənc kadrların elmə cəlb olunması istiqamətində atılan addımlar da xüsusi vurğulanmalıdır. Nəhayət ki, Azərbaycan elmi ölü nöqtədən inkişaf mərhələsinə qədəm qoyacaq. Ölkədə uzun illər elm haqqında qanunun olmaması və sovet elminin ənənələri qırıldığına görə yeni elmi ənənələri qura biləcək qanunvericilik bazasının yaradılmaması faktiki olaraq bizim elm sahəsində ciddi problemlərin olmasından xəbər verir. Elm elə bir sahədir ki, cəmiyyətin özü bu sahəyə maraqlı olsun. Onu da qeyd edim ki, AMEA prezidenti Akif Əlizadənin oraya sədrliyə gətirilməsindən sonra nəzərə çarpacaq dərəcədə canlanma müşahidə olunur. Təbii ki, bununla kifayətlənmək olmaz. Buna görə də bu sahədə hələ bir çox islahatlar aparılmalıdır”.

MM sədrinin I müavini Ziyafət Əsgərov isə deputat F. Aağamalının Azərbaycan elminin ölü olması barədə səsləndirdiyi fikirlərinə cavab verib:

“Sizin çıxışınızda səsləndirilən “qanunla elmimiz ölü nöqtədən çıxacaq” fikri çox ciddi ittihamdır. Xahiş edirəm ki, danışarkən fikirlərinizdə bir az diqqətli olun. Bəli, uzun müddətdir elm sahəsi üzrə qanun olmayıb. Normativ hüquqi yaradıcılıq baza olmaması o demək deyil ki, elm yerində dayanıb və inkişaf etməyib. Əgər elm yoxdursa, o zaman siz necə və hansı diploma almısınız? Ona görə də xahiş edirəm ki, fikir bildirərkən bir az diqqətli olaq”.

Deputat Siyavuş Novruzov isə deyib ki, ən pis qanun belə qanunsuzluqdan daha yaxşıdır. Qanun varsa, deməli onun da tələbləri var:

“Qanun layihəsinin adı “Elm və təhsil haqqında” qanun olsaydı daha yaxşı olardı. Hər ikinin qanunun ümumi müddəalarını birləşdirib fərdi qaydada digərlərində həll etmək olardı”.


Teqlər:





Xəbər lenti