İlham Əliyev: “Manatın bahalaşması bizə mənfi təsir göstərirdi” - VİDEO

İlham Əliyev: “Manatın bahalaşması bizə mənfi təsir göstərirdi” - VİDEO
  25 Fevral 2015    Oxunub:3591
“İqtisadiyyatın öz qanunları var. Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır. Azərbaycanda gedən işlər təqdirəlayiqdir və mötəbər beynəlxalq maliyyə qurumları bizim uğurlarımızı yüksək qiymətləndirir. Amma eyni zamanda regionda gedən proseslər bizə də təsir göstərir və son aylar ərzində, son bir il ərzində MDB məkanında bizim qonşuluğumuzda yaşanan gərginlik müəyyən dərəcədə Azərbaycan iqitsadiyyatına da öz təsirini göstərib".

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olduqdan sonra xəstəxananın kollektivi ilə görüşündə çıxışı zamanı deyib.

İlham Əliyevin sözlərinə görə, əsas məsələ ondan ibarət idi ki, Azərbaycan xalqını mümkün olan risklərdən qoruyaq, Azərbaycanda sabitliyi möhkəmləndirək və xalqımızın seçimini müdafiə edək:

“Həm Yaxın Şərqdə, həm Avropada, MDB məkanında baş verən xoşagəlməz hadisələr Azərbaycanda gedən işlərə mənfi təsir etməmişdi. Çünki biz artıq özümüzü müdafiə etməyə, öz seçimimizi müdafiə etməyə qadiriq . Ancaq iqtisadi sahədə bölgədə gedən xoşagəlməz proseslər əlbəttə ki, bizə də təsir göstərmişdir”.

Dövlət başçısı qeyd edib ki, bir neçə gün bundan əvvəl manatın məzənnəsində dəyişiklik edilib:

“Qeyd etməliyəm ki, biz 2006-cı ildə pul islahatlarını həyata keçirdik. 2005-ci ildə belə qərar verilmişdi. 2006-cı ilin əvvəlindən bizim pul islahatlarımız başa çatmışdır. Təbii ki, yaşlı nəsil bunu xatırlayır. O vaxta qədər 1 dollar 5000 min manata bərabər idi. Biz manatı dollarla eyniləşdirdik, 1 manat 1 dollar oldu. Və 10 il ərzində manat getdikcə dollara nisbətdə güclənirdi. Əslində bu bizim iqtisadi islahatlarımızın uğurlu olmasını göstərirdi. Ancaq eyni zamanda qonşuluqda baş verən hadisələr və bütün qonşu dövlətlərdə milli valyutaların kəskin şəkildə ucuzlaşması istər-istəməz bizə də mənfi təsir göstərməyə başlamışdır. Üstəgəl dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim gəlirlərimizə də mənfi təsir göstərmişdir. Eyni zamanda manatın getdikcə məzənnəsinin artması iqtisadi inkişafımıza mənfi təsir göstərirdi. Ona görə qərar qəbul edilmişdi ki, manat bir az ucuzlaşsın”.

Prezident xatırladıb ki, bu barədə yanvar ayında regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş konfransda açıq şəkildə öz fikrini bildirilib:

“Heç kəs üçün bu, sürpriz olmasın. O vaxt da demişəm ki, manat həddindən artıq bahalaşıb, bu iqtisadiyyatımıza mənfi təsir göstərir. Regionda baş verən hadisələr, dünyada neftin qiymətinin aşağı düşməsi mənfi nəticələrə gətirib çıxarır. Bu birinci bir siqnal idi. Ondan sonra Mərkəzi Bank açıqlama vermişdi ki tədricən, ilin sonunadək manatın məzənnəsi aşağı düşəcək. Bu da bir siqnal idi ki, insanlar buna hazır olsunlar. Ancaq ondan sonra biz gördük ki, müəyyən ajiotaj yarandı və bir qədər manatın məzənnəsində dəyişiklik olan kimi əhali puldəyişmə məntəqələrinə üz tutdu və kütləvi şəkildə dollar almağa başladı. Eyni zamanda bu vəziyyətdən bəzi spekulyantlar, möhtəkirlər, natəmiz adamlar əsassız qazanc əldə etmək üçün istifadə etmişlər. Belə olan halda bizim valyuta ehtiyatlarımız, Mərkəzi Bankın valyuta ehtiyatları azalmağa başlamışdır. Sadəcə bir rəqəmi sizə deyə bilərəm. Bir neçə gün ərzində hər gün minimum 500 milyon dollar bazardan alınıb. Əgər belə getsə idi, ilin axırına qədər Mərkəzi Bankın valyuta ehtiyatları kəskin şəkildə azala bilərdi. Belə olan halda qərar qəbul edildi ki, manat ucuzlaşsın və əslində manat əvvəlki səviyyəyə enmişdir. İslahat başlayanda 1 manat 1 dollar idisə, indi də 1 manat təxminən 1 dollara bərabərdir”.



AzVision.az


Teqlər:  



Xəbər lenti