Gənc alimlər Bakıda toplaşacaq
Gənc Alimlərin Beynəlxalq Bakı Forumunun keçirilməsində məqsəd elmi bilik mübadiləsi, eləcə də müxtəlif ölkələri və sahələri təmsil edən gənc alimlər arasında əməkdaşlığın inkişaf edilməsidir. Forum çərçivəsində aşağıdakı 5 istiqamət üzrə parallel sessiyaların keçirilməsi nəzərdə tutulub:
Texniki elmlər: texnika, nano texnologiyalar, İKT sahəsində yeni işlər;
Tibb, Biologiya və Kimya: biologiya, kimya və tibb sahəsində Avropa gənc alimlərinin elmi nəticələri;
Yer elmləri və Ekologiya: yer elmləri sahəsində Avropa alimlərinin əldə etdikləri nəticələr; biomüxtəliflik, torpağın çirklənmə və deqrodasiyadan qorunması, təmiz su problemi;
İqtisadiyyat və sosiologiya: elmin inkişafı, problemlər və yeni metodlar, alimlərin biznes və iqtisadi strukturlarla əməkdaşlığı və inteqrasiyası;
Tarix, fəlsəfə, mədəniyyət: Avropa gənc alimlərinin humanitar sferada əməkdaşlığ.
Forumda Avropanın 32 ölkəsindən olan 160, Azərbaycandan isə 190 gənc alimin iştirakı nəzərdə tutulub. Forum proqramı çərçivəsində iştirakçılar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Avropa məkanında iştirakçıların seçimini 2001-ci ildən Avropada gənc alimlər şəbəkəsini gücləndirmək və yeni elmi təşəbbüsləri irəli sürmək məqsədi ilə fəaliyyət göstərən “Eurodoc” təşkilatı aparıb.
Gənc Alimlərin Beynəlxalq Bakı Forumu müxtəlif ixtisaslar üzrə tədqiqatlar aparan gənc alim, aspirant və doktorantları bir araya gətirərək onlara təcrübə və bilik mübadiləsini aparmaq, aparıcı Avropa universitetləri professorlarının çıxışlarını dinləmək və Azərbaycan elminin inkişafı ilə tanış olmaq imkanını yaradır. Bu məqsədlə Forum iştirakçılarının Şamaxı Rəsədxanası və Milli Emlər Akademiyasının bir neçə institutu ilə tanışlığı da nəzərdə tutulub.
Teqlər: