Prezidentin xəbərdarlığı nazirliyi hərəkətə gətirdi

Prezidentin xəbərdarlığı nazirliyi hərəkətə gətirdi
  25 Fevral 2015    Oxunub:5276
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün Mingəçevir şəhərinə səfəri zamanı ölkədə baş verən süni qiymət artımı hallarından danışıb. Dövlət başçısı çıxışı zamanı qiymətləri süni şəkildə qaldırmağa cəhd edən şəxslər barəsində çox ciddi təbirlərin görüləcəyini bəyan edib.

Ölkə başçısı qeyd edib ki, süni qiymət artımına yol verilməməsi ilə bağlı bütün qurumlara göstərişlər verilib:

“Son illər ərzində istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Monitorinq keçirilir və süni şəkildə qiyməti artırmaq istəyənlərə qarşı çox ciddi cəza tədbirləri görüləcəkdir. Son illər ərzində Azərbaycanda istehlak olunan əsas ərzaq məhsulları Azərbaycanda istehsal olunur. Belə olan halda bu məhsullarda heç bir bahalaşmadan söhbət gedə bilməz. Kim qiymətləri süni şəkildə artırırsa, dövlət tərəfindən öz cəzasını alacaqdır”.

Ölkə başçısının bu tapşırığından sonra İqtisadiyyat və Sənaye Nazirliyi süni qiymət artımı ilə bağlı ciddi tədbirlərə başlayıb.

Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzVision.az-a açıqlamasında bildirib ki, indiyədək aparılan monitorinqlər zamanı qiymət artımına rast gəlinməyib. A.Əliyev qeyd edib ki, prezidentin tapşırığına uyğun olaraq bu kimi hallara qarşı ciddi tədbirlər görüləcək, qiymətləri süni şəkildə artıran şəxslər akşar edildiyi halda onlar barəsində qanunvericiliyə uyğun olaraq sərt tədbirlər görüləcək:

“Süni qiymət artımına qarşı monitorinqlər keçiririk. Hələ ki, süni formada qiymət artımı halları ilə rastlaşmamışıq. Belə hallar aşkar edilərsə, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq ən ciddi tədbirlər görüləcək. Artıq dərman məhsulları və çörəklə bağlı heç bir problem yoxdur. Əsas diqqət hazırda ərzaq məhsullarının qiymətlərinə yönəldilib. Tütün məmulatlarının da qiymətlərinin süni şəkildə artırılmasına nəzarət ediləcək.

Bizim qaynar xəttimiz 195-2-dir. Kimlərin qiymət artımı ilə bağlı şikayəti varsa həmin nömrəyə zəng edə bilərlər. Qaynar xəttimiz daimi olaraq açıqdır. Həmçinin insanlar öz şikayətlərini bu nömrələrə də zəng vuraraq da deyə bilərlər. 498-15-04 və 498-15-01”.

Qeyd edək ki, bir neçə gün öncə manatın ucuzlaşması bazarlarda süni qiymət artımına səbəb olub.

Hafiz Əhmədov


Teqlər:  



Xəbər lenti