Tələbələrin təqaüdləri kəsilib? – AÇIQLAMA

Tələbələrin təqaüdləri kəsilib? – AÇIQLAMA
  25 Fevral 2015    Oxunub:3645
Uzun müddət idi ki, ali məktəblərdə tələbə təqaüdlərinin verilməsi gecikirdi. Ötən həftə təqaüdlər verildi, amma əvvəlki qiymətlərlə müqayisədə məbləğdə 10, 15 manat kəsir qeydə alınıb.
Bu barədə AzVision.az-a tələbələr məlumat verib. Onların sözlərinə görə, təqaüdlərin azaldılmasının səbəbi ilə bağlı onlara heç bir məlumat verilməyib.

Məsələni araşdırmaq üçün ali təhsil müəssisələri ilə əlaqə saxladıq.

İqtisad Universitetinin ictimaiyyətlə əlaqələr sektorunun mütəxəssisi Ramiz Cabbarov AzVision.az-a açıqlamasında bildirib ki, təqaüdlərin kəsilməsindən söhbət gedə bilməz.

Onun sözlərinə görə, təhsil nazirinin Bakı Avropa Oyunları ilə bağlı xüsusi göstərişi var ki, həm tədris prosesi vaxtından əvvəl bitəcək, həm də imtahanların vaxtı əvvələ çəkilib. Odur ki, tədris vaxtı əvvələ çəkildiyindən orada 5 gün dərs olmadığından təqaüddən qalıb:

“Təqaüdlərin kəsilməsi ilə bağlı heç bir hüquqi əsas yoxdur. Yəni tələbə təqaüdündən heç bir məbləğ tutula bilməz. Həmin dövr imtahan vaxtına düşdüyündən təqaüdə daxil edilməyib. Lakin sonrakı ayda qalıq məbləğ təqaüdə əlavə olunacaq. Həmin vaxt dərs müddətinə aid olmadığından sonrakı ayın təqaüdündə kompensassiya olunacaq”.

Bakı Dövlət Universitetinin rektorun maliyyə və sosial məsələlər üzrə müşaviri Məzahir Soltanov isə təqaüdlərin kəsilməsinin ağ yalan olduğunu söyləyib. Rektor müşavirinin dediyinə görə, təqaüddən sadəcə Tələbə Həmkarlar İttifaqı üçün pul tutula bilər.

Ali Neft Məktəbinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova da ali məktəbdə belə bir faktın olmadığını deyib:

“Bizdə heç kimin təqaüdü kəsilməyib. Tələbələrimiz hər ay necə verilibsə, bu ayda eyni məbləğdə pul alıblar”.

Azərbaycan Pedoqoji Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Mənsur İbrahimov hesab edir ki, tələbələrin təqaüdlərindən pulun tutulması ilə bağlı yayılan məlumatlar əsassızdır və həqiqəti əks etdrmir:

“Tələbələrin təqaüdlərindən heç bir məbləğ tutulmayıb. Hansı məbləğdə təqaüd müəyyən olunubsa, həmin məbləği alırlar. Onlardan heç bir tutulma olmayıb. Bu iddialar və məlumatlar əsassızdır”.

Gültəkin ƏLƏSGƏR


Teqlər:



Xəbər lenti