`Həmsədrlər niyə lazımdır?` - Ziyafət Əsgərov

`Həmsədrlər niyə lazımdır?` - Ziyafət Əsgərov
  26 Fevral 2015    Oxunub:1662
"ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin hər üçü Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin onların heç biri bu vaxta kimi işğalçı Ermənistana təzyiq göstərməyib".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Xocalı" abidəsini ziyarət edən Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərovun sözlərinə görə, ABŞ və Avropa Ukraynadakı separatçılara sanksiylar tətbiq etdi: "Lakin Dağlıq Qarabağdakı erməni separatçılara belə sanksiyalar tətbiq olunmadı, əksinə ABŞ Dağlıq Qarabağdakı erməni separatçılara yardım göstərdi, o yardımlar da silahlanmaya yönəldilir. Biz istəyirik ki, dünya bunu bilsin. Bu ikili standartlar aradan götürülsün. Azərbaycan xalqının haqq səsi eşidilsin. Çünki bu cinayətə - azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımına qiymət verilməsə, bu cinayətlər gələcəkdə daha da arta bilər.

Məsələ bundadır ki, Azərbaycan və Ermənistan prezidentləri dəfələrlə görüşüb, danışıqlar aparıblar. Biz deyirik ki, işğal etdiyiniz Azərbaycan torpaqlarını azad edin. Ermənistan isə azad etmir. Belə olan halda işə vasitəçilər qoşulur. Amma vasitəçilər də hər iki tərəfə "bu məsələni özünüz həll edin" deyirlər. Deyirlər "siz oturun arzılığa gəlin, biz də sozə kömək edək". Əgər biz razılığa gələ bilmiriksə, onda vasitəçilər niyə lazımdır?! Əgər bu vasitəçilər Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Ermənistana təzyiq göstərməlidirlər. Onların işi bundan ibarətdir. Amma bura turist səfərləri kimi gəlib-gedirlər, nəticə də yoxdur. Problem bundadır".

Z.Əsgərov xatırladıb ki, Azərbaycan və Prezident İlham Əliyev həmişə bəyan edib ki, biz bu məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq: "Amma Azərbaycan xalqının da bir səbr kasası var. Azərbaycanın çox güclü ordusu var, əgər biz bir daha görsək ki, bu problemin həllində maraqlı deyillər, belə olan halda biz bundan sonra Ermənistanın şıltaqlığına dözə bilmərik. Ən azı indi önündə dayandığımız bu "Ana fəryadı" abidəsi bizi bağışlamaz".

Vitse spiker İranla münasibətlərə də toxunub. O, qeyd edib ki, iranlı həmkarlar ilə əlaqələrimiz var və Ermənistanla İran arasındakı isti münasibətlə bağlı dəfələrlə məsələ qaldırılıb.

"Biz bunu anlamırıq. Ancaq onlar bizə deyirlər ki, bu bizim daxili işimizdir və buna heç kim qarışa bilməz. Bu onların müstəqil siyasətidir. Bəzən deyirlər ki, niyə İsrail ilə əlaqələriniz var. Bu da bizim müstəqil siyasətimizdir".


Teqlər:  





Xəbər lenti