Qanunu pozan dövlət orqanları - SİYAHI

Qanunu pozan dövlət orqanları - SİYAHI
  26 Fevral 2015    Oxunub:3103
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 2014-cü il ərzində dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət sahəsində görülən tədbirlər nəticəsində bir sıra dövlət orqanlarının fəaliyyətində dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması faktları müəyyən olunub.
AzVision.az-ın məlumatına görə, trend-in sorğusuna cavab olaraq Komissiyadan bildiriblər ki, "Dövlət qulluğu haqqında" qanunun 29.2-ci maddəsinin birinci hissəsinə əsasən, dövlət orqanının rəhbəri inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifə yarandığı gündən bir ay ərzində müsabiqənin, ümumi müsahibənin və ya daxili müsahibənin keçirilməsi barədə qərar qəbul etməlidir. Lakin bir sıra dövlət qurumları qanunun bu tələblərini pozublar: “Hesabat dövrü ərzində Təhsil Nazirliyi, Müəllif Hüquqları Agentliyi, Diaspor ilə İş üzrə Dövlət Komitəsi (struktur dəyişikliyi ilə əlaqədar olaraq), Dövlət Mülki Aviasiya Administrasiyası (struktur dəyişikliyi ilə əlaqədar olaraq), Tarif (qiymət) Şurasının Katibliyi (struktur dəyişikliyi ilə əlaqədar olaraq), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyi, Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti, Gəncə Hərbi Məhkəməsi, Ağcabədi Rayon Məhkəməsi, Ağstafa Rayon Məhkəməsi, Astara Rayon Məhkəməsi, Bakı Şəhər Nizami Rayon Məhkəməsi, Bakı Şəhər Qaradağ Rayon Məhkəməsi, Goranboy Rayon Məhkəməsi, İmişli Rayon Məhkəməsi, Kürdəmir Rayon Məhkəməsi, Saatlı Rayon Məhkəməsi, Samux Rayon Məhkəməsi, Ucar Rayon Məhkəməsi, Xızı Rayon Məhkəməsi, Xocavənd Rayon Məhkəməsi tərəfindən həmin orqanlarda inzibati vəzifələrin beşinci-yeddinci təsnifatlarına uyğun olan vakant vəzifələr olduğu halda, qanunvericiliyə uyğun olaraq müvafiq vəzifələrin tutulması ilə bağlı müsabiqənin və ümumi müsahibənin keçirilməsi barədə qərar qəbul edilməyib.

Dövlət qulluğuna qəbulla bağlı müsabiqə və müsahibələrin 2007-ci ildən keçirilməsinə baxmayaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən bu günə kimi həmin orqanda mövcud olan vakant vəzifələr qanunvericiliyə uyğun olaraq tutulması məqsədilə Komissiyaya təqdim edilməyib. Bununla da "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinin birinci hissəsinin tələbləri pozulub”.

Komissiyadan həmçinin bildiriblər ki, "Dövlət qulluğu haqqında" qanunun 28.6-cı maddəsinə əsasən, dövlət orqanının rəhbəri namizədlərin təqdim olunduğu gündən 10 iş günü müddətində qəbul etdiyi müvafiq qərar barədə Komissiyaya məlumat verməlidir. Lakin bu qaydaya heç də bütün dövlət qurumları əməl etməyib: “4 və 25 oktyabr, 5 və 20 noyabr 2013-cü il tarixlərdə elan edilmiş və 2014-cü ildə yekunlaşmış müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı qərarın qəbul edilməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən 8 ay, Səhiyyə Nazirliyi tərəfindən 4 ay, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən 25 iş günü, Dövlət Baytarlıq Xidməti tərəfindən 10 iş günü, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 4 ay, Energetika Nazirliyi tərəfindən (struktur dəyişikliyi ilə əlaqədar olaraq) 1 ay, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən (struktur dəyişikliyi ilə əlaqədar olaraq) 2 ay, Maliyyə Nazirliyi tərəfindən isə 53 iş günü müddətində gecikdirilib.

1, 23 və 30 aprel, 20 may, 13 iyun 2014-cü il tarixlərdə elan edilmiş müsabiqələrdən müvəffəqiyyətlə keçmiş namizədlərlə bağlı müvafiq qərarın qəbul edilməsi Satınalmalar üzrə Dövlət Agentliyi tərəfindən 43 iş günü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 41 iş günü, Prezident yanında Ali Attestasiya Komissiyası tərəfindən 38 iş günü, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 33 iş günü, Nəqliyyat Nazirliyi tərəfindən 31 iş günü, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi tərəfindən 25 iş günü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 22 iş günü, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 21 iş günü, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 4 ay, Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən 30 iş günü, Neftçala Rayon Məhkəməsi tərəfindən 28 iş günü, Gəncə Şəhər Nizami Rayon Məhkəməsi tərəfindən 16 iş günü, Tovuz Rayon Məhkəməsi tərəfindən 15 iş günü, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 12 iş günü müddətində gecikdirilib”.

Bundan əlavə, "Dövlət qulluğu haqqında" qanunun 28.6-cı maddəsinə əsasən dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək vakant vəzifəyə təyin etməlidir. Lakin bu sahədə də pozuntular aşkar edilib: “7 may 2013-cü il tarixdə elan edilmiş müsabiqə üzrə uğur qazanmış namizədlərin təyinatları Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2014-cü ilin aprelində yekunlaşıb. Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzinin Dövlət mülkiyyətinə keçən əmlakın satışı üzrə hərracların təşkili şöbəsində vakant aparıcı məsləhətçi vəzifəsi üzrə müvəffəqiyyət əldə etmiş iki namizəddən biri başqa dövlət qulluğu vəzifəsinə təyin edilib, digər namizəd isə iddia etdiyi vəzifəyə təyin edilməyərək ehtiyat kadrlar siyahısına daxil edilib.

Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Kargüzarlıq və vətəndaşların müraciətlərinə baxılması şöbəsində vakant baş məsləhətçi vəzifəsi üzrə 7 may 2013-cü il tarixdə elan edilmiş müsabiqədə müvəffəqiyyət əldə etmiş iki namizəddən biri müvafiq vakant vəzifəyə təyin edilməyib, digər namizədin sənədləri isə ehtiyat kadrlar siyahısına daxil edilməsi üçün Komissiyaya təqdim edilib.

1 aprel 2014-cü il tarixdə elan edilmiş müsabiqədə Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyində Malların (işlərin və xidmətlərin) satın alınmasının tənzimlənməsi şöbəsinin Elektron məlumat bazasının təşkili sektorunun aparıcı məsləhətçisi vəzifəsi üzrə müvəffəqiyyət əldə etmiş namizəd vakant vəzifəyə təyin edilməyib. Bununla da göstərilən dövlət orqanları tərəfindən qeyd olunan qanunun 28.6-cı maddəsinin tələbləri pozulub.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bəyan edir ki, qeyd edilən hallar dövlət qulluğunun nüfuzunu aşağı salaraq vətəndaşların dövlət orqanlarına olan etimadını sarsıdır.


Teqlər:  





Xəbər lenti