“Sirr” serialının uğursuzluğu qaçılmaz oldu”

“Sirr” serialının uğursuzluğu qaçılmaz oldu”
  18 Fevral 2013    Oxunub:3336
“Azərbaycan, hələ serial mədəniyyətinə gəlib çatmayıb. Hər şeydə olduğu kimi, bu sahədə də gecikirik, geri qalırıq. Azərbaycanda serial çəkilişlərinə hələ yeni öyrənilir, mənimsənilir. Bunu nəzərə alaraq vəziyyətə azacıq alicənablıqla yanaşmalıyıq”.
Bu sözləri tanınmış kinossenarist Ramiz Fətəliyev həmmüəllifi olduğu (digər müəllif Yefim Abramovdur) “Sirr” teleserialından danışarkən deyib. Onun sözlərinə görə, serialın uğursuzluğunun səbəbi ssenaridə sonradan edilmiş dəyişiklərdir:
- Çəkiliş meydançasında çalışan hər bir kəs - prodüserdən tutmuş siravi işçilərə qədər layiqli, dəyərli insanlardır. Lakin buna rəğmən, “Sirr” serialının uğursuzluğu qaçılmaz oldu. Serial heyəti dolaşığa düşdülər. Hansısa məqamlarda tamaşaçının nələri qəbul edib-etməyəcəyi barədə düşüncələrə vardılar. Nədənsə onlara qəfil elə gəldi ki, süjetdə yazılandan artıq göz yaşı, hindsayağı dönüşlər olmalıdır. Yalnız bu halda daha çox tamaşaçı çəlb olunacaq, nəinki ssenaridə yazıldığı kimi ekranlaşdırılsa. Və edilən dəyişiklilər gördüyünüz nəticəyə gətirib çıxardı. Əlbəttə, bu dəyişikliklərə görə kimsəni nə ittiham, nə təqdir edirəm, mən sadəcə faktları təsdiqləyirəm. Ssenari həmmüəllifi olaraq da sözügedən serialın tamlığına cavabdehlik daşımıram.
R.Fətəliyev, ssenaridəki dəyişikliklərin kifayət qədər əhəmiyyətli olduğunu bildirdi: “Ssenari - evdir. Hörgüdən bir kərpici çıxarsan, ev mütləq uçacaq. Düzdür, çıxardığın kərpicləri evin başqa yerinə qoymaq, bununla nəyisə yaxşılaşdırmaq mümkündür, amma bu, artıq memarlıq tikilisi yox, uydurma bir şey olacaq. “Sirr” serialı da həmin evi xatırladır”.
Kinossenarist hesab edir ki, Azərbaycanda serial mədəniyyətinin formalaşması üçün zaman və təcrübə keçililməlidir: “Səbr etmək lazımdır. Yerli seriallarımızı çəkmək əla fikirdir. Amma özümüzünküləri çəkməyi öyrənənə qədər dözməliyik. Serial tammetrajlı filmlərdən çox fərqlənir. O baxımdan ki, serialda tamaşaçını 30, 40, 50, 100 seriya boyunca gərginlikdə saxlamaq lazımdır. Əhvalat – serial kinoromandır, adi film isə kinopovest. Hər bir janrın da öz qanunları var”.

Sevdacan Babayeva


Teqlər:  





Xəbər lenti