Anasına görə siyasətə gələn Nemtsov... - DOSYE (FOTO+VİDEO)

Anasına görə siyasətə gələn Nemtsov... - DOSYE (FOTO+VİDEO)
  28 Fevral 2015    Oxunub:13791
Rusiyanın müxalifət liderlərindən olan, tanınmış siyasətçi Boris Nemtsov bu gecə Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən qətlə yetirilib. Nemtsovun dəhşətli qətlinin kimlər tərəfindən törədilməsi müəmmalı olaraq qalır. Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Hazırda bütün dünya bu olaydan danışır.

AzVision.az qətlə yetirilən müxalifət liderinin avtobioqrafiyasını təqdim edir:

Nemtsov kim idi?

O, 1959-cu ildə oktyabrın 9-u Soçi şəhərində anadan olub. Nemtsovun anası pediatr, atası isə tikinti komitəsinin müavini vəzifəsini daşıyıb. Borisin məktəb illəri Qorki şəhərində keçib. Məktəbi bitirdikdən sonra o, Qorki şəhərində Universitetə, radiofizika fakültəsinə daxil olub və 1981-ci ildə buranı bitirib. Daha sonra dissertasiya müdafiə etsə də, həmin vaxt elmlə deyil, siyasətlə maraqlanmağa başlayır.

Boris Nemtsovun karyerası

1988-ci ildə Borisin anası Qorki şəhərində atom energetika stansiyasının işə salınmasına qarşı hərəkata rəhbərlik edir. Nemtsova həkim kimi radiasiya təhlükəsini bildirdi. Boris özü də bu hərəkata aktiv şəkildə qoşulub. Sonralar Boris KİV-ə verdiyi müsahibələrində onu siyasətə məhz anasının gətirdiyini bildirib.



Sonralar gənc alim o qədər şöhrət qazanır ki, 1989-cu ildə onun namizədliyi SSRİ deputatlığına irəli sürülür. 1990-cı ildə o, Rusiya Federasiyasının Qorki dairəsi üzrə deputatı olur. Bir il sonra isə o, Boris Yeltsinin Qorki dairəsi üzrə səlahiyyətli nümayəndəsi kimi prezident seçkilərində iştirak edir.

1991-ci ilin avqustunda baş verən qiyam Nemtsovun siyasi karyerasında əhəmiyyətli rol oynayıb. O, həmin vaxt Ağ Evin qarşısında olub və müdafiədə iştirak edib.

Karyerasında yüksəlişlər: Qubernator Nemtsov

1991-ci ildə Yeltsinlə tanışlığı sayəsində Boris onun Nijeqorodsk vilayətində etibarlı nümayəndəsinə çevirilir. Bir müddət sonra isə Borisin tutduğu vəzifənin adı dəyişdirilir və o, qubernator olur. İki ol sonra isə deputat seçilir.



Siyasətçi 1995-ci ildə ikinci dəfə keçirilən qubernator seçkilərində qalib gəlib. Lakin onun karyerasında mənfi hadisələr də olub. Belə ki, canlı efirdə Vladimir Jirinovski ilə gərgin diskussiyalardan sonra bir-birinə üzərinə şirə, stəkan atıblar. Bu hadisədən sonra Nemtsovun reytinqi daha da artır. KİV siyasətçini ən sərbəst və müstəqil regional rəhbərlərdən biri adlandırır.

Nemtsovun Moskvadakı fəaliyyəti

Nemtsov 1997-ci ildə qubernator vəzifəsini tərk edərək, federal hökumətdə birinci vitse-prezident olur. 1997-ci ilin aprel-noyabr aylarında eyni zamanda yanacaq və sənaye naziri vəzifəsini də icra edib. O, həmin vaxt ən gənc məmur olub.



1998-cilin yazında siyasətçi maliyyə-iqtisadi bloka keçirilib. Avqust defoltundan bir müddət sonra isə istefa verib. Sonralara KİV-ə müsahibəsində Nemtsov bildirirdi ki, hökumətə keçidi onun böyük səhvi idi. Çünki bundan sonra irəli getmək imkanını itirmişdi.

Hökumətdən sonra

Hökumətdən getdikdən sonra Boris “Gənc Rusiya” hərəkatını yaradıb və rəhbərlik edib. Bu hərəkat daha sonra “Sağ Qüvvələr İttifaqı”na (SQİ) daxil olub. Nemtsov SQİ-dən Dövlət Dumasına deputat seçilib və parlamentinin aşağı palatasının sədrinin müavini vəzifəsini tutub.

2003-ci ildə Dumaya keçirilən seçkilərdə SQİ məğlub olur. Nemtsov bu məğlubiyyətə görə məsuliyyəti öz üzərinə götürür və mövqeyini tərk edərək, bizneslə məşğul olmağa başlayır.



2004-cü ildə Nemtsov Ukraynada baş verən “Narıncı inqilab”ı açıq şəkildə dəstəkləyib. Bundan sonra o, Ukrayna prezidentinin qeyri-rəsmi müşaviri olub.

2008-ci ildə Rusiyada keçirilən prezident seçkilərində “SQİ” Boris Nemtosun namizədliyini irəli sürür, lakin həmin vaxt onun reytinqi bir faizdən də aşağı idi. Nemtsov hələ seçkiöncəsi kampaniya başlayana qədər namizədliyini geri götürür.

2008-ci ildə SQİ partiya kimi ləğv olunur və onun əvəzinə “Düzgün iş” (Pravoye delo) partiyası təşkil edilir. 2009-cu ildə Nemtsov Soçi şəhər meri vəzifəsinə keçirilən seçkilərdə namizədliyini irəli sürür. Ekspertlər onun bu addımını PR-aksiya adlandırırlar. Seçkilərdə Nemtsov ikinci yeri tutaraq, 14 faizdən aşağı səs toplayır.

2012-ci ildən etibarən Nemtsov “Rusiya Respublika partiyası – Xalq Azadlığı partiyası”nın həmsədri və hazırkı Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini tənqid edən bir sıra korrupsiya hesabatlarının müəllifi olub.

8 sentyabr 2013-cü ildə keçirilən regional seçkilərdə Yaroslav Vilayət Dumasının deputatı seçilib.

Boris Nemtsovun şəxsi həyatı



Ailəlidir. Həyat yoldaşı Raisa Axmetovna, bu nikahdan olan övladı isə qızı Jannadır.

Bundan əlavə, Nemtsovun Nijni Novqorodda tanış olduğu jurnalist Yeketerina Odinçevadan iki övladı var: Oğlu Anton (1995) və qızı Dina (2002). Daha sonra Odinçeva Moskvaya köçüb və televiziya aparıcısı işləyib.

Siyasətçinin katibəsi İrina Korolevadan da Sofiya (2004) adlı qızı var. Onun katibəsi daha əvvəl Rusiya Prezident Administrasiyasında işləyib.

Nemtsovun sözlərinə görə, 2007-ci ildən həyat yoldaşı Raisa ilə yaşamır, lakin boşanmaq niyyətində də olmayıb.

Jurnalist və yazıcı İqor Svineranko iddia edir ki, Nemtsovun 50 illik yubileyində onun bütün övladları və qadınları iştirak edib.

Nemtsov tennislə maraqlanırdı, o dəfələrlə Boris Yeltinlə tennis oynayıb. “Range Rover” markalı avtomobili var idi. Fizika-riyaziyyat elmlər namizədi idi, 60-dan çox elmi işin və bir neçə ixtiranın müəllifidir.

* * *

Xatırladaq ki, Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov bu gecə Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. Bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Rusiya istintaq komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin baş verən cinayətlə bağlı açıqlama verib ki, Boris Nemtsova naməlum şəxslər 7-8 dəfə atəş açıblar. Markin bildirib ki, Nemtsov qətlə yetirilən gün Kiyevdən Moskvaya gəlib.

Qatillərin tutulması ilə bağlı xüsusi əməliyyat planı hazırlanıb. Hadisə ilə bağlı Prezident Vladimir Putinə dərhal məruzə olunub. Bu barədə açıqlama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: “Vladimir Putin qətli sifariş və təxribat xarakteri daşıdığını bildirib. Prezident B.Nemtsovun qətli ilə bağlı istintaq qrupu yaratmağı və baş vermiş cinayəti şəxsi nəzarətə götürməyi tapşırıb”.

Rusiya Daxili İşlər Nazirliyinin xüsusi nümayəndəsi Yelena Alekseyeva cinayətin baş verdiyi yerə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən baxış keçirildiyini diqqətə çatdırıb. Y.Alekseyeva jurnalistlərə bildirib ki, naməlum şəxslər ağ rəngli avtomobildən B.Nemtsova bir neçə dəfə atəş açıblar və o, hadisə yerində keçinib.







Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti