Azərbaycan daha 3 "Boeing" təyyarəsi alır

Azərbaycan daha 3 "Boeing" təyyarəsi alır
  28 Fevral 2015    Oxunub:1646
“Boeing” Korporasiyası ilə “Silk Way Group” əməkdaşlığın yeni mərhələsinə qədəm qoyublar. Belə ki, Azərbaycan hava məkanında yükdaşıma sahəsində liderliyini qoruyub saxlayan, “Boeing” təyyarələrinin daimi istifadəçisi olan “Silk Way Group” yeni hava gəmilərinin alınması məqsədilə fevralın 27-də “Boeing” Korporasiyası ilə daha bir sənəd imzalayıb. 1,1 milyard ABŞ dolları dəyərində olan müqaviləyə əsasən “Silk Way Group” “Boeing” Korporasiyasından daha 3 “Boeing-747-8” Freigter təyyarəsi alacaq.

AZƏRTAC xəbər verir ki, müqaviləni “Silk Way Group”un prezidenti Zaur Axundov və “Boeing”in vitse-prezidenti Martin Bentrott imzalayıblar. İmzalanma mərasimində “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, ABŞ-ın ölkəmizə yeni təyin olunan səfiri Robert Sekuta və digər rəsmi şəxslər iştirak ediblər.

“Boeing”in Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya bölməsinin satış üzrə vitse-prezidenti Martin Bentrott imzalanma mərasimində bildirib ki, “Silk Way Group” korporasiyanın uzunmüddətli sifarişçiləri arasında xüsusi yer tutur: “Biz “Silk Way Group” ilə əməkdaşlığımızı və onun “Boeing” şirkətinə, o cümlədən “747-8 Freighter” təyyarələrinə etibarını yüksək qiymətləndiririk. Bu gün 3 ədəd yük gəmisinin alınması ilə bağlı müqavilə imzaladıq. Müqavilənin tərəflər üçün uğurlu olacağına inanırıq və qarşılıqlı inamla da əməkdaşlığımızı davam etdirəcəyik”.

Yeni təyyarələrin Azərbaycan üçün əhəmiyyətini vurğulayan “Silk Way Group”un prezidenti Zaur Axundov bildirib ki, aviaşirkət gələn ildən etibarən yükdaşımalar sahəsində dünyada yüksək zirvədə olan məşhur şirkətlərlə bir səviyyəyə çıxacaq. “Azərbaycan bu məbləğdə layihəyə ilk dəfə imza atır. Xarici banklar, beynəlxalq maliyyə qurumları, o cümlədən Amerikanın, Fransanın məşhur bankları layihəmizə böyük maraq göstərirlər. Artıq bizimlə işləmək istəyənlərlə danışıqlara başlamışıq”, - deyə “Silk Way Group”un prezidenti vurğulayıb.

Z.Axundov qeyd edib ki, bu ilin yanvarında “Silk Way Group” ilə Amerikanın “Boeing” Korporasiyası arasında memorandum imzalanmışdı. Bugünkü müqavilə də onun əsasında imzalanıb. “Boeing-747-8F” təyyarələrinin bu ilin avqustunda və gələn ilin avqust, dekabr aylarında ölkəmizə gətiriləcəyi nəzərdə tutulur.

Bu gün “Silk Way Group”un böyük layihələrə, müqavilələrə imza atdığını xatırladan Z.Axundov gələcək planlarından da danışıb: “Hazırda parkımızda 5 “Boeing” təyyarəsi var. Dünyanın ən böyük hava limanlarına uçuşlar həyata keçiririk. Qərbdə Milana, Frankfurta, Londona, İstanbula, Şərqdə isə Honq-Konqa, Şanxaya müntəzəm reyslər təşkil edirik. Tokio şəhərinə də uçuşlar keçirəcəyik. Birləşmiş Ştatlarla isə danışıqlarımız davam edir. Əminəm ki, bu yaxınlarda Azərbaycanla ABŞ arasında “açıq səma” müqaviləsi imzalanacaq. Bu müqavilə bağlanandan sonra biz Azərbaycandan və digər ölkələrdən okeanın o tayına da uçuşlar həyata keçirəcəyik”.

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalanma mərasimini ölkələrimiz arasında dərin əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Diplomat bildirdi ki, ABŞ-la Azərbaycan bir çox sahələrdə əməkdaşlıq edir, bu sahədə də əlaqələrin müəyyən tarixi var. “Biz bu gün uğurlu saziş imzaladıq. Bunun Azərbaycan iqtisadiyyatına dəyərli töhfə verəcəyinə əminəm. Bu müqavilə tarixi İpək Yolunun inkişafında da öz rolunu oynayacaq”, - deyə amerikalı diplomat vurğulayıb.

Bakı artıq dünyanın logistika və nəqliyyat mərkəzinə çevrilib. Respublikada yük daşımaları artır və Azərbaycan tranzit ölkə kimi öz imkanlarını genişləndirir. “Silk Way” də bu sahədə böyük uğurlar qazanıb. Müxtəlif istiqamətlərdə uçuşlar həyata keçirən “Silk Way” həm humanitar, həm də dövlət yüklərinin fasiləsiz daşınmasını təmin edir. “Silk Way Group” hazırda 23 şirkəti özündə birləşdirir. Aviaşirkət “Boeing-747-400” Freighter və “Boeing-747-8” Freighter təyyarələrini istismar edir. Sonuncu təyyarə Freighter yük aviadaşıyıcılarına ən aşağı səviyyəli istismar xərcləri və böyük yük hava gəmiləri sinfində maksimal qənaətcillik, həmçinin səmərəli ekoloji göstəriciləri təmin edir. Yük həcminə görə “Boeing-747-8” digər təyyarələrlə müqayisədə gəliri 16 faiz artırmağa imkan verir.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/835804


Teqlər:





Xəbər lenti