`Azərbaycan – fotoobyektivdə`(FOTOLAR)

`Azərbaycan – fotoobyektivdə`(FOTOLAR)
  03 Mart 2015    Oxunub:2157
Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunları Londonun nüfuzlu “OXO” qalereyasında diqqət mərkəzində olub.
27 fevral tarixində açılışı baş tutmuş “Azərbaycan fotoobyektivdə” adlı sərgidə eyniadlı idman foto müsabiqəsində iştirak edən 10 ölkədən olan 50 fotoqrafın təqdim etdiyi 300 fotoşəkildən 65-i nümayişə çıxarılıb. Sərgi və müsabiqə Bakı-2015 Avropa Oyunları Təşkilat Komitəsinin (AOTK) dəstəyi ilə Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunub.

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan fotoobyektivdə” adlı fotomüsabiqənin nəticələri dekabrın əvvəlində elan olunub. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına həsr olunub. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edir.

Birinci yeri təcrübəli azərbaycanlı idman fotoqraf Dilavər Nəcəfov “Şöhrətə doğru” adlı fotoşəklinə görə tutub. Burada o, bədii gimnastikanın yüksək atletizmə malik olmasını göstərməyə çalışıb. Dilavər Nəcəfov 20 ilə yaxın müddətdə Azərbaycan Gənclər və İdman Nazirliyinin fotoqrafı vəzifəsində çalışıb.

İkinci yerə fransalı fotoqraf və videoqraf Pol Robion “İpanema - Rio de Janeyro” adlı fotoşəklinə görə sahib çıxıb. Bu fotoşəkildə xatirə oyadan, sepiya tonlu (ağ-qara) siluetlərlə Braziliyada futbolun həddindən artıq populyarlığı həkk olunub. Bu şəkil həmçinin Avropa Oyunlarını Rio-2016 Yay Olimpiya Oyunları ilə əlaqələndirir.

Üçüncü yeri azərbaycanlı həvəskar fotoqraf Rüfət Abasın“Yekun təlimat” adlı fotoşəkli tutub. Bu şəkildə avtomobil yarışının əvvəlində gərgin anlar öz əksini tapır.

Tədbirin açılış mərasimində çıxış edən TEAS-ın direktoru Lionel Zetter bildirib ki, Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycanın idman həyatında tarixi hadisə olacaqdır. Azərbaycan kimi gənc və dinamik ölkə üçün bu səviyyədə beynəlxalq idman yarışını təşkil etmək üçün ilk fürsətdir.

L.Zetterin sözlərinə görə, Bakının Avropa Oyunlarına ev sahibliyi etməsi Azərbaycanın ümumbəşəri dəyərlərə sadiqliyini nümayiş etdirir.

Məlumat üçün bildirək ki, münsiflər heyətinin tərkibinə tanınmış amerikalı fotojurnalist, “VII Foto” agentliyinin təsisçilərindən biri və 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi Ed Kaşi, Maykl Cekson, Ledi Qaqa və Sofi Loren kimi məşhurların foto portretlərinin müəllifi kimi məşhurlaşan alman fotoqrafı Filip Ratmer və bir çox beynəlxalq mükafatlara layiq görülən azərbaycanlı fotoqraf Əğdes Bağırzadə daxil idi.

Qalereya




Teqlər:  





Xəbər lenti