Əsl deputat necə olmalıdır?
Maraqlıdır ki, seçkiöncəsi səs almaq üçün əldən-ayaqdan gedən bəzi namizədlər nədənsə mandat alandan sonra verdiyi vədlərə əməl etmir, seçicilərin müraciətlərinə laqeyd münasibət göstərirlər. Bu isə insanlarda inamsızlıq yaradır. Vətəndaşlar öz vəkilini seçərkən dilemma qarşısında qalır, bilmirlər kimə səs versinlər...
Bəs, əsl deputat necə olmalıdır?
AzVision.az bu sualla tanınmış şəxslərə müraciət edib.
Xalq artisti Flora Kərimova deputatların iki hissəyə bölündüyünü deyir. Onun sözlərinə görə, bəzi deputatlar heç nə etmirlər və yalnız özlərinə işləyirlər.
Media üzrə ekspert Zeynal Məmmədli isə hesab edir ki, deputatın necə olması Azərbaycan qanunvericiliyində öz əksini tapıb. Bundan başqa ekspert hesab edir ki, hər bir insanın seçdiyi deputatdan gözləntiləri olur. Yəni əsl deputat cəmiyyətin həyatı ilə yaşamağı bacaran, dünyada gedən prosesləri anlayan olmalı, onun üçün insan ön planda olmalıdır: “Bir az idealist, bir az realist, amma eyni zamanda hansı sahəni təmsil edirsə, o sahənin üstün bilicisi, cəmiyyətdə sayğısı olan, korrupsiyaya nifrət edən olmalıdır”.
Politoloq Elxan Şahinoğlu deputatın qanunvericiliklə məşğul olmasını, ölkənin ictimai-siyasi həyatında fəal olmasını önəmli hesab edir: “Lakin deputatın əsas işi Parlamentdə qanunvericiliklə məşğul olmaq, hökuməti nəzarətdə saxlamaqdır. Qanunverici orqanda çalışanların da həm hüquqi, həm də iqtisadi bilikləri mükəmməl olmalıdır”.
Politoloqun sözlərinə görə, seçkilərdə qalib gəlmiş millət vəkili hər dəfə seçicisinin bir problemini gündəliyə çıxarsa belə, onun həlli praktik cəhətdən çox çətindir: “Amma proporsianal seçki olsaydı, yəni partiya siyahıları ilə, o zaman partiyalar seçiciləri qarşısında üzərinə məsuliyyət götürür və proqramla çıxış edir. Biz də bəyənib-bəyənmirik və buna uyğun onları ya seçir, ya da seçmirik. Partiyalar da bu məsələləri parlamentdə qaldırıb müzakirə edirlər. Lakin bir-iki deputat, bizim ürəyimizdən keçən məsələləri Milli Məclisdə qaldırsa belə, bu o demək deyil ki, bu geniş müzakirələrə səbəb olacaq və ya qəbul olunacaq. İndiki halda da deputatlar seçiciləri ilə daim ünsiyyətdə olmalı, hətta mümkün deyilsə belə, seçicilərin istək və arzularını gündəlik iclaslarda gündəmə gətirməlidir. Məsələn, bu günlərdə ən aktual məsələ manatın devalvasiyasıdır. İnsanların əsas istəyi nədir, hökumətdən hesabat tələb edirlər. Niyə Mərkəzi Bankın sədri iki həftə öncə başqa cür danışırdı, iki həftədən sonra başqa qərar verdi. Amma şəxsən mən müşahidə etmədim ki, Mill Məclisdə bu məsələ ciddi qaldırılsın və müzakirə mövzusu olsun və ya Mərkəzi Bankın rəhbərliyindən hesabat tələb olunsun”.
Millət vəkili Zahid Orucun fikrincə, əsl deputat seçildiyi ərazini bir coğrafiya olaraq tanımalı, insanların, əhalinin ən qabarıq problemlərinin xəritəsinə bələd olmalıdır. Deputatın sözlərinə görə, əsl millət vəkili insanlarla ünsiyyət saxlamalı, həmin problemləri dövlətin görə biləcəyi bir təşəbbüsə, proqrama, layihəyə çevirməklə onların həll olunmasında addımlar atılmalıdır.
“Bütün bunların zəmnində hökumət strukturları ilə daimi təmaslarını təmin etməlidir. Həmçinin o, müxtəlif şəkildə hüquqlarına, haqlarına təsir göstərmiş insanların qorunmasında iştirak etməlidir. İkinci böyük tələb isə, beynəlxalq əlaqələrdə yer tutmaqdır. Azərbaycanın parlament diplomatiyasına tövhə verməyi bacarmalıdır. Beynəlxalq tələbləri bilməli, izləməli və buna adekvat olaraq Azərbaycanın maraqlarını qorumalıdır”.
Z.Oruc hesab edir ki, parlament üzvünün özünə məxsus obrazı var. Bu illər ərzində ona uyğun olan son dərəcə istedadlı, qabiliyyətli, millət adına çox böyük işlər görmüş və jurnalistlər tərəfindən obyektiv keçirilən sorğularda hər zaman ilin millət vəkilləri seçilmiş o insanları millətimiz də həqiqi parlamentari kimi qəbul etməlidirlər”.
Gültəkin ƏLƏSGƏR
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


