Əlillərlə bağlı müşavirə

Əlillərlə bağlı müşavirə
  05 Mart 2015    Oxunub:1496
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar əlillik təyinatı üçün səhiyyə müəssisələri tərəfindən göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi nəticələrinin müvafiq beynəlxalq təsnifata uyğun rəsmiləşdirilməsi məsələlərinə həsr olunmuş müşavirə keçirilib.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a bildiriblər ki, tədbir Bakı, Sumqayıt, Abşeron, Xızı şəhər və rayonları üzrə Tibbi-Sosial Ekspert Komissiyalarının (TSEK), səhiyyə müəssisələrinin və həkim-məsləhət komissiyaları sədrlərinin və əməkdaşlarının iştirak ilə keçirilib.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov tibbi-sosial ekspertiza sahəsində aparılan islahatları diqqətə çatdırıb. Ötən il ƏƏSMN-in Mərkəzləşdirilmiş İnformasiya Sistemində tibbi-sosial ekspertiza və reabilitasiya alt sisteminin yaradıldığını bildirən N.Məmmədov nazirliyin Kollegiyasının qərarına əsasən, 2014-cü ilin iyul ayının əvvəlindən həmin sistemin pilot olaraq tətbiqinə başlandığını, habelə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası yaradıldığını qeyd edib.

Nazir müavini bu yeni sistemin əlillik təyinatı prosesi zamanı aidiyyəti qurumlar arasında müvafiq məlumatların elektron mübadiləsinə, bu prosesin avtomatlaşdırılmasına xidmət etdiyini vurğulayıb. Tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarına bu sistemdə işləmək üçün elektron imzalar verilib, treninqlər vasitəsilə onlar sistemdə işləmək bacarıqlarına yiyələniblər. Digər tərəfdən, elektron-informasiya sisteminin tətbiqi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən də müvafiq işlər aparılıb, əlillik müayinəsi üçün TSEK-lərə göndərişlərin elektron registri yaradılıb və TSEK-lərə göndəriş formaları təsdiq olunub. Artıq cari ilin əvvəlindən əlillik müayinələri üçün TSEK-lər tərəfindən həmin göndəriş formaları elektron formada qəbul edilir.

N.Məmmədov hazırda əlillik təyinatı prosesinin avtomatlaşdırılması ilə əlaqədar səhiyyə müəssisələri tərəfindən göndəriş formalarının təkmilləşdirilməsi, müayinə nəticələrinin xəstəliklərin beynəlxalq təsnifatına uyğun rəsmiləşdirilməsi işlərinin aparıldığını bildirib.

Müşavirədə TSEK-lərə göndəriş formalarının təkmilləşdirilməsi, əlillik müayinəsi üçün xəstəlik diaqnozlarının düzgün müəyyən olunması, müayinə nəticələrinin xəstəliklərin beynəlxalq təsnifatına uyğun rəsmiləşdirilməsi və s. məsələlər ətrafında müzakirələr aparılıb, təkliflər səsləndirilib.


Teqlər:  





Xəbər lenti